525.Az

"Kino və Zaman" təqdim edildi


 

"Kino və Zaman" təqdim edildi <b style="color:red"></b>

Dünən Nizami Kino Mərkəzində Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu "Kino və Zaman" kitabının təqdimatı olub.

Yeni nəşr "Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında" Prezident Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq çap edilib.

Mədəniyyət Nazirliyinin məsul işçisi Almaz Sultanovanın aparıcısı olduğu tədbirdə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək kitab haqqında məlumat verib.

Bildirib ki, mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulan kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb. "Şərq-Qərb" nəşriyyatında çap edilən kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. "Kitabda Aydın müəllim kinomuzun tarixini, keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdırır. Kitab sözün əsl mənasında gələcək nəsillər üçün çox böyük məlumat bazasıdır, tədris vasitəsidir", - deyə M.Hətəmov söyləyib.

Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev çıxış edərək kitabın əhəmiyyətindən söz açıb: "Bu kitabın yazılması və nəşri indiki və gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir. Burada Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olmuş dəyərli kino xadimləri haqqında məlumatlar yer alır. Bu nəşrdə Aydın müəllim hər şeyə, elmi və kino prizmasından yanaşıb. Kitab 120 illik tarixi canlandırır və gələcək nəsillər üçün rabitə yaradır. Tarixən Azərbaycan kinosunun başına çoxlu müsibətlər gətirilib. Kino sənətinin dirçəlməsi və inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün belə nəşrlərin işıq üzü görməsi bizim kino irsimizə, mədəniyyətimizə böyük hörmətin göstəricisidir".

Xalq artisti Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov və digər çıxışçılar kitabla bağlı fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.

Aydın Kazımzadə kitabın ərsəyə gəlməsində dəstəyi olan hər kəsə təşəkkür edib.

Sonda "Kino və Zaman" kitabı tədbir iştirakçılarına müəllifin imzası ilə hədiyyə edilib.

ŞAHANƏ

 





29.11.2018    çap et  çap et