525.Az

Sənətkar təbəssümünün işığı


 

XALQ ARTİSTİ RAMİZ ƏZİZBƏYLİ 70 YAŞINDA

Sənətkar təbəssümünün işığı<b style="color:red"></b>

Noyabrın 24-də Heydər Əliyev Sarayında Respublikanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin 70 yaşı təntənə ilə qeyd edildi.

Enişli-yoxuşlu həyat yolları ilə irəliləyən Ramiz Əzizbəylinin səhhəti ilə əlaqədar səhnədən, ekrandan uzaq düşməsi onu sevənlərin qəlbində bir niskil hissi oyatmışdı. Artıq neçə illərdir ki, xalqımız onun yenidən səhnəyə qayıtmasını, yüksək sənətkarlıqla yaratdığı obrazları, çəkdiyi filmləri görməyə qəribsəyib.

"Adəm" Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil edilmiş bu tədbirdə şəhər ictimaiyyəti, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət və incəsənət ustaları, Ramiz Əzizbəyli üçün qəribsəmiş tamaşaçılar-hamı sənətkarın işığına toplaşmışdı.

Məşhur "Tello" mahnısının sədaları altında açılan pərdənin arxasındakı ekranda Ramiz Əzizbəylinin iri planda əks olunmuş gülümsər, xoş siması sanki bütün zal boyu tamaşaçıları izləyərək onlara  "Xoş gəlmisiniz" deyirdi.

Ramiz Əzizbəyli 70 yaşında... Yüzü haqlamağa nə qalıb ki. Gecəyə yığışanlar da ona bu ömrü arzuladılar. Yaşadığı illərin çoxu Azərbaycanın teatr və kino incəsənəti ilə bağlı olub. İstər teatr səhnəsində, istərsə də filmlərdə orijinal üslubda yaddaqalan obrazlar qalereyası yaratmaqla tamaşaçıların böyük məhəbbətini qazanıb, çəkdiyi filmlərlə cəmiyyətimizin mənəvi saflaşmasına xidmət göstərib, çoxşaxəli yaradıcılığı ilə müasir mədəniyyətimizə zənginlik gətirib.

Mərasimdə onu təbrik edənlər çox idi. Kimi sözlə, kimi də mahnı və şeirlə. Xalq artisti, kinorejissor Eldar Quliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan televiziyasının  rejissoru Məhərrəm Bədirzadə, şair Ramiz Rövşən və bir çox başqa sənətkarlar çıxış edərək Ramiz Əzizbəylinin həyat və yaradıcılığı ilə bağlı xatirələrini söylədilər, xoş arzularını bildirdilər.

Həmin gün tamaşaçılar Ramiz Əzizbəyli haqqında çox sözlər eşitdilər, çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirildi. Onun yazdığı şeirlərdən biri Əməkdar artist Azad Şükürovun ifasında çox uğurla səsləndi. Opera və Balet Teatrının aktyorları, Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Ələkbər Əliyevin ifasında  "Arşın mal alan" tamaşasından Telli ilə Vəlinin dueti, Niyam Salaminin gözəl ifası, Samirə Yusifqızı və Oqtay Kamilin duzlu meyxanaları, gənc muğam ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Mədəniyyət və İncəsənət Universitetinin və Xoreoqrafiya Akademiyasının hazırladığı musiqili təbriklər də tamaşaçılar tərəfindən sevə-sevə baxıldı.

Öz məzəli söhbətlərilə məclisi idarə edən gənc aktyorlar İslam Mehrəliyev və Kəmalə Piriyeva isə şirin və məzəli zarafatları ilə tamaşaçıları darıxmağa qoymurdular.

Görüşün sonunda hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirən yubilyar hər tərəfdən gül-çiçək dəstələri ilə əhatə olundu. Həmin gün yubilyarın siması da, qəlbi də ona bağışlanan al qızıl güllər kimi şəfəq saçırdı.

Əminik ki, bu unudulmaz görüş uzun müddət onu sevənlərin xatirəsində qalacaq.

Ömrünüz uzun olsun, Ramiz Əzizbəyli! Xalqımızın, millətimizin sənətkara sevgisi Sizdən və nurlu təbəssümünüz də üzünüzdən heç vaxt əskik olmasın.

Xoşqədəm BAĞIROVA
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi

 





28.11.2018    çap et  çap et