525.Az

Azərbaycanın dünya elmi ictimaiyyətinə tanıdılmasında yeni mərhələ


 

OKSFORD UNİVERSİTETİ NƏZDİNDƏ NİZAMİ GƏNCƏVİ ADINA AZƏRBAYCAN VƏ QAFQAZŞÜNASLIQ MƏRKƏZİ BÖYÜK MİSSİYA YERİNƏ YETİRİR

Azərbaycanın dünya elmi ictimaiyyətinə tanıdılmasında yeni mərhələ<b style="color:red"></b>

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, tarixi həqiqətlərinin və zəngin mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması mühüm elmi-mədəni və siyasi əhəmiyyət daşıyır.

Bu baxımdan, 2013-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, AMEA-nın vitse-prezidenti, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, akademik Nərgiz Paşayevanın Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun, Müqəddəs Endrüs və Nyu-York Universitetlərinin professoru Robert Hoylandla birgə təşəbbüsünün nəticəsi olaraq, Qərb dünyasının ən nüfuzlu ali təhsil müəssisəsi olan Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin yaradılması ölkəmizin elm və mədəniyyət tarixində böyük ictimai hadisədir.

Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayevanın hələ 2013-cü il dekabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin görkəmli alimləri qarşısında çıxışı zamanı söylədiyi "Azərbaycanın iki qürur mənbəyi varsa, bunlardan biri Nizami Gəncəvidir" fikri həyata keçirilməsi nəzərdə tutulan ideyalardan xəbər verir. Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin obyektiv araşdırılması və Qərbin elmi-akademik dairələrinə tanıdılması məqsədilə Böyük Britaniyanın Oksford Universiteti nəzdində yaradılmış ilk akademik elmi tədqiqat müəssisəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində - bu il mayın 23-də Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetinin tərkibində daimi akademik mövcudluğu haqqında Universitetin vitse-kansleri professor Luiz Riçardsonla imzalanmış müqavilə Azərbaycanın elm, təhsil və mədəniyyət tarixinə mühüm hadisə kimi daxil oldu. Nizami Gəncəvi Mərkəzinin Oksford Universitetində yüksək statuslu elmi-akademik qurum olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi bu qədim və dünyada tanınmış təhsil ocağında daimi fəaliyyət göstərməsinin rəsmiləşdirilməsi Mərkəzin Oksford Universitetindəki əvəzolunmaz xidmətlərindən irəli gəlir. Təbii ki, bu mühüm nailiyyət 2013-cü ildən həyata keçirilən, Azərbaycanın və Qafqazın dil, mədəniyyət və tarixini öyrənmək üçün nəzərdə tutulan beş illik elmi-tədris və tədqiqat proqramının uğurlu icrası nəticəsində qazanılmışdır. Mərkəz Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsi kimi, dünya elmi ictimaiyyəti tərəfindən təsdiqlənmiş qaydalar əsasında fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Postsovet müsəlman respublikaları arasında məhz Azərbaycanın birinci olaraq, Oksford Universitetində öz mövcudluğunu - daimi funksional və yüksək statuslu elmi-akademik mərkəzini təşkil etməsi Azərbaycan elminin dünya elminə inteqrasiyası, mədəni irsimizin və tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində yeni imkanlar açmışdır.

Qeyd edək ki, 1965-ci ildə Oksford Universitetinin Şərqşünaslıq fakültəsində Qalust Gulbenkyan tərəfindən erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi məqsədilə yaradılan mərkəz bu günə kimi fəaliyyətini davam etdirir. Bunun nəticəsidir ki, hazırda erməni dili, tarixi və mədəniyyəti universitetdə öyrənilir və onun Bodleyn kitabxanasında müvafiq sahə üzrə zəngin materialları mövcuddur. Digər tərəfdən, bu vaxta qədər Oksford Universitetində Qafqaz Albaniyasının tarixi məhz erməni tarixi kontekstində öyrədilib və tədris edilib. Təəssüf ki, çoxlarının gözü önündə reallaşdırılan bu antiazərbaycan missiyanın qarşısında indiyə qədər dayanan olmamış, 2013-cü ilə kimi bu yöndə hansısa addım atılmamışdı.

Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin qarşıya qoyduğu əsas vəzifələrdən biri illərlə diqqətdən kənarda qalan bu elmi boşluğun aradan qaldırılması - Azərbaycanın qədim və zəngin tarixinin dünya elm məkanında düzgün çatdırılmasıdır. Üç il öncəki çıxışında akademik N. Paşayeva məsələnin ciddi narahatlıq doğurduğunu açıq şəkildə belə ifadə etmişdi: "Biz, əlbəttə, XX əsrin ortalarında deyil, 2015-ci ildəyik və beləliklə, Oksford Universitetinə gəlişimiz yarım əsr gecikib. Lakin həqiqət bizim tərəfimizdədir və birgə səylərimiz nəticəsində bu işi tez bir zamanda görə bilərik". Həmin il Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin keçirdiyi ilk konfransda Mərkəzin Britaniya tərəfdən rəhbəri, professor Edmund Hersiq də elmi-nəzəri müstəvidə yaranmış bu boşluğun aradan qaldırılmasının zəruri əhəmiyyət daşıdığını vurğulamışdı: "Azərbaycan və onun yerləşdiyi Qafqaz, eləcə də Xəzər dənizi regionu uzun zaman Qərbdə elmi cəhətdən yetərincə öyrənilməyib və bu baxımdan elmi-nəzəri boşluq yaranıb. Digər tərəfdən, dünyanın belə bir əhəmiyyətli bölgəsinin alim və mütəfəkkirləri ilə siyasi sistem və ideologiya fərqlərinə görə lazımi səviyyədə əlaqələr qurulmayıb. Son dövrdə qeyd edilən fərqliliklərin və çatışmazlıqların aradan qaldırılması üçün səylər artırılsa da, bu, yetərincə deyildir. Ümidvarıq ki, Nizami Gəncəvi adına Mərkəz öz elmi təşəbbüsləri ilə uzun zamandan bəri yaranmış bu elmi boşluğu doldurmağa nail olacaqdır".

Üç ildən sonra, yəni 2018-ci ildə akademik N. Paşayevanın Oksford Universiteti Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edilməsi ölkəmiz üçün növbəti mühüm hadisə oldu. Bu, akademik N. Paşayevanın beş il müddətindəki gərgin elmi təşkilatçılıq fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.

2018-ci il oktyabrın 11-də Oksford Universiteti Kanslerinin Xeyriyyəçilər Komitəsinin Universitetin XVI əsrə aid məşhur Konvokeyşn binasında keçirilmiş 28-ci illik toplantısında - Mərkəzin Azərbaycan tərəfdən rəhbəri akademik N.Paşayevanın Kansler Lord Patten Barnes tərəfindən Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli surətdə qəbul edilməsi mərasimində Lord Pattenin dərin səmimiyyətlə söylədiyi fikirləri Mərkəzin fəaliyyətinə göstərilən böyük diqqət və etibarın nəticəsidir: "Siz indi mənə universitetin mötəbər dostu və akademik tərəfdaşı kimi təqdim edildiniz. Sizi Fəxri üzv kimi Xeyriyyəçilər Komitəmə qəbul edirəm və Sizin bu alicənablığınızı sevinclə qəbul edərək, Klarendon Arkasının altındakı tabloda adınızın yazılmasını bəyan edirik". Mərasimdə kanslerin ilk dəfə Nizami Gəncəvini fars şairi deyil, XII əsr şairi adlandırması, həmçinin, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsini və Universitetin Türk dilləri bölümündə Azərbaycan dilinin tədris olunacağını səsləndirməsi demək olar ki, tarixi andır və Nizami Gəncəvi Mərkəzinin uğurlu fəaliyyətinin göstəricisidir.

Ali yığıncaqda xüsusi oratorun yüksək tribunadan "Fond ...Oksford Universitetinin Türk Dilləri Bölməsində Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə tanış olmaq və bu dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına dəstək verib" fikrini bəyan etməsi Mərkəzin ardıcıl fəaliyyətinin növbəti mühüm mərhələsi kimi, Azərbaycan dilinin qorunması və təbliği sahəsində görəcəyi böyük işlərdən xəbər verir.

Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsinə, saflığının qorunmasına və dünya azərbaycanlılarının həmrəyliyinin göstəricisi kimi, beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəldilməsinə diqqətin artırıldığı bir dövrdə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin bu istiqamətdəki səmərəli fəaliyyəti böyük əhəmiyyət daşıyır.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dili ilə bağlı imzaladığı iki mühüm dövlət sənədi - "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 iyul 2018-ci il tarixli Sərəncam və "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli Fərman əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dil siyasətinin uğurlu davamıdır. Azərbaycan dilinin beynəlxalq miqyasda təbliği missiyasını Böyük Britaniya kimi qədim və fundamental ənənələrə malik bir ölkədə Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yüksək səviyyədə və peşəkarlıqla həyata keçirir.

Bütün bunlar Nizami Gəncəvi Mərkəzinin beş illik fəaliyyəti nəticəsində əldə edilmiş və xalqımızın elm, mədəniyyət tarixinə həkk olmuş böyük uğurdur. Bu sahədə qazanılmış nailiyyətlər gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün yeni bir tərəfdaşlığın təməlidir. Elmimizin və mədəniyyətimizin gələcəkdə möhkəm bünövrə üzərində inkişafı və təbliği üçün bu yüksək elmi-akademik qurumla davamlı əməkdaşlıq etmək və onun fəaliyyətinə yaxından dəstək olmaq məqsədilə göstərilən təşəbbüslər bundan sonra da gücləndirilməli, ictimaiyyətimiz düzgün və ətraflı məlumatlandırılmalıdır. Oksford Universiteti ilə yaradılmış sıx, davamlı əməkdaşlıq Azərbaycanın elmi, təhsili və mədəniyyəti tarixində tam yeni və fundamental səhifə açdı.

Elbrus ƏZİZOV
Bakı Dövlət Universiteti Türkologiya kafedrasının professoru

 





29.11.2018    çap et  çap et