525.Az

Gürcüstan prezidentini seçdi: Vaşadze məğlub oldu


 

"QONŞU ÖLKƏDƏ PREZİDENT VƏ BAŞ NAZİR KİM OLURSA-OLSUN, RƏSMİ TBİLİSİ AZƏRBAYCANLA STRATEJİ TƏRƏFDAŞLIĞI DAVAM ETDİRMƏK MƏCBURİYYƏTİNDƏDİR"

Gürcüstan prezidentini seçdi: <b style="color:red">Vaşadze məğlub oldu</b>

Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, hakim "Gürcü Arzusu" Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,52 faizinin səsini toplayaraq qalib gəlib.

Müxalif "Vahid Milli Hərəkat" Partiyasının namizədi Qriqol Vaşadze isə seçicilərin 40,48 faizinin səsini toplaya bilib. Nəticədə, qonşu ölkədə ilk dəfə qadın namizəd prezident seçilib.

Bu seçki Gürcüstanda keçirilən sonuncu ümummilli prezident seçkisi kimi tarixə düşüb. 2024-cü ildən etibarən prezidenti 300 nəfərdən ibarət seçki kollegiyası seçəcək. S.Zurabaşvilinin andiçmə mərasimindən sonra qüvvəyə minəcək yeni konstitusiya hökumətin birdəfəlik parlament modelinə keçidini nəzərdə tutur.

Ona görə də Gürcüstanın eks-prezidenti Mixail Sakaşvili bu seçkilərdə dəstəklədiyi namizəd Q.Vaşadzenin qələbə qazanacağına böyük ümid bəsləyirdi. O, gürcü müxalifətinin dəstəklədiyi namizədin qələbə qazanmasından sonra ölkəyə geri dönərək, aktiv siyasətə qayıtmağı planlaşdırıdı. Lakin seçki nəticələrinin M.Sakaşvilinin gözləntilərini doğrultmaması onun tərəfdarlarını da qane etməyib.

Eks-prezident seçkilərin saxtalaşdırıldığı iddiası ilə əhalini etiraza çağırıb.

Bu mənada, Gürcüstanda seçki sonrası proseslərin hansı məcrada inkişaf edəcəyi sual doğurur.

Seçkinin nəticələrini şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Q.Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək idi: "Birincisi, o, hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Birinci turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze ikinci turda tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Bakradze 10 faiz səs toplamışdı. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Etmədi. Vaşadze gözlənilənin əksinə olaraq kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu".

Bu məğlubiyyətin əsas səbəblərindən danışan politoloq qeyd edib ki, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini S.Zurabişvilinin qələbəsinə yönəldib: "Çünki Vaşadze qələbə çalsaydı, İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa, Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır".

E.Şahinoğlunun sözlərinə görə, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verib: "Bu, bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar edib və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər".

Mərkəz sədri deyib ki, Q.Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmayıblar: "Seçicilərin bir hissəsi ümumiyyətlə, ikinci turda səsvermə məntəqəsinə yollanmayıb. Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmayıb. Vaşadze elektoratını fəallaşdıra bilməyib".

Politoloq hesab edir ki, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi: "Yəni guya Saakaşvili qayıtsaydı, yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən, Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri olub".

Mixail Saakaşvilinin tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləməsinə toxunan E.Şahinoğlu bildirib ki, Saakaşvili rahatdır, tapşırıqlarını Hollandiyadan verir, Vaşadze üçün isə qərar vermək çətindir: "Əlbəttə, o, baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu, onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına, bu isə öz növbəsində vətəndaş müharibəsinə gətirib çıxaracaq. Ona görə də Saakaşvilidən fərqli olaraq Vaşadze tələsik qərar verməyəcək".

"Açıq demək lazımdır ki, çoxumuzun simpatiyası Vaşadzenin tərəfində idi. Çünki, Vaşadze Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən, Gürcüstandakı azərbaycanlılara önəm verir. Ancaq Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun, rəsmi Tbilisi Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar", - deyə politoloq fikirlərini tamamlayıb.

Ceyhun ABASOV

 





30.11.2018    çap et  çap et