525.Az

El üçün yaşanan ömür


 

El üçün yaşanan ömür<b style="color:red"></b>

Həyatını xalqına həsr edən səxavətli, mərd, dəyərli ziyalı Əmir Quliyevin vəfatından 40 il ötür. 

Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.

(Nizami Gəncəvi)

... İyirmi altı ildir düşmən tapdağı altında qalan, əzəmətli dağların qoynunda yerləşən Laçın rayonu təkcə füsunkar təbiəti - Qırx-qız, Sarıbaba, Çalbayır, Çiçəkli, Kirs, Nərdivan, Tayvuran, Mıxtökən, Keçəl dağ, uca zirvəli Qızıl qaya, əzəmətli Hoçaz dağları, təmiz havası, buz bulaqları ilə deyil, həm də dağ vüqarlı, qeyrətli, vətənsevər insanları ilə də tanınır.

Xalqına başucalığı gətirən və həmişə ehtiramla xatırlanan o cür şəxsiyyətlərdən biri də Əmir Həmzalı oğlu Quliyevdir. Əmir Quliyev 1925-ci ildə Zəngəzur mahalı Laçın rayonunda, ulu babasının saldığı və onun adını daşıyan Hacıxanlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra Şuşadakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olub və oranı əla qiymətlərlə bitirib. 1942-ci ildə yaşı çatmasa da, könüllü olaraq İkinci Dünya Müharibəsinə yollanan, ön cəbhədə vuruşan Əmir Quliyev Stalinqrad uğrundakı qanlı döyüşlərdə ağır yaralanır. Uzun müddət müalicə alır, həkimlərin tövsiyəsilə komandanlıq onu arxa cəbhəyə məsul vəzifəyə yollamaq istəsə də, igid döyüşçü bundan imtina edir. Qismən sağalan kimi o, yenidən ön cəbhəyə yollanır və qələbə gününə qədər döyüşür. Maraqlıdır ki, qələbədən sonra da, 1948-ci ilə qədər Uzaq Şərqdə, Saxalin adasında hərbi xidmətdə olub (Əmir Quliyevin atası 1905, 1915, 1918-ci illərdə erməni daşnaklara qarşı vuruşub). Ordudan tərxis olunub doğma Laçına qayıtdıqdan bir müddət sonra təhsilini davam etdirmək üçün Rusiyanın Stavropol vilayətində Kənd Təsərrüfatı İnstitutuna daxil olan Əmir oranı əla qiymətlərlə bitirib yurduna dönür. O, uzun illər Laçın rayonunun dövlət orqanlarında, təsərrüfat və müəssisələrdə rəhbər vəzifələrdə çalışır. Bacarıqlı təsərrüfat rəhbəri kimi tanınan Əmir Quliyev müharibənin ağrılarını yaşayan rayonda insanların rifah halının yüksəldilməsi, onların evi-eşik qurmaları, yaxşı yaşamaları, üçün gecə-gündüz çalışır, böyük əmək sərf edir. Məhz bunun nəticəsində kolxozçulara hər ilbaşında tonlarla buğda, meyvə, yağ, pendir, digər ərzaq məhsulları və hər ailəyə 12 xırdabuynuzlu heyvan verilməsini təmin edir. Çox keçmir ki, Əmir Quliyev qabaqcıl təsərrüfat rəhbəri kimi rayon sovetinin deputatı və plenum üzvü seçilir. Hələ cavan ikən böyük hörmət qazanan bu səxavətli insan elinə həmişə arxa-dayaq olur, laçınlılara hər cür köməklik göstərirdi. Əmir Həmzalı oğlunun evinin qapısı həmişə hər bir laçınlının üzünə açıq idi. O, ona üz tutan heç kimi ümidsiz, əliboş qaytarmazdı.

Doğma elini vəzifədən üstün tutdu

O zaman Laçına gələn respublika rəhbəri, mərhum İmam Mustafayev Əmir Quliyevin fəaliyyəti ilə maraqlanır. Araşdırıb təhlil etdikdən sonra onun fəaliyyətinə yüksək qiymət veriir. Onun  sədr olduğu kolxozlarda işin düzgün təşkili və qanuna uyğun qurulması komissiya tərəfindən də təsdiqlənir. Əmir Quliyevin uğurlu fəaliyyətinə yüksək dəyər verən İmam Mustafayev onu respublika səviyyəsində məsul vəziyə dəvət etsə də, doğma elinə bağlı olan Əmir Quliyev Laçında qalıb çalışmağa üstünlük verir.

