525.Az

Əyyub Quliyevin rəhbərliyilə Smolenskdə təntənəli qala-konsert


 

Əyyub Quliyevin rəhbərliyilə Smolenskdə təntənəli qala-konsert <b style="color:red"></b>

Noyabrın 25-də Rusiyanın Smolensk Dövlət Filarmoniyasında təntənəli qala konsert keçirilib.

Smolensk Filarmonik kamera orkestri və Azərbaycanın Əməkdar artisti, Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarəsi altında Azərbaycan, rus və qərb bəstəkarlarının instrumental və vokal əsərləri dinləyicilərə təqdim olunub.

Tədbir Smolensk Dövlət Filarmoniyası, yerli Azərbaycan diasporası və Smolensk Milli Konqresi tərəfindən təşkil edilib. Konsertdə Azərbaycan və Rusiyanın tanınmış musiqiçiləri, beynəlxalq müsabiqələr laureatı - istedadlı pianoçu Səidə Tağızadə və Smolensk Filarmoniyasının solistləri Lyubov Kaşkova (soprano), Olqa Petrova (metso-soprano) və Aleksandr İlyuşenkov (tenor) iştirak etmişlər.

Dirijor Əyyub Quliyev, Smolensk Filarmonik orkestri və solistlərin təqdimatında ilk dəfə bu şəhərdə Azərbaycanın musiqisinin geniş spektri təmsil olunub.

Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə və Fərhad Bədəlbəylinin müxtəlif səpkili əsərləri dinləyicilər tərəfindən böyük diqqət və heyranlıqla qarşılanıb. Konsertin böyük hissəsini əhatə edən Azərbaycan musiqisi ilə bərabər Y.Brams, P.Çaykovski, C.Verdi, C.Puççini, Lara, Biksiu, Kurtisin əsərləri proqramı daha da dolğunlaşdırıb.

Sonda Smolensk Filarmoniyasının bədii rəhbəri Sergey Filin və Smolensk Milli Konqresinin rəhbəri, Humanitar Universitetin rektoru, İctimai Palatanın deputatı Faiq Əliyev keçirilən konsertin özəlliyini, qarşıdakı ümumi lahiyələrin əhəmiyyəti və ifaçıların yüksək professionallığını vurğulayıblar.

Tədbirin sonunda baş tutan görüşdə isə Smolensk Dövlət Filarmoniyasının direktoru Olqa Saxarova və bədii rəhbəri Sergey Filin dirijor Əyyub Quliyevlə pianoçu Səidə Tağızadəni 2019-cu ilin iyununda keçiriləcək M.Qlinka adına Beynəlxalq Musiqi Festivalına dəvət ediblər.

ŞAHANƏ

 





27.11.2018    çap et  çap et