525.Az

İkinci tur: Gürcüstan hansı yolu seçəcək?


 

İkinci tur: <b style="color:red">Gürcüstan hansı yolu seçəcək? </b>

Gürcüstanda prezident seçkisinin ikinci turu maraqla gözlənilir.

Ekspertlər seçkinin birinci turu ilə bağlı analizlər verir və onlardan müəyyən proqnozlar meydana gəlir. Ümumi mənzərəyə görə, Gürcüstanda siyasi vəziyyət aydınlaşmayıb. Hakim "Gürcü arzusu" ilə müxalif "Vahid milli hərəkat"ın nəticələri təqribən bərabərdir. Birincilərin namizədi S.Zurabişvili 38,64 faiz, müxaliflərin namizədi Q.Vaşadze isə 37,74 faiz səs toplayıb. Müxaliflər iddia edirlər ki, bu nəticə onların namizədlərinin seçki kampaniyasına olan güclü təzyiqlərin nəticəsidir. Yəni, əslində, cəmiyyət "Vahid milli hərəkat"ı dəstəkləyir. Reallıqda bunun belə olub-olmadığı barədə fikir bildirmək tələskənlik olardı. Hər bir halda ortada iki namizədin demək olar ki, eyni miqdarda səs topladığı faktı göz önündədir. Bu, bütövlükdə ölkədə siyasi vəziyyəti bir qədər həssas hala gətirir. Yəni hansı tərəfin qalib gələcəyi aydın deyil, eyni zamanda, vəziyyəti öz xeyrinə dəyişmək üçün tərəflər radikal addımlar ata bilərlər. Bütün bunlar Gürcüstanda siyasi dinamikaya necə təsir edə bilər? Region səviyyəsində geosiyasi mənzərə hansı istiqamətə təkamül edə bilər? Bu kimi suallara cavab üzərində dayanmaq maraqlı olardı. 

"Arzu"dan "birliy"ə: Gürcüstan siyasi şüurunun dəyişmə dinamikası 

Gürcüstanda prezident seçkisinin birinci turunun nəticələrini dünya mediası, nədənsə, sensasiya kimi təqdim etməyə çalışır. Görünür, hesab edilir ki, "Gürcü arzusu" ölkəni tələb olunan səviyyədə demokratik qaydada idarə edib. Mümkündür ki, ekspertlər Bidzina İvanişvilinin başçılıq etdiyi siyasi hərəkatı müasir mərhələdə Gürcüstan üçün optimal hesab etsinlər. Ancaq ortada tamamilə fərqli faktlardır.

Belə ki, Gürcüstan vətəndaşları "Gürcü arzusu"nu tam qəbul etmirlər. Çünki son illər ölkədə korrupsiya, rüşvətxorluq, milli münasibətlərdə gərginlik artıb. Mixeil Saakaşvilidən sonrakı dönəmdə bu istiqamətlərin heç birində müsbət irəliləyiş qeydə alınmayıb. Və burada söhbət heç də qeyri-gürcülərdən getmir. Gürcü xalqının özü dəfələrlə əyriliklərin artmasından narahatlığını ifadə edib.

"Gürcü arzusu"nun hakimiyyəti müddətində ölkənin sosial-iqtisadi problemləri həll edilməyib. Hərbi sahədə hansısa irəliləyiş gözə dəymir. Bu müddətdə müxalifət daha da güclənib və onun arqumentləri artıb. Bütün bunlara görə də əsas sual budur: necə olub ki, prezident seçkisində müxalifətin nümayəndəsi qalib gəlməyib?

İndi ekspertlər Gürcüstanda seçkinin demokratik keçdiyi haqqında ağızdolusu danışırlar. Bəlkə də səsvermə prosesi beynəlxalq qaydalara uyğun keçirilib. Lakin təbliğat mərhələsində müxaliflərə ciddi əngəllər törədildiyinə dair çoxlu sayda faktlar var. Xüsusilə qeyri-gürcülər yaşayan bölgələrdə daha kobud və qaba üsullara əl atıblar. Bu "siyasi yekəxanalıq" təbii ki, Gürcüstan cəmiyyətinin daxili problemlərindən qaynaqlanır, ancaq Avropa İttifaqı və NATO-ya üz tutduğunu deyən bir dövlət üçün böyük problemdir.

