525.Az

"45+1 İncəsənət Yarmarkası" keçirildi


 

"45+1 İncəsənət Yarmarkası" keçirildi <b style="color:red"></b>

"Nur Art House" qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələrinin "45+1 İncəsənət Yarmarkası" adlı ilk xeyriyyə sərgi-satış yarmarkasının açılış mərasimi olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova  Universitetin Rəssamlıq fakültəsi ilə bağlı mütəmadi olaraq müxtəlif  sərgilərin keçirildiyini  və sözü gedən növbəti tədbirdə fakültənin istedadlı tələbələrinin əsərlərinin nümayiş olunduğunu bildirib. 

"Nur Art House" qalereyasının direktoru, ADMİU-un professoru Röya Tağıyeva qalereyada mütəmadi olaraq gənc rəssamların əsərləri sərgiləndiyini, vaxtilə qalereyanın açılışı ilə bağlı təşkil edilən  "Gənclik nəfəsi" adlı ilk sərgidə məhz Universitetin tələbələrinin əsərlərinin nümayiş olunduğunu vurğulayaraq tələbələrdən və layihədən məmnunluğunu dilə gətirib. ADMİU-un Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova məlumat üçün bildirib ki, yarmarka IV kurs sənətşünaslıq ixtisasında təhsil alan tələbələrin onlara tədris edilən "Sərgi və auksion işinin təşkili" fənnindən II tur kollokviumudur. Qeyd edib ki, yarmarkadan əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə ediləcək. Təhsil haqqını ödəməkdə çətinlik çəkən ADMİU tələbəsinə dəstək veriləcək.

ADMİU-un "Dizayn və dekorativ tətbiqi sənət" kafedrasının müdiri, xalq rəssamı, professor Arif Əziz tələbələrin belə bir xeyriyyə yarmarkasını təşkil etmələrini təqdirə layiq qiymətləndirib. 

ADMİU-un "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müəllimi Dilarə Müzəffərli yarmarkanın "Təsviri sənət"  seksiyasında "Rəngkarlıq" və "Qrafika" ixtisaslarında təhsil alan tələbələrin,  "Dizayn və dekorativ tətbiqi sənət" seksiyasında isə "Dekorativ tətbiqi sənət" və "Dizayn" ixtisaslarında təhsil alan tələbələrin 40 əsərinin sərgiləndiyi  haqqında məlumat verib.

Sonda IV kurs Sənətşünaslıq ixtisasının tələbəsi Nərmin Əmirova qrup yoldaşları adından çıxış edərək onlara yaradılan şəraitə görə Universitetin rəhbərliyinə və müəllimlərinə təşəkkürünü bildirib.

Müxtəlif ixtisasları bir platformada təqdim edərək yaradıcılıq təhsilinin müxtəlif yönümlülüyünü göstərmək, gənc rəssamların və sənətşünasların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi daşıyan incəsənət yarmarkasının hər il bir dəfə keçirilməsi və növbəti illərdə digər yerli və xarici universitetlərin layihəyə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, layihə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müəllimi Dilarə Müzəffərlinin rəhbərliyi ilə fakültənin IV kurs sənətşünaslıq ixtisasında təhsil alan tələbələrin təşəbbüsü ilə həyata keçirilir. 

"45+1 İncəsənət Yarmarkası" 3 gün davam edib.

ŞAHANƏ

 





27.11.2018    çap et  çap et