525.Az

Azərbaycan dilinin saflığının qorunması zamanın vacib tələbi kimi


 

Azərbaycan dilinin saflığının qorunması zamanın vacib tələbi kimi<b style="color:red"></b>

Azərbaycanda dövlət səviyyəsində ana dilinə qayğı hər zaman hiss olunur. Son dövrlərdə dil haqqında verilən sərəncam və fərmanlar bunu bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 17 iyul tarixində "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında" Sərəncamı dövlət dilinin əcnəbi vətəndaşlara öyrədilməsi və təbliği işini daha da sürətləndirəcək. Bu qərara uyğun olaraq tezliklə "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması" layihəsi həyata keçiriləcək.

Dövlət başçısının 1 noyabr 2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da tək-milləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında" verdiyi fərman tarixi əhəmiyyətli qərardır. Yaşadığımız dövrdə müstəqilliyimizin simvollarından olan ana dilinə biganə münasibət yolverilməzdir. Təəssüf ki, istər mətbuatda, istərsə də reklam və afişaların dilində, filmlərin dublyajı zamanı ədəbi dil normaları pozulur. Kü-çələrdə elanlar, reklamlar necə gəldi yazılır, iaşə obyektlərinin adları, restoran və kafelərdə menyular bir çox halda yalnız əcnəbi dillərdə tərtib olunur. Televiziyalar-da yüz illər boyu cilalanmış ədəbi dilimiz bəzən məişət dili səviyyəsində tamaşaçıya çatdırılır. Müxtəlif saytların dilində bəzən ədəbi dil normaları gözlənilmir.

Televiziyalarda ləhcə ilə danışmaq meylləri çoxalıb. Aktyorlar gülüş yaratmaq üçün dialekt faktlarından geniş istifadə edirlər. Halbuki bədii üslubda dialektizmlər o zaman istifadə olunur ki, obrazın dilində fərdilik çalarları görsənsin. Ədəbi dil sanki unudu-lub. Fikrimizcə, artıq bu sahədə təsirli addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mərkəzinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir.

Ana dilinə etinasızlıq millətin özünə etinasızlıq, biganəlik deməkdir. Bu gün res-publikamızın ərazisində fəaliyyət göstərən şadlıq saraylarını əksəriyyətinin adında palas sözü işlədilir. Nəyə görə "şadlıq sarayı" yox, məhz "palas" işlədilməlidir?! Artıq rayonlarda da şadlıq saraylarının adlarını ingilis dilindən gələn "palas" sözü bəzəyir. Belə adlar yüzlərlədir. Nəyə görə "Uşaq dükanı" yox "Baby shop", "Gözəllik salonu" yox "Beauty saloon", "Uşaq oyuncaqları" yox "Baby toys",  "Uşaq aləmi" yerinə "Kids world" yazılmalıdır?!

Dil saf su kimi çirki götürmür, ana dilini yad dillərin məngənəsində sıxmaq olmaz, ana dilinə etinasız münasibət yolverilməzdir. Ana dilində ifadə və sözlərin yerinə ya türk, ya ingilis ya da rus dilinə məxsus sözlərin işlədilməsi heç də müasirlik deyil. Bü gün Bakı şəhərinin istənilən küçəsində Azərbaycan dilinin normalarının pozulmasını çox asanlıqla müşahidə etmək olar. Dövlət Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə diqqətli ya-naşmalıdır.

Azərbaycan Respublikası Prezidentinin fər-man və sərəncamlarında, Azərbaycan Respub-likasının Konstitusiyasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında ana dili ilə bağlı müvafiq müddəalar hər zaman öz əksini tapıb. Təhsil haqqında qanunda da dövlət dilinin hüquqi statusu təsbit olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 2002-ci il, 30 sentyabr tarixli "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun"un 19-cu maddəsində yazılır ki, bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 18.2. maddəsində qeyd edilir ki, Azərbaycan Respub-likasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Bu qanunun 13.1. maddəsində qeyd olunur ki,  Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin qanunun 7.1. maddəsində bildirilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən bö-yük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. 2015-ci il 15 iyulda qəbul olunmuş "Reklam haqqında qanun"un 4.7. maddəsində də həmin müddəa öz əksini tapmışdır. Ancaq küçələrdə bu qanunların pozulmasını hər addımda görürük. Bu isə ürəkaçan hal deyil. Bir çox reklam lövhələrinin dili ancaq əcnəbi dillərdədir.

Televiziyalarda veriliş adlarından tutmuş gözəllik salonlarının, dükanların, müxtəlif xidmət sahələrinin adlarının ingilis dilində verilməsi müşahidə olunur. XX əsrin əvvəllərində M.Cəlilin, F.Köçərilinin, Y.V.Çəmənzəminlinin, Ü.Hacıbəylinin fərya-dına səs vermək lazımdır. Bu ziyalıllar 100 il öncə öz yazılarında süni olaraq başqa dildə danışmağı və yazmağı tənqid edirdilər.

Sahibkar hər hansı bir müəssisə açırsa, həmin müəssisəyə ingiliscə ad qoymağa can atır. Dildə dəbə qaçmaq olmaz, hər hansı bir müəssisənin, xidmət sahəsinin, dükanın, şadlıq sarayının adının ingiliscə yazılması onun brendə çevrilməsi deyil.

Ana dilində gözəl danışmaq yalnız siyasi xadimlərin, şair və yazıçıların və ya ədəbiyyat müəllimlərinin işi deyil. Ana dilində öz fikrini rəvan ifadə etməyi hər bir ziyalı, hər bir vətəndaş bacarmalıdır. Bu, ziyalılarımızın mənəvi borcudur. Azərbaycan ədəbi dilinin yüz illər ərzində cilalanması, yüksək inkişaf xətti keçməsi buna imkan verir. Vaxtilə böyük alman dilçisi V.Humbolt deyirdi ki, dil xalqın ruhudur. Dil xalqın yalnız ruhu yox, həm də genetik qan yaddaşıdır.

2013-cü ildə dil haqqında qəbul olunmuş dövlət proqramının əsas müddəalarından biri ali təhsil müəssisələrində nitq mədəniyyəti dərslərinin aparılmasıdır. Hal-hazırda ali təhsil müəssisələrində ixtisasdan asılı olmayaraq nitq mədəniyyəti dərsləri keçirilir. Ancaq bunlar hələ işin başlanğı-cıdır. Gözəl nitq vərdişlərinə yiyələnmək üçün dərin bədii mütaliə olmalıdır, zəngin söz ehtiyatına yiyələnmək lazımdır. Son dövrlərdə Bakı şəhərində yeni-yeni kitab-xanaların, kitab dükanlarının açılmasını alqışlamaq lazımdır.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci ildə "Azərbaycan dilinin saflığının qo-runması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında" verdiyi fərman əsasında Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi Azərbaycan Respublikasında "Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" və digər qanunvericilik aktlarının ana dili ilə bağlı müddəalarına uyğun olaraq dövlət dilinin müxtəlif xidmət sahələrində tətbiqinə kompleks nəzarətin həyata keçirilməsini təmin edəcəkdir. Ümid edirik ki, Monitorinq Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil və Ədliyyə Nazirlikləri, Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agentliyi, Mətbuat Şurası, Radio və Televiziya Şurası, Bilik Fondu, Tərcümə Mərkəzi və digər müvafiq ali icra orqanları ilə sıx əməkdaş-lıq şəraitində quracaq.

Baba MƏHƏRRƏMLİ 
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





27.11.2018    çap et  çap et