525.Az

"Qondarma qurumun tanıdılması cəhdləri beynəlxalq hüquqa ziddir"


 

ELÇİN ƏHMƏDOV: "ABŞ, FRANSA VƏ RUSİYA MÜNAQİŞƏNİN NİZAMA SALINMASI ÜÇÜN ÜZƏRLƏRİNƏ GÖTÜRDÜKLƏRİ ÖHDƏLİKLƏRƏ UYĞUN DAVRANMIR"

"Qondarma qurumun tanıdılması cəhdləri beynəlxalq hüquqa ziddir"<b style="color:red"></b>

"Son vaxtlar Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur".
 
Bu sözləri "525"ə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov deyib. O bildirib ki, Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi təqdim etməkdir: "Bu baxımdan Ermənistanın baş naziri vəzifəsini icra edən şəxsin BMT Baş Assambleyasının 73-cü sessiyasında, daha sonra Paris Sülh Forumunda çıxışı, eyni zamanda, qondarma rejimin 30 illiyi ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət edir, eləcə də beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir".

E.Əhmədov xatırladıb ki, sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə (DQMV) malik olub: "Erməni millətçilərinin düşmənçilik hisslərini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim xüsusi diqqət və qayğı göstərib. Sovet dövründə DQMV özünü idarəetmənin bütün əsas elementlərinə malik olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936-cı və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit edilmişdi. SSRİ və Azərbaycan SSR konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim olunmuşdu və 1981-ci il iyunun 16-da qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunla tənzimlənirdi. Yəni sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, 1988-ci ildə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 60 minə yaxın azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub, məcburən köçkün salıb, eləcə də Ermənistandan 200 mindən çox azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edib. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib, 26 il əvvəl Xocalı soyqırımını törədib. Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında konstitusiyaya zidd qərar qəbul edib. Lakin bu azmış kimi, heç bir beynəlxalq hüquq normalarına əməl etməyən Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da özünün növbədənkənar iclasında "DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in 1990-cı il üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət planına daxil edilməsi" barədə Azərbaycana qarşı daha bir qeyri-qanuni qərar qəbul edib. İşğalçı ölkənin Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarları beynəlxalq hüquqazidd və SSRİ Konstitusiyası əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri konstitusiyaya zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi".

Siyasi elmlər doktoru qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir: "Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi deyil, nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir: Ermənistan parlamenti beynəlxalq hüququn bütün normalarını kobudcasına pozaraq 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul edib və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur".

Professor vurğulayıb ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub: "Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyünün və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir".

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərinə toxunan E.Əhmədov bildirib ki, ABŞ, Fransa və Rusiya münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd davranır: "Həmsədr dövlətlər Bako Saakyanın səfərinin qarşısını almalıydılar".

Siyasi elmlər doktoru qeyd edib ki, B.Saakyanın 2017-ci ildə Belçikaya, cari ilin martında ABŞ-a, noyabr ayında isə əvvəlcə Fransa, sonra ABŞ və Rusiyaya bir-birinin ardınca səyahəti, hər şeydən əvvəl, beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə uyğun deyil: "Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan yaradılması işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir. Yəni bu cəhdlər Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin tanıdılması səyləri ilə üst-üstə düşür. Bu kimi addımlarla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ayrı-seçkiliyə əsaslanan siyasət yürüdərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalan, öz doğma yurdlarından məcburən köçkün düşən 80 mindən çox azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar. Halbuki ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar".

"Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bildirib. Bu cəhətdən Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindəki cinayətkar rejimin, eləcə də heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun tanıdılması üçün göstərdiyi cəhdlər beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur", - deyə, E.Əhmədov qeyd edib.

Ceyhun ABASOV

 





30.11.2018    çap et  çap et