Bunlara onu da əlavə edək ki, prezidentliyə namizədlərdən biri olan Salome Zurabişvili seçki marafonunda şovinist xarakterli fikirlər ifadə edib. Xanım namizəd ermənilər qarşısında çıxış edən zaman Mixeil Saakaşvilini milli ayrı-seçkilik salmaqda ittiham edib. Guya Gürcüstanın keçmiş Prezidenti Ahıska türklərinə vətəndaşlıq verib, ermənilərə verməyib. Birincisi, ermənilər yox, Ahıska türkləri Gürcüstandan deportasiya olunublar. İkincisi, onlar S.Zurabişvilinin evinə deyil, öz evlərinə qayıtmaq istəyiblər. Üçüncüsü, türklərin çox az qisminə geri qayıtmaq nəsib oldu, özü də gizli aparılan gürcüləşmə siyasəti çərçivəsində. Demək olar ki, bu məsələ ilə bağlı rəsmi Tbilisi üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Bəs S.Zurabişvili nədən narazıdır?

Bizcə, o, sadəcə olaraq, ermənilərin səsini qazanmaq üçün manipulyasiya edib. Bu da mənfi nəticə verib. Gürcüstanda yaşayan azərbaycanlılar səslərini "Güc birlikdədir" düşərgəsinin nümayəndəsinə veriblər. Maraqlıdır ki, bir sıra gürcü ekspertləri özlərini elə aparırlar ki, guya S.Zurabişvilinin sözlərində bir qüsur yoxdur. Bu da təhlükəlidir, çünki ölkə etnik ayrı-seçkilik dalğası üzərində həqiqi mənada parçalana bilər. Gürcü siyasi və ekspert dairələrinin bir qismi, görünür, hələ də regionda Türkiyə və Azərbaycan faktorunu lazımi səviyyədə dərk edə bilməyiblər.

Bunların fonunda Gürcüstanda prezident seçkisinin ikinci turu haqqında geosiyasi kontekstdə hansı nəticələri çıxarmaq olar? 

Seçim anı: regional sabitlik, yaxud böyük güclərin qarşıdurması? 

Fikrimizcə, mübarizə gərgin keçəcək. Hansı namizədin - Qriqol Vaşadze və ya Salome Zurabişvilinin qalib gələcəyi barədə proqnoz vermək çətindir. Çox şey Gürcüstan iqtidarının nə dərəcədə seçki prosesinə müdaxilə edəcəyi ilə bağlı olacaq. Burada Ermənistan variantı da mümkündür. Yəni müxalifətin namizədi Q.Vaşadzenin qalib gəlməsi əngəllənmir. Bununla "Gürcü arzusu" cəmiyyətdə getdikcə güclənən narazılıq dalğasının qarşısını müəyyən qədər psixoloji aspektdə alır. Eyni zamanda, özünə sərf edən kontekstdə siyasi mühiti idarə etmək şansı əldə edir.

Belə ki, Q.Vaşadze real olaraq "toy prezidenti" olur. Onun funksiyaları məhdudlaşdırılır. Məsələn, parlamenti buraxmaq səlahiyyəti əlindən alınır. Mixeil Saakaşvilini əfv etmək ixtiyarını da itirir. Bununla əhalini inandırırlar ki, müxalifət gücsüzdür, heç bir problemi həll etmək iqtidarında deyil.

Sonra, M.Saakaşvili tərəfdarları parlamentin buraxılması üçün etiraz aksiyalarını təşkil etməyə cəhd göstərə bilərlər. Onda onları ölkədə sabitliyi pozmaqda ittiham etmək şansı yaranır. Bu halda Gürcüstanın "Paşinyanı"nın meydana çıxması ehtiyacı yarana bilər ki, bu rolu da oynaya biləcək siyasətçi yoxdur. Deməli, yenə də "Gürcü arzusu" dividend qazanmış olur. Əgər bu baş tutsa, Gürcüstan cəmiyyətində siyasi bədbinliyin artması ehtimalı yüksələcək.

Bir sıra ekspertlər hesab edirlər ki, Gürcüstan parlament üsul-idarəsinə tam olaraq keçib. Ola bilsin ki, görünüş belədir. Lakin hər kəs bilir ki, ölkə pərdə arxasından Bidzina İvanişvilinin direktivləri ilə idarə olunur. Yəni sonuc olaraq bir adamın diqtəsi həlledici faktordur. Bu isə özünəməxsus korrupsiya sistemi və avtoritar rejim yaratmaq anlamına gəlir. Burada ekspertlərin Gürcüstan siyasi səhnəsini xarakterizə etdikləri bir məqamı vurğulamaq yerinə düşərdi.

