525.Az

Qrant uğrunda yeni savaş: "Mühacir şəbəkəsi" özünü ifşa etdi


 

Qrant uğrunda yeni savaş: <b style="color:red">"Mühacir şəbəkəsi" özünü ifşa etdi </b>

Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər.

Açıqlamalar göstərir ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində, xarici antiazərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək onlara verilən sifarişləri yerinə yetiriblər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub.

Bu dəfə Avropada yaşayan siyasi mühacirlər - Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birlərini ifşa edib və beləcə, adıçəkilən gənclərin seçki öncəsi birliyinin səbəbi də məlum olub. Belə ki, onları xaricdən alınan qrantlar biləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub. Qrantların düzgün bölüşdürülməməsi isə onlar arasında əsl qarşıdurma yaradıb. Məhəmmədin sosial şəbəkədə Tural Sadıqlı haqda yazdıqları bunu deməyə əsas verir:  "Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı "yutub"dan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə, birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də qrant" üçün etdin, mən bu dəqiqənin özümdə belə xalqın layihəsini etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, elə yazmısan ki, yanımıza çəkdik, filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm".

"Made in Azerbaijan" səhifəsinin admini olan Məhəmməd daha sonra Turalı satqınlıqda da ittiham edib:  "Sənin qardaşın iki kilo heroinlə şərlənir azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya".

Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib. 

Məhəmməd Mirzəlinin şikayəti əsasında "YouTube"də "Azad söz" səhifəsindən şikayət edilib və səhifə bağlanıb.

Sosial şəbəkənin aktiv istifadəçiləri hər iki gəncin statuslarının altına rəy yazmaqla həm öz mövqelərini bildiriblər, həm də bu statusları "skrenşot" edib paylaşmaqla "siyasi mühacirlər"in əsl kimliyini nümayiş etdiriblər.

"Facebook"dakı "5-ci kolon" səhifəsi hər iki gəncin statuslarını paylaşıb, "mühacirlərin" bir-birini ifşa etdiyini qeyd edib. Həmin paylaşımın rəy bölməsinə öz fikrini yazan Azəri Azərin adlı şəxs fitnə ilə yaranan birliyinin fitnə ilə də dağılmasını təbii sayıb.

Vüqar Mirzəyev adlı istifadəçi də Tural ilə Məhəmmədin davasının pul üstündə baş verdiyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Tural Sadıqlı aldığı qrantları Məhəmmədlə bölmədiyindən sonuncu keçmiş dostunu ifşa edib, hətta hikkəsindən kanalını da bağlatdırıb: "Yəqin ki, bu pul məsələsinin içində Orduxan da var. Növbə ona da çatacaq yəqin. Bir şey bəlli oldu ki, ilin əvvəlində Avropada söyüş kampaniyasına start verənlər bunu Vətəni sevdiklərinə görə yox, ağalarından aldıqları qrantlara görə edirmişlər. Bu da "demokratiya" carçıları".

Qeyd edək ki, zaman-zaman Avropada mühacir həyatı yaşayan və Azərbaycana düşmən olan təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərən "vətənpərvərlər" arasında bu cür qarşıdurmalar, qaralama kampaniyaları baş verməkdədir.

Xatırladaq ki, cari ilin mayın 9-da Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin "haqqını" və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər "qrantyeyənlərin" ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə də bundan sonra başlayıb. Onlar özləri-özlərini ifşa ediblər, başqa sözlə, bir-birlərinin paxırlarını açıblar. Bununla da aldıqları qrant müqabilində Avropadakı, qərbdəki ağalarının sifarişlərini yerinə yetirərək dövlətimiz, onun milli maraqları əleyhinə mübarizə apardıqlarını özləri bir daha isbat etmiş olublar.

Onlar əslində, qrant sayəsində yaşayırlar və fəaliyyətləri siyasi çətir altında biznes qurmaqdır. Artıq Azərbaycanda tükənən, antiazərbaycan qüvvələrin etimadını itirən radikal müxalifətdən imtina edilir və daha çox üstünlük siyasi mühacir deyilən insanlara, eyni zamanda, əxlaqsız düşüncələrlə, tərbiyəsiz sözlərlə Azərbaycan dövlətinin üzərinə gələnlərə verilir. Ona görə də xaricdəkilərlə Azərbaycanda olanlar arasında bu cür çəkişmələr, qarşılıqlı ittihamlar yenidən başlayıb.

Qeyd etdiyimiz faktlar bir daha göstərir ki, bu insanların mübarizəsi, məqsədi ancaq qrant almağa yönəlib. O da aydın məsələdir ki, qrantı verənlər onu elə-belə vermirlər. Verilən vəsaitin müqabilində radikal müxalifətdən öz maraqları naminə istifadə edirlər. Həmin dairələrin maraqları isə Azərbaycan əleyhinə yönələn fəaliyyətdən ibarətdir. Ona görə də xaricdən qrant alan qüvvələrin haradan maliyyələşdirilməsi ilə bağlı ciddi tədqiqatlar aparılmalı, üzə çıxarılaraq ifşa olunmalıdır.

