525.Az

“Discovery Azerbaijan” jurnalının yeni sayı


 

“Discovery Azerbaijan” jurnalının yeni sayı <b style="color:red"></b>

“Discovery Azerbaijan” jurnalının yeni nömrəsi işıq üzü görüb.

Dərginin yeni sayı eyni taleyi yaşayan, savaşın ağrı-acısını duyan, buna baxmayaraq, küllərindən yenidən doğularaq inkişaf edən, regionlarında söz sahibləri dövlətlərə çevrilən iki dövlət, iki məğrur xalq – Azərbaycan və Bosniya və Herseqovinaya həsr olunub.

Bu iki qardaş xalqdan, ölkələrimiz arasındakı əlaqələrdən söz açmaq üçün Bosniya və Herseqovinanın Azərbaycana akkreditə olunmuş səfiri Bakir Sadoviçlə müsahibə də jurnalın yeni sayında öz əksini tapıb.

Miljacka çayının hər iki sahilinə səpələnən, kürəyini Trebeviç dağına söykəyən, Qərblə Şərqi özündə birləşdirən, 300 min insana ev sahibliyi edən Bosniya və Herseqovina paytaxtı Sarayevodan geniş reportaj da jurnalda yer alıb. Məscidlərin kilsələrlə yarışdığı, hamamları, Başçarşısı, bazarları, I Dünya müharibəsinin başlanmasına şahidlik etmiş Latın körpüsü  ilə Balkanların sevimli şəhəri olan Sarayevodan başqa,  Bosniya və Herseqovinanın digər şəhərləri, gəzməli-görməli yerləri barədə də jurnalın yeni sayında ətraflı məlumat verilib. Bosniya və Herseqovinada çəkilən məşhur filmlər, eləcə də bu ölkənin tarixi gerçəkləri barədə ekranlaşdırılan kinofilmlər də yeni sayın mövzusu olub. Bir ölkənin qonağı olasan, onun ləziz təamlarından söz açmayasan? Bosniya və Herseqovinadan yolu keçənlər burada mütləq olaraq nələrin dadına baxmalı və ya hansı yeməklərin dadına baxmadan geri dönməməlidirlər? Bu suallar da "Discovery Azerbaycan"ın yeni sayında cavablandırılıb.

Dənizdə 55 il can qoyan Dövlət Dənizçilik Akademiyası nəzdindəki Kollecin müəllimi, təqaüdçü kapitan Kərəm Məmmədov yeni sayda sulardakı “döyüş”ündən danışıb. Virtual aləmdə təqdim etdiyi  ləziz dadları ilə izləyicilərinin sevimli foodbloggerinə çevrilən Aygün İslamzadə  isə hobbi olaraq məşğul olduğu bu işin incəliklərini oxucularla bölüşüb. Bakının “girəcəyi”ndə, düz Xəzərin sahilində, şəhərdən cəmi 4-5 km aralıda insanların pənah apardığı, müqəddəs sayıb ziyarət etdiyi bir məbəd - Bibiheybət Məscidi isə arxitektura baxımından araşdırılıb.

Ona "heç nədən var olan şəhər" də deyirlər. İkinci Dünya müharibəsi illəri öncəsində kiçik bir qəsəbə olan, 1940-ci illərdə inşa edilən və 50-ci illərə qədər Azərbaycanın neft-kimya sənayesinin mərkəzi olan, yaxın gələcəkdəki planları isə ölkənin böyük turizm şəhərinə çevrilmək olan Sumqayıtdan maraqlı reportaj da dərginin yeni sayında yer alıb. Sumqayıtdan seçilən millət vəkili Tahir Mirkişili isə yalnız deputat kimi yox, həm də tanınmış iqtisadçı, sahibkar, müəllim, İKT üzrə mütəxəssis kimi təqdim olunur.

Yeni nömrədə müstəqillik illərimizin ən sevilən filmlərindən biri olan  "Yuxu"nun kadrarxasında yaşanan maraqlı məqamlar da xatırlanıb. Sözügedən filmin maraqlı məqamlarını dilə gətirən isə "Əliabbas" kimi tanıdığımız İlham Qasımovdur.

“Turan buradan başlayır” rubrikasında isə  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə maraqlı müsahibə öz əksini tapıb.

 





28.11.2018    çap et  çap et