1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçildikdən sonra Azərbaycanın bütün sahələrində böyük inkişaf dövrü başlanır. Əmir Quliyev kimi qabaqcıl kadrlar respublikanın yeni rəhbərinin diqqətindən yayına bilməzdi. Bir müddət sonra Əmir Quliyevin prinsipiallığını, yüksək təşkilatçılıq bacarığını, işgüzarlığını nəzərə alıb onu rayonda fəaliyyəti və səlahiyyət dairəsi genişlənən tədarük idarəsinin direktoru vəzifəsinə təyin edirlər. Laçının iqtisadiyyatının əsasını təşkil edən belə böyük təşkilata rəhbərlik etmək o qədər də asan deyildi. Amma Əmir müəllim  qısa müddət ərzində işgüzar mühit, nizam-intizam yaradaraq bu təşkilatı respublikada qabaqcıllar sırasına çıxarmağa nail olur. Bundan sonra onun qabaqcıl iş təcrübəsi nəzərə alınıb, yenidən respublika miqyasında məsul vəzifəyə irəli çəkmək istəsələr də, Əmir Quliyev doğma Laçında qalıb işləməyə, elinə xidmət etməyə üstünlük verir. Uzun müddət bu müəssisəyə qüsursuz rəhbərlik edən Əmir Quliyev əsas diqqətini yenə də insanlara kömək, xeyirxahlıq etməyə yönəldir. O, dara düşən və ehtiyacı olan, ona pənah gətirənləri heç zaman ümidsiz yola salmırdı. Əmir kişinin bu xüsusiyyətini Laçının qədirbilən insanları, görkəmli ziyalıları, ağsaqqalları bu gün də böyük hörmət və ehtiramla xatırlayırlar. Əslində, çətinə düşənin yanında olmaq, insanlara dayaq olmaq Əmir Həmzalı oğlunun həyat amalı idi. Ona görə də həmyerliləri Əmir müəllimin bu xüsusiyyətlərinə, ədalətinə güvənir və həmişə onunla məsləhətləşirdilər. Laçında və ətraf bölgələrdə böyük hörmət və nüfuz sahibi olduğu üçün bütün  mübahisəli məsələlər və hətda Qan davaları belə onun bir sözü ilə  qaydasına düşür məsələ barış yolu ilə həll olunurdu.

İki cəbhənin qəhrəmanı

Əmir Quliyevin həm müharibə illərindəki  şücaətini, həm də dinc quruculuq illərindəki uğurlu fəaliyyətini dövlət yüksək qiymətləndirib. O, müxtəlif orden və medallarla, fəxri fərmanlarla təltif olunub. Qısa, amma mənalı və şərəfli həyat yolu keçən dəyərli ziyalı Əmir Quliyev haqqında Laçının diyarşünaslıq muzeyində xüsusi guşə yaradılıb. Çox təəssüf ki, Laçın işğal olunanda digər qiymətli eksponatlar kimi bu sənədlər də erməni vəhşiliyinin qurbanı oldu. Əmir Quliyevin müharibədə aldığı ağır yaralar, quruculuq illərində gərgin fəaliyyəti onun səhhətində müəyyən izlər buraxır. 1978-ci ildə, ömrünün ən məhsuldar və müdrik çağında el üçün döyünən böyük ürəyi iş otağında qəflətən dayanır. Əmir müəllimin dəfni Laçında böyük hadisəyə çevrilir. Onu bir əsgər kimi son mənzilə yola salmaq üçün rayon hərbi komissarlığı qarşısında vida mərasimi keçirilir. Bu xeyirxah insanla vidalaşmaq üçün rayon mərkəzindən, yaxın-uzaq kəndlərdən, ətraf bölgələrdən böyük insan seli axışıb gəlmişdi. Əmir Quliyev ömrünün son anlarında da el-obasından səxavətini əsirgəmədi. O, evində saxladığı 96 vərəqlik şagird dəftərinin axırıncı səhifəsinə bu sözləri yazmışdı: "Mənim heç kimə borcum yoxdur! Bu dəftərdə adı keçən və ümumən mənə borcu olan insanların borclarına halalıq verirəm və birdəfəlik hamısını bağışlayıram və borcu onlara hədiyyə edirəm! Əgər mənim ailəmdən və doğmalarımdan kimsə, nə zamansa həmin borcları geri tələb etsə, həmin insanların mənə borclu olmasını onların üzlərinə desə, babalım onun boynuna! 21 sentyabr 1978-ci il saat 14:00".