Gürcüstanda hesab edirlər ki, 2012-ci ildə "Vahid milli hərəkat" partiyasının parlament seçkisində məğlubiyyətindən sonra "koabitasiya" vəziyyəti yarandı. "Koabitasiya" fransız sözü olub "dinc birgəyaşayış" mənasını verir. Yəni rəsmi olaraq siyasi-ideoloji müttəfiqlik yoxdur, ancaq iki fərqli düşərgə "vətəndaş nikahındadırlar". Lakin siyasi mühitə bir qədər "fərqli" məna çaları verən və hüquqi təsdiqi olmayan bu vəziyyət çox davam edə bilməz. Tərəflər ya hüquqi-siyasi olaraq ortaq dil tapmalıdırlar, ya da parçalanma daha da güclənməlidir. İnd gürcü ekspertlər məhz bu məqama diqqət çəkirlər. Koabitasiya mərhələsi başa çatandan sonra Gürcüstan siyasi səhnəsi necə olacaq?

Məsələnin başqa tərəfi regional geosiyasi mənzərəyə bağlıdır. Gürcüstan da Ermənistan kimi geosiyasi qeyri-müəyyənlik mənbəyinə çevrilə bilərmi? O halda beynəlxalq layihələrin taleyi necə ola bilər? Bu, doğrudan da, hadisələrin çox riskli bir gedişatı olardı. Gürcüstan geosiyasi və siyasi olaraq sabit olmağa məhkumdur. Bunda Qərb, Azərbaycan, Avropa, Türkiyə maraqlıdırlar. Amerika xüsusilə enerji və nəqliyyat layihələrində Gürcüstanın etibarlı tərəfdaş olmasını daha çox arzulayır. Deməli, seçkidə hər hansı saxtakarlıq Tbilisi üçün pis nəticələr verə bilər. Təsadüfi deyil ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfəri zamanı bu kimi məqamları nəzərdə tutaraq seçkinin demokratik keçirilməsi zərurətini Gürcüstan rəhbərlərinin diqqətinə çatdırdı.

Azərbaycan da Gürcüstanda demokratik seçki keçirilməsinin tərəfdarıdır. Gürcüstan strateji tərəfdaş kimi önəm daşıyır. Eyni zamanda, Gürcüstanın güclü dövlət olması Azərbaycanın xeyrinədir. Sirr deyil ki, bir çox sahələrdə iki ölkə arasında strateji müttəfiqlik vardır. Bu səbəbdən Gürcüstanda seçkinin şəffaf keçirilməsi və onun nəticələrinin cəmiyyət tərəfindən tam qəbul edilməsi Bakı üçün çox vacibdir. Azərbaycan Gürcüstanın inkişafını səmimiyyətlə arzulayan qonşu və dost dövlətdir.

Beləliklə, Gürcüstan növbəti dəfə tarixi imtahan qarşısındadır. Prezident seçkisindən sonra bu ölkədə yarana biləcək vəziyyətdən regional geosiyasi mənzərə xeyli dərəcədə asılı olacaq. Çünki artıq aydındır ki, Ermənistan regionda qeyri-müəyyənlik, sabitsizlik və intriqalar yaradan mənbədir. Azərbaycan isə sabitlik, əməkdaşlıq, barış, sülh və inkişafı stimullaşdıran dövlətdir. Tbilisinin hansı yolu seçəcəyi regionda qüvvələr nisbətini şəkilləndirəcək.

Bununla yanaşı, Gürcüstanda hakimiyyətin legitimliyi bütövlükdə regionda qlobal oyunçuların mübarizəsinə də təsir göstərə bilər. Burada hərbi qarşıdurmanın meydana gəlməməsi önəmlidir. Münaqişələrin danışıqlar yolu ilə həlli prioritet olaraq qalır. Yəni Gürcüstanda prezidenti seçkisinin geosiyasi kontekstinin əhəmiyyəti dərk edilməlidir.

Gürcüstan bu seçkini demokratik keçirə bilsə və ölkədə demokratik-hüquqi vəziyyət yaxşılaşsa, cəmiyyətdə sabitlik bərpa olunar. Əks halda, cəmiyyətin növbəti seçkidə "Gürcü arzusu"na "qırmızı kart" göstərməsi qaçılmaz olacaq. Bu isə ölkədə siyasi silkələnmələr ehtimalının qala biləcəyi deməkdir. Təbii ki, belə vəziyyət arzuolunan deyil.

Newtimes.az

 





29.11.2018    çap et  çap et