525.Az

"Prezidentin Minsk və Aşqabad səfərləri uğurlu xarici siyasətin göstəricisidir"


 

ELÇİN ƏHMƏDOV: "AZƏRBAYCAN TƏKCƏ REGİONDA YOX, EYNİ ZAMANDA, BEYNƏLXALQ ALƏMDƏ CƏRƏYAN EDƏN PROSESLƏRƏ TƏSİR GÖSTƏRMƏK İMKANI QAZANIB"

"Prezidentin Minsk və Aşqabad səfərləri uğurlu xarici siyasətin göstəricisidir"<b style="color:red"></b>

"Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlət kimi çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun şəkildə öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr qurur".

Bu fikirləri "525"ə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov dövlətimizin başçısı İlham Əliyevin Belarusa və Türkmənistana rəsmi səfərlərinin əhəmiyyətini şərh edərkən bildirib.
 
O qeyd edib ki, həm Belarusla, həm də Türkmənistanla Azərbaycanın tarixi və ənənəvi dostluq əlaqələri mövcuddur:

"Azərbaycan prezidentinin Belarusa səfərinin əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, dövlətimizin başçısının bu ölkəyə beşinci rəsmi səfəri münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir. Bununla yanaşı, Prezident İlham Əliyevin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə apardığı danışıqlar, imzalanan 10-a yaxın sənəd, xüsusilə iki ölkənin liderlərinin imzaladığı birgə bəyanat strateji tərəfdaşlığımızın yüksək səviyyəsini, müxtəlif sahələr üzrə əməkdaşlığımızın daha da genişləndiyini nümayiş etdirir. Təsadüfi deyil ki, birgə mətbuat konfransında Belarus prezidenti bildirib ki, keçirilən görüşlərdə ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik: "Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox "Belarus" traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin, 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb... Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib".

Siyasi elmlər doktorunun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev isə iki dövlətin beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini diqqətə çatdırıb:

"Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir".

Professorun sözlərinə görə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun ədalətli mövqeyinə görə minnətdarlığını bildirib: "Birgə bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq".

E.Əhmədov bildirib ki, Belarusdan sonra Prezident İlham Əliyevin Türkmənistana etdiyi rəsmi səfər də Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir:

"Dövlətimizin başçısının bu səfəri Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin bugünkü inkişaf səviyyəsinin, ilk növbədə, Prezident İlham Əliyevin çoxvektorlu diplomatik fəaliyyətinin, sabit, ardıcıl, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimada söykənən uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı təkcə iki dövlət arasındakı əlaqələrin inkişafı baxımından deyil, eyni zamanda, türkdilli ölkələrin münasibətlərinin yeni bir inkişaf mərhələsinə keçməsi və birləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində 20 sazişin və dövlət başçılarının birgə bəyanatının imzalanması səfərin çox səmərəli olduğunu göstərir. İmzalanan sənədlər siyasi, nəqliyyat-logistika, tranzit daşımalar və onların idarə edilməsi, uzunmüddətli iqtisadi-sənaye əməkdaşlığı, elm, təhsil və humanitar sahələri əhatə edir. Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələrinin mövcudluğunu, bütün dövrlərdə çox böyük potensiala və imkanlara malik olduğunu bildirən prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir. Bu, özünü siyasi arenada, iqtisadi məsələlərdə, bir sıra başqa sahələrdə göstərir: "Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik. Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata keçirir. Bizdə təkcə regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı nəzərə alaraq regional və beynəlxalq səviyyədə iqtisadiyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlıq potensialından istifadə edə bilərik. Buna görə, biz əlbəttə ki, Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Artıq qeyd etdiyim kimi, bizim çox yaxşı imkanlarımız var. Bizim köklərimiz, tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz ortaqdır".

Siyasi elmlər doktoru əlavə edib ki, Prezident İlham Əliyev isə Türkmənistan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəklədiyini söyləyib:

"Dövlət başçısı 20-dən çox sənədin imzalandığını və onların hər birinin konkret xarakterinin olduğunu bildirib: "Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür. Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir".

Bununla yanaşı, Azərbaycan prezidenti qeyd edib ki, müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.

Professor hesab edir ki, Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfərindən sonra ikitərəfli münasibətlər daha da genişlənəcək:
 
"Xüsusilə Türkmənistan Azərbaycanın irimiqyaslı layihələrindən istifadə etməyə də hazırdır. Bu da enerji sahəsində münasibətlərimizin daha da inkişafından xəbər verir. Bununla yanaşı, dövlət başçısı İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində nəqliyyat, rabitə, yüksək texnologiya və iqtisadi ticarət məsələləri ilə bağlı imzalanan sazişlər ikitərəfli münasibətlərin daha da yüksək səviyyədə inkişafına böyük təkan verəcək".

E.Əhmədov vurğulayıb ki, dövlət başçısının uğurla həyata keçirdiyi çoxvektorlu, balanslaşdırılmış, eləcə də milli maraqlara söykənən xarici siyasət strategiyası ölkəmizin dünya miqyasında nüfuzunu xeyli artırıb, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib:

"Nəticədə, Azərbaycan yalnız regionda yox, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Bu baxımdan, Azərbaycan prezidentinin Belarus və Türkmənistana səfərləri həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişaf dinamikasını göstərir, eləcə də dövlət başçısının çoxvektorlu, uğurlu xarici siyasətinin əyani göstəricisidir".

Ceyhun ABASOV

 





28.11.2018    çap et  çap et