Məşhur fransız yazıçısı Viktor Hüqo yazır ki, mən 50 yaşına qədər adıma xidmət elədim ki, 50-dən sonra adım mənə xidmət etsin. Əmir Quliyevin qısa, lakin mənalı ömür yoluna nəzər salanda Viktor Hüqonun bu sözləri yada düşür. Əmir müəllim gözəl ailə başçısı və 6 övlad atası olmaqla yanaşı, milli-mənəvi dəyərlərə həmişə böyük sayğı ilə yanaşan kişi, əsl Azərbaycan ziyalısı idi.

Onun layiqli davamçıları var

Bu gün ömrünün 88-ci payızını yaşayan Əmir Quliyevin həyat yoldaşı öz dövrünün adlı-sanlı adamı, xeyriyyəçiliyi ilə tanınan Fərrux kişinin qızı, Seyid Lazım ağanın bacısı qızı idi. Adilə ana ixtisasca tibb işçisi olub, hazırda təqaüddədir. 6 övlad böyütmüş bu qayğıkeş ana həyat yoldaşının vəfatından sonra üç oğlunun, iki qızının ali təhsil almalarında, müstəqil ailə həyatı qurmalarında böyük fədəkarlıq göstərib. Bu mehriban, alicənab ana da xeyirxah, səxavətli, evinə, ailəsinə möhkəm bağlı  olan əsl Azərbaycan xanımıdır. O da həyat yoldaşı kimi qapısına gələnləri doğması kimi qəbul edib, maddi-mənəvi köməyini əsirgəməyib. Əmir Quliyevin yaxınları, çoxsaylı dostları, onların evində cəmi bir dəfə qonaq olan insanlar hələ də Adilə ananın qonaqpərvərliyindən danışır.

Əmir müəlimin böyük qızı Mahirə Quliyeva ixtisasca qadın həkimidir. Ailəlidir, 3 övladın qayğıkeş anası, 2 nəvənin nənəsidir. Xeyirxah, səxavətli bir ziyalıdır. Uzun illər həkim işləyən həyat yoldaşı ilə birlikdə insanlara tibbi xidmət göstərir, xeyirxahlıqlarını el-obadan əsirgəmirlər. Öz peşəsinin peşəkarı olan Mahirə həkim uzun illər övlad üzünə həsrət qalan bir çox ailəyə böyük sevinc bəxs edib. Onun həyat yoldaşının amalı daim insanlara şəfa vermək və yaxşılıq etmək olub.

Əmir Quliyevin böyük oğlu Vüqar Quliyev ixtisasca hüquqşunas olub. Uzun müddət Ədliyyə Nazirliyində və prokurorluq orqanlarında çalışıb. Vüqar sözün əsl mənasında xeyirxah, alicənab, vətənsevər bir  ziyalı idi. Ehtiyacı olanlara kömək etməkdən yorulmurdu, problemi həll etməyincə rahatlıq tapmırdı. Azərbaycanın ən çətin dövründə, özünün dediyi kimi, göydən başlarına raket və top mərmiləri yağdığı vaxtda iş yerlərini tərk etmədən mərhum prokuror Şükür Rzayevin rəhbərlik etdiyi Qarabağ üzrə xüsusi prokurorluqla prokuror-kriminalist vəzifəsində işləyib. Erməni separatçılarının əsl mahiyyətini üzə çıxaran çoxsaylı hadisələri sənədlərlə sübuta yetirib. Daha sonra o, bir neçə rayonda prokuror köməkçisi vəzifəsində işləyib. Ən böyük arzusu Laçın azad olunandan sonra atasının məzarını ziyarət etmək, Ağanus kəndindəki Turşsu bulağından bir stakan su içmək idi. Amma təəssüf ki, Vüqar Quliyev çalışdığı müddətdə haqsızlıqla üzləşdi, xidmət etdiyi orqandan azad olundu və 50 yaşında ürək tutmasından vəfat etdi. İki övladı atasız qaldı. Özündən sonra bir oğul nəvəsi dünyaya gəldi.

