525.Az

Ermənistanın KTMT məğlubiyyəti Minsk qrupu vasitəsilə sığortalanır


 

"BAKO SAAKYANIN HƏMSƏDR ÖLKƏLƏRƏ SƏFƏRİNƏ ŞƏRAİT YARADILMASI BEYNƏLXALQ HÜQUQA, ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRƏ XƏYANƏTDİR"

Ermənistanın KTMT məğlubiyyəti Minsk qrupu vasitəsilə sığortalanır<b style="color:red"></b>

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - Fransa, ABŞ və Rusiyaya səfəri münaqişənin həlli prosesinə vurulmuş zərbədir.

Həmsədr dövlətlər erməni separatçılarının səfərinə şərait yaratmaqla onzus da həllinə ciddi səy göstərmədiyi Dağlıq Qarabağ probleminin çözülməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. Halbuki ATƏT müstəvisində vasitəçilik formatı yaradılarkən həmin dövlətlər üzərlərinə münaqişəni sülh yolu ilə nizama salınmasında bir sıra öhdəliklər götürmüşdü. İlk növbədə həmsədrlər dünya birliyin qəbul etdiyi qərarları, o cümlədən, qətnamə və konvensiyaları fəaliyyətlərində əsas hüquqi baza hesab etməliydilər. Ancaq hər üç həmsədr ölkənin qondarma rejimin rəhbərinin səfərinə icazə verməsi, erməni separatizminin təbliğinə şərait yaratması daşıdıqları vasitəçilik statusu, beynəlxalq hüququn normal və prinsipləri ilə ziddiyyət təşkil edir. Həmçinin, qanunsuz rejimin nümayəndələrini qəbul edən ölkələr Azərbaycanla mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır.

Rəsmi Bakı hesab edir ki, separatçı rejimin nümayəndəsinin səfərlərinə şərait yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Vurğulanıb ki, qanunsuz qurumun rəhbərinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Mövzu ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B.Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərini elə məhz həmsədrlərin özləri təşkil edib. O, SİA-ya bildirib ki, ən azından onlar bu səfərin təşkilinə razılıq veriblər: "Onlar münaqişələrin eyni ssenaridə həll olunmasını dəstəklədiklərini söyləsələr də, ayrılıqda Dağlıq Qarabağ məsələsinə fərqli yanaşma metodunu işləyib hazırlayıblar. Təbii ki, bu metodun bir parçası da Bako Saakyanın həmin ölkələrə səfəridir. Söhbət millətlərin öz müqəddəratını təyinetmə hüququ ilə ərazi bütövlüyü məsələlərinin sintezləşdirilməsindən gedir".

Politoloq Vasif Əfəndiyev isə qeyd edib ki, separatçı rejimin təmsilçisi Bako Saakyanın Fransa, ABŞ və Rusiyaya səfərləri mahiyyət etibari ilə sırf Ermənistanla separatçı rejim arasındakı münasibətlərlə bağlı olsa da, hüquqi tərəfdən beynəlxalq normaların ciddi şəkildə pozulmasıdır: "Bu səbədən də Azərbaycan tərəfi haqlı olaraq bu ölkələrin xarici siyasət idarələrinə ciddi nota verib".

Politoloqun sözlərinə görə, təəssüf ki, 3 həmsədr dövlətin xarici işlər nazirlikləri separatçı rejimin rəhbərinə öz ölkəsinə səfər etmək üçün saxta viza veriblər.

V.Əfəndiyev hesab edir ki, bu, münaqişənin nizamlanmasına mənfi təsir göstərir: "Fransa, ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz və obyektiv mövqe tutmasına ehtiyac duyulduğu halda bu addım birbaşa danışıqlar prosesinə kölgə salır. Belə olan halda bu ölkələrin problemin həllinə tərəfkeşlik mövqeyindən yanaşacağı ehtimalını daha da artırır".

