525.Az

Həmsədr dövlətlərin atdığı son addımlar etirazla qarşılandı


 

"ABŞ, FRANSA VƏ RUSİYA MÜNAQİŞƏNİN NİZAMA SALINMASI ÜÇÜN ÜZƏRLƏRİNƏ GÖTÜRDÜKLƏRİ ÖHDƏLİKLƏRƏ ZİDD DAVRANIRLAR"

<b style="color:red">Həmsədr dövlətlərin atdığı son addımlar etirazla qarşılandı</b>

Məlum olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - Fransa, ABŞ və Rusiyaya səfər edib.

Hər üç həmsədr ölkənin qondarma rejimin rəhbərinin səfərinə icazə verməsi, erməni separatizminin təbliğinə şərait yaratması Azərbaycanda böyük narazılıqla qarşılanıb.

Həmsədr dövlətlər daşıdıqları vasitəçilik statusuna zidd olaraq, bu cür fəaliyyətlər həyata keçirməklə danışıqlar prosesini ciddi sürətdə zədələyir. Həmçinin, qanunsuz rejimin nümayəndələrini qəbul edən ölkələr nəinki Azərbaycanla mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş qanunsuzluqla bağlı həmsədr ölkələrə öz etirazını bildirib. Qeyd olunub ki, separatçı rejimin nümayəndəsinin səfərlərinə şərait yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Vurğulanıb ki, qanunsuz qurumun rəhbərinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Eyni zamanda, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi B.Saakyanın Moskva səfəri ilə əlaqədar etiraz bəyanat yayıb.

Bildirilib ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən B.Saakyanın səfərinin qarşısının alınması üçün heç bir tədbir görmür: "Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari il ərzində Fransa, ABŞ və Rusiyaya səyahəti hər şeydən əvvəl beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə uyğun deyil".

Vurğulanıb ki, B.Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə addımlarla ayrı-seçkiliyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar".

Həmçinin, əlavə olunub ki, həmsədr dövlətlər birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıdır.

Mövzu ilə bağlı fikirlərini bildirən analitik Ehtiram Aşırlı qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B.Saakyanın Rusiyaya qanunsuz səfərində əsas məqsəd qondarma rejimin legitimliyi üçün danışıqlar aparmaqdır. O, "Trend"ə bildirib ki, son günlər B.Saakyan "fəallığı" ilə diqqət çəkməkdədir: "Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra o, Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam Saakyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfər etməsidir. Maraqlıdır ki, ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz rejimlərin nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də Birləşmiş Ştatlar Krımın "yüksək rütbəli" nümayəndələrinə sanksiyalar tətbiq edib. Amma nədənsə bu, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu qadağa Saakyana aid olunmur. Bundan əlavə, Fransanın ondan artıq şəhərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altındakı şəhərlərimizlə "qardaşlaşma" sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür".

Analitik vurğulayıb ki, B.Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında "dövlət" kimi təmsil olunmaqdır: "Bu səbəbdən də son səfərini Qafqazda əsas aktor olan Rusiyaya edib. Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır, digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində "narahatlıq" yaratmaq düşüncəsidir. Xüsusilə, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması ayrı bir məna kəsb edir. Ələlxüsus, Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır. Yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görə bilərik. Həmçinin, Saakyan tərəfindən Paşinyanı narahat edəcək bir neçə açıqlama səsləndirilə bilər".

E.Aşırlının sözlərinə görə, B.Saakyanı ən çox narahat edən amil N.Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə "Qarabağ klanı"nın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə bağlıdır: "Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan təmizləmək istəyəcək. Xüsusilə də Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan "Qarabağ klanı" Saakyanın bütün səylərini dəstəkləyəcək. Lakin bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə "Qarabağ klanı"nı və Saakyanı yumşaltmağa çalışacaq".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





28.11.2018    çap et  çap et