Əmir müəllimin ortancıl oğlu Eldar Quliyev əvvəlcə Laçın RİK-də təlimatçı və memar vəzifələrində çalışıb. 1983-cü ildə Laçın RİK-nin göndərişilə DİN-nə xidmətə qəbul olunub. Uzun illər respublikanın 4 müxtəlif rayonundə və bir şəhərində məsul vəzifələrdə çalışıb, dövlətçiliyə sədaqətlə xidmət edib. Sonuncu iş yeri isə Ulu öndər Heydər Əliyevin şəxsi göstərişi ilə Əlibayramlı (indiki Şirvan) şəhər PŞ-nin rəisi təyin olunur. Eldar Quliyev işi ilə yanaşı, bütün dövlət tədbirlərində və ictimai işlərdə fəal iştirak edir. O, üç daxili işlər nazirinin əmrləri ilə mükafatlandırılıb. Sonuncu tədbir cənab Ramil Usubovun əmrilə Eldar Quliyevin qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikasının daxili işlər orqanlarında yayılması olub. Bu tədbir 1995-ci ilin fevral ayında milli televiziyanın "İnsan və qanun" verilişində Azərbaycan ictimaiyyətinə çatdırıldı. Qədirbilən Əlibayramlı camaatı 1994-cü il sentyabrın 11-də qəzeti vasitəsilə sabiq polis rəisi Eldar Quliyevə öz təşəkkürlərini bildirdi. Mədəniyyət Nazirliyinin rəhbərliyi isə milli mədəniyyətimiz qarşısında xidmətlərinə görə sabiq polis rəisi Eldar Quliyevə 1994-cü ilin sentyabrında təşəkkür məktubu göndərdi. Eldar Quliyev təbiətən dövlətə bağlı, böyük vətənsevər olması ilə yanaşı, həm də mərdliyi, xeyirxahlığı ilə ölkə daxilində və xaricində tanınan bir ziyalıdır. O, Vətənin ən çətin günlərində erməni işğalçılarına qarşı könüllü olaraq vuruşub, əsgərlərimizin silah və ərzaqla təchizatı üçün əlindən gələn köməkliyi edib. Bundan savayı, o, doğma yurd-yuvalarından qaçqın və köçkün düşmüş soydaşlarımıza ilk gündən maddi və mənəvi köməklik göstərmiş, onların yerləşməsində, işə düzəlməsində əlindən gələni etmişdir. Eldar Quliyev müharibə gedən Azərbaycanda həmişə milli barışığın və milli birliyin tərəfdarı olmuşdur. 1993-cü il iyun, 1994-cü il oktyabr və 1995-ci ilin məlum mart hadisələri zamanı onun atdığı addımlar, həyata keçirdiyi tədbirlər qeyd olunanların bariz nümunəsidir.  O, bu barədə mətbuat vasitəsilə öz mövqeyini ölkə ictimaiyyətinə açıq bildirmiş və ölkənin bütün vətəndaşlarını milli barışığa və birliyə səsləmişdir. Eldar Quliyevin Vətəninə, xalqına, dövlətçiliyə etdiyi xidmətləri daha ətraflı "vikipediya ensiklopediya" saytında ətraflı qeyd olunub. Vətənin müdafiə olunmasında sinəsini düşmən gülləsinə sipər edən Eldar Quliyev müstəqilliyin əldə olunmasında, dövlətin qurulmasında və qorunmasında, sabitliyin yaradılmasında əlindən gələni heç bir zaman əsirgəməyib. O, şəxsi timsalında həyata keçirdiyi bu xidmətlərini  sadəcə olaraq həmişə özünə vətəndaşlıq vəzifəsi, ləyaqət borcu hesab edir! Eldar Quliyevin amalı həmişə dövlətçiliyin, milli maraqların, milli birliyin, sabitliyin tərəfində olub. Bu gün də həmin amalın, Azərbaycanın böyük maraqlarının və böyük hədəflərinin tərəfindədir! Bu müqəddəs amallar naminə əlindən gələni əsirgəmir. Dövlət başçısı cənab İlham Əliyev 2004-cü ilin sentyabr ayında humanist addım ataraq ölkədə "Milli barış" elan etdi və hər kəsə xoş məramla barışıq əlini uzatdı. O gündən Eldar Quliyev müharibə şəraitində yaşayan ölkəmizdə sabitlik, milli birlik naminə məlum xoş məramı və ölkə başçısının uğurlu fəaliyyətini, həyata keçirdiyi layihələri səmimi qəlbdən, ardıcıl olaraq dəstəkləyir! Eldar Quliyev hər zaman olduğu kimi, verdiyi sözə, vədinə ləyaqətlə əməl edən və sözü ilə əməli vəhdət təşkil edən bir ziyalıdır. O, daha güclü Azərbaycan quruculuğunun tərəfindədir! Bu müqəddəs amalı dönmədən dəstəkləyən Eldar Quliyevin mövqeyi qəti və dəyişməzdir! Hazırda işsiz olan keçmiş polis zabiti ailəlidir, 2 övladın atası, 4 nəvənin babasıdır.