B.Saakyanın Fransa və ABŞ-a səfərləri zamanı əsasən erməni diaspora və kilsə nümayəndələri ilə görüşlər keçirdiyini deyən politoloq bildirib ki, bundan başqa, bu ölkələrin ermənipərəst lobbiçiləri və qeyri-hökumət təşilatları nümayəndələri ilə görüşlər gerçəkləşdirilmişdi: "Görüşlərin əsas mahiyyəti Paşinyan hakimiyyətinin xaricdə fəaliyyət göstərən erməni lobbisi və qərb dairələri ilə münasibətlərini zəiflətməkdir. Paşinyanın hakimiyyətə gəlişinin ilk dalğasında çətinliklə də olsa öz postunu qoruyub saxlamağı bacaran Saakyan növbəti seçkilərə qədər hakimiyyətdə qalmaq uğrunda mübarizə aparır. Dekabr ayında gerçəkləşəcək parlament seçkilərində Paşinyanın üstünlük qazanacağı təqdirdə Saakyanın da hakimiyyətini itirməsi təhlükəsi artır. Bu səbəbdən Saakyan həm də Paşinyana müxalif qüvvələrin sifarişini yerinə yetirir. Turnenin son dayanacağının Moskva olması da səfərin məntiqi sonluğudur".

Milli Məclisin deputatı Elşən Musayev isə bildirib ki, B.Saakyanın səfərlərinə dəstək vermək, qondarma, işğalçı, vandal rejimin rəhbərini viza ilə təmin etmək heç bir halda məntiqə sığmır və kimsəyə başucalığı gətirməz: "Üstəlik, proses, məram anlaşılan deyil və ortalıqda çox qəribə durum yaranıb. Paşinyanı vururlar, amma Saakyanın səsini, hələ ki diapazonunu qaldırmağa çalışırlar".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev üzv olmadığımız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzərindən Ermənistanı öz müttəfiqləri vasitəsilə necə seyt-not vəziyyətə salıbsa, qarşı tərəf özünə təcili kömək axtarır: "Halbuki hamıya gün kimi bəlli olan bir həqiqət var: qondarma rejimin sükan idarəçiliyində özlərinə aid protez əl belə yoxdur. Hamısı yad barmaqlar, yad biləklərdir. Ona görə də paralel xətdə KTMT məğlubiyyəti ATƏT-in Minsk qrupunun vasitəsilə sığortalanır. Ən azından buna cəhd edilir ki, Ermənistan məlum cinahdan necə təkləndisə, Azərbaycanın da başını Dağlıq Qarabağ konfliktini həll etməyə məsul olan və bu missiya qrupuna daxil dövlətlərin qeyri-adekvat hərəkətləri ilə qatsınlar".

"ATƏT-in Minsk qrupu ilə bağlı bir sıra şərhlər oxudum. Şəxsi qənaətimsə budur: nə dövlətlər dəyişsin, nə də fərd olaraq subyektlər. Tək dəyişəsi şey təlimat və əsasnamədəki 2 hərfdir: "Münaqişənin həll edilməsinə yönəlik fəaliyyət" cümləsinin "edilməsi" sözünə "mə" artırılsın, vəssalam. Olsun "edilməməsi". Çünki Ermənistan kimi işğalçı, vandal siyasət yürüdən dövlətin quyruq bulayanı olan bir rudiment qurumun rəhbərinə viza vermək, onun gəlişinə-gedişinə, görüşlərini şərait yaratmaq kənardan ədalət anlayışının kobud şəkildə pozulması faktıdır. Saakyan kimi cəllad xislətlinin Xocalı qətliamını - soyqırımını tanıyan parlamentlərin 100 kilometrlik radiusda belə hərlənməsi absurddur. O ki qala, hələ rəsmi qiyafədə keçirilən separat görüşlər olsun. Bu adamın təyyarənin göyərtəsində Avropa məkanının hava axınına girməsi, ətrafa demokratiya dərsi keçən beynəlxalq təşkilatların, özündənmüştəbeh qurumların, yarımmaili təsisatların həndəvərində fırlanması hüquq adına, ümumbəşəri dəyərlər adına xəyanətdir".

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə yanaşı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi B.Saakyanın Moskva səfəri ilə əlaqədar etiraz bəyanat yayıb.

Bildirilib ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən B.Saakyanın səfərinin qarşısının alınması üçün heç bir tədbir görmür: "Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari il ərzində Fransa, ABŞ və Rusiyaya səyahəti hər şeydən əvvəl beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə uyğun deyil".

Vurğulanıb ki, B.Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə addımlarla ayrı-seçkiliyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar".

Həmçinin, əlavə olunub ki, həmsədr dövlətlər birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıdır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





29.11.2018    çap et  çap et