Mövzuya münasibət bildirən siyasi ekspert, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev məsələ ilə bağlı bildirib ki, xaricdə fəaliyyət göstərən antiazərbaycan şəbəkəsinin son günlər yenidən fəallaşmaq səyləri fonunda bəzi təzə nüanslar üzə çıxır. Bu nüanslar həmin şəbəkənin əslində, xarici siyasi və maliyyə qrupları tərəfindən idarə edildikləri barədə öncədən deyilənləri sübut edir: "Bu antiazərbaycan şəbəkəsinin üzvləri dövlət əleyhinə apardıqları işin beynəlxalq sifariş olduğu barədə deyilənləri heç cür qəbul etmək istəmir, xarici qrantlarla fəaliyyət göstərdiklərini danırdılar. Əvvəllər "xor kapellası" kimi bütöv görünən bu şəbəkənin üzvləri indi bir-birilərinə elə ittihamlar deməyə başlayıblar ki, şəbəkənin həqiqətən sifarişli qrantlar üzərində dayandığına şübhə qalmır. Bir daha məlum olur ki, özlərini Azərbaycan demokratiyası naminə fədai vətənpərvərlər kimi tanıtmaq istəyən bu "qəhrəmanlar" əslində, qrant yeyənlər, qrant sahiblərinə ən inandırıcı hesabatlar vermək üçün hər cür şərə-böhtana əl atmağa hazır adamlar imiş".

A.Quliyev qeyd edib ki, xaricdəki böhtançı, qrant mənimsəyən şəbəkənin son günlərdə meydana çıxan özünüifşa hərəkətləri bir neçə nöqteyi-nəzərdən əhəmiyyətlidir:

"Əvvala, Azərbaycanda çoxlarının hələ xeyli əvvəl dedikləri "bunları xaricilərin qrantları danışdırır" kimi fikirlər tam doğruldu. Qarşılıqlı ittiham qaydasında kimin haradan nə qədər pul aldığı barədə eşitdiklərimiz buna sübutdur. İkincisi, xaricdəki qarayaxma şəbəkəsinin Azərbaycan cəmiyyətinin fikirlərini dolaşdıra bilmədiyi və özünün parçalandığı ortaya qoyuldu. Üçüncüsü, bu şəbəkənin arxasında duranların perspektivsiz yolda olduqlarını hamı gördü. Nəhayət, böhtançı şəbəkənin Azərbaycanda heç bir sosial bazasının olmadığı aşkarlandı".

A.Quliyevin sözlərinə görə, bu proseslər başqa bir əhəmiyyətli nəticəni də çıxarmağa əsas verir: "Bu ondan ibarətdir ki, xaricdə antiazərbaycan şəbəkəsi yaratmaq taktikasının özü iflasa uğradığı üçün bundan sonra belə şəbəkələri yaratmaq işinə çox nadir hallarda baş vurulacaq və bir müddətdən sonra bu sayaq fəaliyyətlər ümumiyyətlə yox ola bilər".

Siyasi şərhçi Azər Həsrət isə deyib ki, artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər: "Biz bunlarla bağlı uzun müddətdir deyirik ki, adamların dərdi Azərbaycanda insan haqları, demokratiya və sairə deyil. Onların dərdin yalnız qarın davasıdır. Sadəcə olaraq haradan daha çox pul qopara bilərik davasıdır. Yəni bu adamlar özlərini daha baha qiymətə satmaq üçün dəridən-qabıqdan çıxırdılar".

Onun sözlərinə görə, Avropada, Amerikada oturan ağaları onlara bu və ya digər şəkildə maliyyə ötürən mərkəzlər gördülər ki, adamların fəaliyyətinin heç bir effekti yoxdur: "Yəni Azərbaycan ictimai rəyinə bunlar təsir edə bilmirlər. Təsir edə bilmədiklərinə görə də onlara pul ötürən mərkəzlər artıq əllərini bunlardan üzdülər və üzüncə də təbiidir ki, ortada bir problem yarandı. Yəni başımızı hansı pulla saxlayaq və qarnımızı hansı pulla doyduraq. Ona görə də indi Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinin üstünə düşüblər. Onların iddia etdiyi əsas məsələ bir qıraqda qalıb və bir-birlərinin üstünə düşərək ittiham edirlər. Bu, təbiidir. Çünki belə hal ilk dəfə baş vermir. Onlara qədər də bu və ya digər şəkildə bu cür proseslərdə adı hallanan xeyli şəxs olub. O şəxslər də bir müddət guya demokratiya, insan haqları və sairə uğrunda mübarizə apardıqlarını, cəfakeş kimi özlərini təqdim ediblər. Amma pulları tükənəndə təbii ki, o adamlar da tükəniblər və meydandan çəkilib gediblər. Niyə? Çünki ağaları pul vermir və pul vermirsə, biz də işləmirik. Bax, bunların əsl siması budur.

Biz Azərbaycanda uzun müddətdir ki, ictimai-siyasi fəaliyyətlə məşğuluq və media sahəsində çalışırıq. Şəxsən mən nə meydanlarda, nə bizim apardığımız o mübarizələrdə, nə də etiraz aksiyalarında Məhəmməd Mirzəli və Tural Sadıqlı adından adamlara heç vaxt rast gəlməmişəm. Bunların adını mən sadəcə olaraq Avropada oturub Azərbaycana qarşı təhqir kampaniyası apardıqları zamanı öyrənmiş oluram. Təbiidir ki, belə adamlarla bağlı qərar verəndə bizim ictimai rəyimizdə olan insanlar da, ictimaiyyətimiz də diqqətli olmalıdır ki, birdən-birə adamlar Avropada peyda olurlar və Azərbaycanda konkret şəxsləri, siyasi xadimlər, dövlət rəsmilərini söyməyə, təqhir etməyə başlayırlar. Sual olunur. Bunlar kim idi, haradan ortaya çıxdılar. Təbiidir ki, onların pulu kəsilincə, də bir-birlərinin üzərinə düşməsi tam təbii haldır".

PƏRVANƏ

 





29.11.2018    çap et  çap et