Əmir Quliyevin kiçik oğlu Həmzalı Quliyev ali təhsilli iqtisadçıdır. Laçının düşməndən qorunmasında yaxından iştirak edib. Rayonun müxtəlif idarə və müəssisələrində məsul vəzifələrdə çalışıb. Sonuncu iş yeri Sumqayıt Soyuducular Zavodunun Laçın filialının direktoru vəzifəsi olub. Ailə ənənəsinə sadiq qalan Həmzalı el-obasına  bağlı, xeyirxah, qonaqpərvər bir ziyalıdır. Həmzalı Əmir oğlu da özündən asılı olmayan səbəblərə görə uzun illərdir ki, işsizdir. O, laçınlıların əksəriyyətinin, tay-tuşlarının, dostlarının böyük hörmət elədiyi insandır. 3 övlad atası, 4 nəvənin babasıdır.

Əmir Quliyevin ortancıl qızı Güləbətin Quliyeva ali təhsilli müəllimədir. Ailəlidir, 2 övlad anası, 4 nəvənin nənəsidir. O da öz növbəsində, xeyirxah və vətənsevər bir ziyalıdır. Həyat yoldaşı ilə birlikdə daim doğmalarına, el-obasına diqqət və qayğı ilə yanaşıb. Bu əqidəni həyat amalına çevirən Güləbətin xanım neçə illər bundan əvvəl Kanadaya köçmüşdür. Hazırda ailəsi ilə Kanadada yaşayıb işləyir.

Əmir Quliyevin kiçik qızı Şəfəq Quliyeva kiçik yaşlarından biliyi, mədəniyyəti, xeyirxahlığı ilə seçilib. Onun xeyirxahlığı, insanpərvərliyi böyüyüb müstəqil həyata qədəm qoyduqdan sonra da davam edir. Laçının işğalından sonra qaçqın düşən yerlilərinə həyat yoldaşı ilə birlikdə həmişə böyük diqqət və qayğı göstərib. Bir sözlə, Şəfəq həkimin və onun həyat yoldaşının ali amalları həmişə insanlara kömək əli uzatmaq, onlara xeyirxahlıqla xidmət etməkdən ibarətdir. Şəfəq Əmir qızı da ixtisasca həkimdir. Ailəlidir, iki övlad anasıdır. O, ailəsi ilə birlikdə uzun illərdir ki, yaşamaq və çalışıb-işləmək üçün Moldovaya köçüb. Hazırda Moldovada yaşayıb işləyən Şəfəq xanım orada Azərbaycanı layiqincə təmsil edir.

Ot kökü üstə bitər

Bir sözlə, Əmir Quliyevin övladları, harda yaşamalarından asılı olmayaraq, atalarının xeyirxah əməllərini daim davam etdirirlər. Ataların dediyi kimi, "Ot kökü üstündə bitər". Əmir müəllimin və onun ailəsinin həyat yolları, övladlarının əməlləri göz önündədir. Bəzi cılız xislətli, bədniyyətli, paxıl və oyunbaz insanların necə düşünməsindən asılı olmayaraq, həqiqət heç bir zaman dəyişmir! Zaman isə ən böyük hakimdir!

Əmir Quliyev gözəl ailə başçısı, xeyirxah, elinin-obasının cəfakeşliyini çəkən bir insan olub. 53 ilik ömründə Vətəninə, dövlətinə, doğma Laçınına və laçınlılara ləyaqətlə xidmət edib. O böyük İnsan bu dünyada şərəflə yaşayıb, şərəflə də haqq dünyasına qovuşub. Böyük Azərbaycan şairi, mərhum Məmmədhüseyn Şəhriyarın sözləridir: "Çalış adın gələndə rəhmət oxunsun sənə". Laçının dəyərli ziyalıları, hörmətli ağsaqqalları, ümumən qədirbilən, əsil-nəcabətli insanları üstündən 40 illik  uzun zaman keçsə də,  bu gün də Əmir Quliyevin insanpərvərliyindən, səxavətindən, xeyirxahlığından, mərdliyindən, alicənablığından ağızdolusu danışır, onu yalnız xoş sözlərlə xatırlayır, əziz xatirəsini uc tutur, ruhuna rəhmət oxuyurlar. Həqiqətən də ulu xalqımızın Əmir Quliyev kimi şanlı həyat yolu keçmiş ziyalılarının, əsl kişilərinin əməlləri gələcək nəsillər üçün bir örnək olmalıdır!

Nizami İSMAYIL

 





27.11.2018    çap et  çap et