525.Az

Soykökümüzün unudulmaz araşdırıcısı


 

Soykökümüzün unudulmaz araşdırıcısı<b style="color:red"></b>

Nuru hələ də gözlərimizə qüvvət verən tənqidçi, ədəbiyyatşünas Mirəli Seyidov daim ulularımızın bədii təfəkkürünün, ürək çırpıntılarının, duyğu və düşüncələrinin nişanəsi olan folklor nümunələrinə müraciət edib.

Mirəli müəllim xalq ədəbiyyatına üz tutmaqla sübuta yetirib ki, dünya türklərinin mədəniyyətinin mayasında milli özünüdərk durur.

Seyidov Mirəli Mir Ələkbər oğlu 1918-ci il mayın 5-də İrəvanda bəy ailəsində dünyaya göz açıb. Yüksək ailə tərbiyəsi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Atası mükəmməl təhsilli olduğundan oğlu ərəb-fars dillərini gözəl mənimsəmişdi. Doğma ana dili -  türkcəni də sevə-sevə öyrənirdi. O, İrəvanda ibtidai təhsilini başa vurduqdan sonra 1938-ci ildə Bakıya gəlmiş, Meliorasiya texnikumunu bitirmişdi. 1938-1944-cü illərdə Irəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin şərq şöbəsində təhsil almışdı.

1968-ci ildən filologiya elmləri doktoru, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən professor, 1972-ci ildən Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü olmuşdu.

Milyonların qəlbində özünə qərar tutan, adı dillər əzbəri olan, əsərləri sevilən MirəliSeyidov xoşbəxt alimlərdən biridir.

... 1981-ci ildə 8-ci sinifdə oxuyurdum, Gəncədə Nizaminin 840 illik yubileyi keçirilirdi. O zamanlar Bağır  müəllimin yanında gördüyüm ağsaçlı alim məni çox maraqlandırdı. Anamdan öyrəndim ki, siması Dədə Qorquda bənzəyən bu professor Mirəli Seyidovdur.

Bu ağsaçlı alimi hamı tanıyır və sevirdi. Başqa cür də ola bilməzdi. Mirəli Seyidov sənəti mayasını bulaq kimi çağlayan xalq çeşməsindən götürmüşdü. Onun hər sözü, hər kəlməsi səmimiyyətdən yoğrulmuşdu. Ümummilli liderimiz Heydər Əliyev də onu çox gözəl dəyərləndirərək demişdi: "Mirəli Seyidov kimi şəxsiyyətlər daim yaşayır. O, heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqı üçün gördüyü işlər açıq görünəcək, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcək".

Gələcəkdə, soy-kökə bağlılıq bütöv bir xalqı şərtləndirəndə özümüzə qayıtmalı, "Azərbaycan xalqının soy-kökünü düşünərkən"i oxumalıyıq. Mirəli Seyidov türkçülük amalları və idealları uğrunda mübarizə aparırdı. Akademik Xudu Məmmədovun fikrincə: "Mirəli Seyidov və Azərbaycan  bir-birindən ayrılmazdır. Azərbaycan və Mirəli Seyidov eyni bir məfhumdur, çünki Mirəli Seyidov xalqın söy-kökünü, sadəliyini, cəsarətini, dərin zəkasını və qüdrətli istedadını təcəssüm etdirir".

Mirəli Seyidovun əsərlərində, məqalə və çıxışlarında doğma Azərbaycana bağlılıq ana xətt təşkil edir. Doğma ocağa məhəbbət və ehtiram onun əsərlərinin qayəsidir. Təpədən-dırnağa qədər milli olan əsərləri heç kəs Mirəli Seyidov qədər sadə, anlaşıqlı yaza bilməzdi.

Yurdumuzda Mirəli Seyidovun elmi yaradıcılığına böyük diqqət və məhəbbət var. Alimin soyumuzun, kökümüzün öyrənilməsinə xidmət edən ilkin iş və axtarışları hər zaman tədqiq olunmalıdır.

Mirəli Seyidov sonu görünməyən bir ümmandır. Onun dərinliyinə nə qədər baş vursaq, o qədər yeni-yeni sirlərə vaqif oluruq.

Hər yeni nəsil gəldikcə, Mirəli Seyidovu öyrənmədən keçinə bilməyəcək. Mirəli Seyidovun elm xəzinəsi Azərbaycanşünaslıq məktəbi adlanır. Mirəli Seyidov erməni dilini də bilirdi. O, İrəvanda ermənilər tərəfindən gizlədilmiş əski türk mətnlərini və əlyazmalarını xilas edə bilmişdi. Alimin İrəvanda olan arxivlərdəki işindən xəbər tutan ermənilər təcili tədbirləri ilə onu İrəvandan çıxarırlar. Onun xidmətləri sayəsində təkcə tarixin sınağından çıxmış əsərlər deyil, müasiri olan, ətrafinda baş verən hadisələr də tarixi-fəlsəfi təhlilini tam obyektivliklə tapa bilmişdi.

..."Yaz bayramı" şəhidlərə həsr olunub. Qış yaza çevrilir.  Yazın qışdan asılı olmasına göz yummaq mümkün deyil. Qış mövcud olmasaydı, yaz da olmazdı. İstiqlalçı Mirəli Seyidov bununla azadlıq uğrunda verdiyimiz şəhidləri nəzərdə tuturdu.

1992-ci il aprelin 26-da gözlərini əbədi yuman Mirəli Seyidov Bakıda dəfn olunub. Alimin 100 illiyini təntənəli bayram etdiyimiz günlərdə hər bir azərbaycanlının qəlbində nəcib bir hiss baş qaldırır: El qədrini canından əziz tutan alim ölməzdir! - mənsub olduğu qədirbilən xalq kimi, üzərində yaşayıb-yaratdığı ana torpaq kimi!

Mirəli Seyidov xalqı, vətəni ürəklə sevdiyi kimi, biz də onu həmişə səmimi minnətdarlıqla yad edir, qəlbimizdə yaşadırıq.

Gülbəniz ABBASOVA
Bakı şəhəri, Səbail rayon 162 saylı orta məktəbin tarix müəllimi

 





28.11.2018    çap et  çap et