525.Az

ADPU-nun Pedaqoji Forumunun VI dinləməsi keçirildi


 

ADPU-nun Pedaqoji Forumunun VI dinləməsi keçirildi<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən Pedaqoji Forumun (PF) növbəti - VI dinləməsi keçirilib.

Görüşdə tanınmış tədqiqatçı alim Əhməd Qəşəmoğlu "Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri" mövzusunda məruzə ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri, tələbələri, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, tanınmış ziyalılar, təhsil ekspertləri, pedaqoji ictimaiyyətin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədbiri giriş sözü ilə açaraq məruzəçi haqqında məlumat verib.

Dosent E.Aslanov bildirib ki, Əhməd Qəşəmoğlu 1972-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitunda fəaliyyətə başlayıb. 1974-cü ildən 1978-ci ilə kimi Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəlcə təkmilləşmə kursu keçib, sonra isə aspiranturanı bitirib. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış edib. Sovet Sosioloqları Assosiasiyasının İdarə Heyətinin üzvü olub. Bədii yaradıcılıqla da geniş şəkildə məşğul olur. Onun şeirləri ilk dəfə 1977-ci ildə Xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Sonra isə şeirləri, məqalələri, publisistik yazıları müntəzəm olaraq respublika mətbuatında dərc olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981-ci ildə "Gənclik" nəşriyyatında çap olunub. 1980-ci ildə Tuva MSSR-in paytaxtı Qızıl şəhərində keçirilən Gənc Yazıçıların Ümumittifaq Toplantısında lauerat olub. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Gənc qvardiya" nəşriyyatında çap olunub. SSRİ Yazıçılar İttifaqının üzvü olub. O, eyni zamanda, publisistika ilə də məşğul olur. Şeir və publisistik yazıları 10-dan çox xarici ölkədə müxtəlif dillərdə çap olunub. Rəsul Rza adına Beynəlxalq Mükafatın laueratıdır. Əhməd Qəşəmoğlu UNESKO-nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktoru, Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətinin, "Tərəqqi və Demokratiya" İctimai Birliyinin rəhbəridir.

Sonra Əhməd Qəşəmoğlu "Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri" mövzusunda məruzə ilə çıxış edib. Öncə təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edən Ə.Qəşəmoğlu vurğulayıb ki, onun məruzəsi dünyanın qabaqcıl elmi mərkəzlərinin də dəstəklədiyi "Ahəngyol" nəzəriyyəsi əsasında hazırlanıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na görə, təhsil sahəsi qarşısında duran əsas hədəf dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılmasıdır. Qabaqcıl mövqenin əsas meyarları isə ölkə əhalisinin, demoqrafik, iqtisadi, tarixi, mənəvi və s. potensialın xüsusiyyətlərindən, milli müstəqillik imkanlarından irəli gələn məxsusi bir təhsil sisteminin yaranmasıdır. Bu, elə təhsil sistemi olmalıdır ki, ölkəmizin və ümumiyyətlə, bəşəriyyətin tərəqqisinə kömək edə biləcək yüksəkixtisaslı, mənəviyyatlı kadrlar yetişdirsin. Elə bir təhsil sistemi yaradılmalıdır ki, hər kəs öz qabiliyyətinə, imkanlarına, üstünlük verdiyi dəyərlərə görə özünə peşə seçə bilsin. Bu peşələrin hər biri insanın həyat səviyyəsinin arzu edilən şəkildə qurulmasına imkan verməlidir. Hər kəs öz peşəsinin tələb etdiyi səviyyədə biliyə malik olmalıdır. Milli təhsil sistemi ölkənin, Yer üzünün tərəqqisinin mühüm şərtidir.

Tədbirdə çıxış edən təhsil ekspertləri Etibar Əliyev, Almaz Həsrət, dosentlər Zahirəli Sadıxov, Əli Zalov, Amalya Həsənova və başqaları mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Ə.Qəşəmoğlu iştirakçıların mövzu ilə bağlı suallarını da cavablandırıb.

S.QARAYEVA

 





29.11.2018    çap et  çap et