525.Az

Tokioda Qara Qarayevin 100 illiyi qeyd olundu


 

Tokioda Qara Qarayevin 100 illiyi qeyd olundu<b style="color:red"></b>

Azərbaycan Prezidentinin sərəncamına əsasən, dahi bəstəkar, akademik Qara Qarayevin 100 illiyi ilə bağlı həm ölkəmizdə, həm də xaricdə yubiley tədbirləri keçirilir.

Q.Qarayevin yubileyilə bağlı növbəti konsert noyabrın 25-də Tokionun "Dojin-Kyokay" zalında gerçəkləşib.

Əvvəlcə konsertin təşkilatçısı, Yaponiyada fəaliyyət göstərən "Beynəlxalq musiqi evi"nin rəhbəri, azərbaycanlı pianoçu Gülnarə Səfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, konsertin təşkilində məqsəd yapon musiqisevərləri qədim və zəngin Azərbaycan musiqisi, xüsusən də tanınmış bəstəkarımız Qara Qarayevin əsərləri haqqında məlumatlandırmaqdır.

Konsertin təşkilinə göstərilən köməyə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinə, "WorldInvestors TV" internet televiziyasının rəhbərliyinə minnətdarlığını bildirən G.Səfərova əlavə edib ki, XX əsrin əvvəllərində inkişafa başlayan Azərbaycan klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb. Bu işdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yetirməsi Qara Qarayevin böyük rolu olub. Qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropa ölkələrində çox geniş tanınmasına baxmayaraq, Yaponiyada bu Azərbaycan bəstəkarı, onun yaradıcılığı haqqında məlumatlar çox azdır. Məhz bunu nəzərə alaraq "Beynəlxalq musiqi evi" Qara Qarayevin Yaponiyada tanınması və təbliği məqsədilə görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunan xatirə konserti təşkil edib. Yaponiyada yaşayan digər xalqların nümayəndələri, o cümlədən, yapon və rus musiqiçiləri də layihəni dəstəkləyərək konsertdə çıxış etməyə razılıq veriblər. Konsertin proqramına Qara Qarayevin ən məşhur əsərləri daxil edilib və bu əsərlər Yaponiyada ilk dəfə səslənəcək.

Konsert Qara Qarayevin məşhur rus şairi Aleksandr Puşkinin sözlərinə bəstələdiyi və rus vokalçı Valentina Pançenkonun Gülnarə Səfərovanın müşayiəti ilə ifa etdiyi "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" romansları ilə başlayıb. Sonra yapon skripkaçı Çie Savadanın və Gülnarə Səfərovanın ifalarında səslənən "Skripka və fortepiano üçün sonata", fleytaçı Daysuke Azumanın ifa etdiyi prelüdlər tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Yaponiyada yaşayan balerina Yuka Yatani isə bəstəkarın "Yeddi gözəl" baletindən Ayşənin rəqsini və "Vals" əsərlərini ifa edib.

İki saata yaxın davam edən konsertdə "Beynəlxalq musiqi evi"nin yapon şagirdləri Yuri Usuri və Himari Takakinin Qara Qarayevin uşaqlar üçün bəstələdiyi "Düşüncə", "Fırtına", "Hekayə", "Şən oyun" pyesləri də tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

Konsertdə, eyni zamanda, Qara Qarayevin müəllimi olmuş Dmitri Şostakoviçin və görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin əsərləri də səslənib.

Konsert zamanı yapon rəssam Moritanın modern üslubda yaratdığı rəsm əsərləri də nümayiş olunub.

ŞAHANƏ

 





28.11.2018    çap et  çap et