525.Az

Bilik Fondu Azərbaycan dili ilə bağlı tədbirlər keçirdi


 

Bilik Fondu Azərbaycan dili ilə bağlı tədbirlər keçirdi<b style="color:red"></b>

Bilik Fondunun təşkilatçılığı və yerli Azərbaycan dili müəllimlərinin iştirakı ilə 3 rayonda “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda tədbirlər keçirilib.

Bilik Fondundan verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının inzibati binasında reallaşan tədbiri İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova açaraq, maarifləndirici layihələrin əhalinin intellektual səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyini və belə görüşlərin təşkilində yaxından iştirak etməyə hazır olduqlarını bildirib.

Fondun məsləhətçisi Abbas Əliyev dövlət dilindən düzgün istifadə qaydalarının dərindən mənimsənilməsi məqsədi ilə Bilik Fondunun icra etdiyi layihələr haqqında məlumat verib. Fondun yerli nümayəndəsi Qənbərəli Bağırov bölgələrdə təbliğatına ehtiyac duyulan mövzular barədə fikirlər səsləndirib.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva “Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi” mövzusunda mühazirə ilə çıxış edib.

S.Əliyeva Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı xatırladaraq, təmsil etdiyi İnstitutin və Bilik Fondunun bu istiqamətdə gördüyü birgə işləri diqqətə çatdırıb.

Alim texniki inkişafın nəticəsində dilimizə daxil olan sözlərdən düzgün istifadənin vacibliyini vurğulayıb, əksər alınma sözlərin Azərbaycan dilində qarşılığı olduğunu, digərlərinin isə zaman-zaman müəyyənləşdiyini söyləyib. Bildirib ki, insan ana dilini öncə valideynləri, sonra müəllimlərindən öyrənir. Uşaqlar körpə yaşlarından eşitdikləri dili bütün qaydalarına uyğun öyrənə bilsələr, sonrakı dönəmlərdə bu dildən düzgün istifadə etməkdə çətinlik çəkməzlər. Bu mənada valideynlər və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllimlər doğma dilin qorunmasının və gələcək nəsillərə saf şəkildə ötürlüməsinin qarantıdırlar.

Növbəti gün Neftçala Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbiri Fondun yerli nümayəndəsi, YAP Gənclər Birliyinin sədri Ulvi Fərzəliyeva açaraq, mövzunun aktuallığına diqqət çəkib və müəllimləri müzakirələrdə fəal iştiraka səsləyib.

Çıxışlarda doğma dilin saflığının qorunmasında medianın rolu vurğulanıb. Qeyd edilib ki, mətbuat nümayəndələri müqəddəs missiya daşıdıqlarını unutmamalı, dövlət dilinə qayğını özlərinin vəzifə borcu kimi dəyərləndirməlidirlər.

Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan görüş Təhsil şöbəsinin müdir müavini Kübra Quliyevanın moderatorluğu ilə keçirilib. Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri S.Əliyeva eyni mövzuda mühazirə ilə çıxış etdikdən sonra müzakirələrə başlanılıb. Müəllimlər dilin tətbiqi və tədrisi ilə bağlı fikirlər söyləyib, təkliflər səsləndiriblər, onları maraqlandıran suallar alim tərəfindən ətraflı cavablandırılıb.

 





29.11.2018    çap et  çap et