525.Az

Paşinyan "hamının hamıya" prinsipi ilə razılaşmaq məcburiyyətində qalacaq


 

Paşinyan "hamının hamıya" prinsipi ilə razılaşmaq məcburiyyətində qalacaq<b style="color:red"></b>

Azərbaycanın Ermənistan rəhbərliyinə təklif etdiyi bütün hərbi əsirlərin və girovların "hamının hamıya" prinsipi ilə azad edilməsi humanitar təklifi hələlik İrəvan tərəfindən cavabsız qalır.

Daha əvvəl Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirmişdir ki, 29 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanlanan məktubda hər iki tərəfin saxladığı şəxslərin tezliklə qaytarılması, eyni zamanda, sonradan girov götürülmüş şəxslərin və cəsədlərdən üç gündən gec olmayaraq geri qaytarılmasına dair razılaşma layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifi erməni tərəfinə təqdim edib və saziş layihəsi üzrə müvafiq işlər görülür.

Bununla yanaşı, Dövlət Komissiyası Bakı şəhərində Dağlıq Qarabağ regionunda itkin düşmüş şəxslərin axtarışı, əsir və girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu (BİQ) ilə birgə 2017 və 2018-ci illərdə keçirilmiş görüşlərdə tərəflərin saxlanılan şəxsləri "hamının hamıya" prinsipi ilə tezliklə azad edilməsi məsələsini müzakirə ediblər.

Son iki il ərzində bu təklif Ermənistanı və işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edən BİQ-in həmsədrləri Bernhard Klasen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq strukturlarına çatdırılıb.

Bu ilin oktyabr ayında Ermənistanı və Dağlıq Qarabağı ziyarət edən BİQ-in həmsədrləri Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayında iki ölkənin dövlət komissiyaları ilə Tbilisidə görüş keçirmək niyyətində olduqlarını və müzakirəyə çıxarılacaq mövzular barədə razılığa gəlmək istədiklərini bildiriblər.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası  "hamının hamıya" prinsipi ilə saxlanılan şəxslərin qısa müddətə dəyişdirilməsi məsələsinin müzakirə ediləcəyi halda, görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi də Bakının bu təklifini müsbət qiymətləndirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləyir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir.

Zaxarova bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi başlıca vəzifəyə uyğun olan istənilən anlaşmanı təqdir edirlər: "Lakin anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də Azərbaycanın bu cür təşəbbüsü çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir".

Bir neçə gün əvvəl Ağdam rayonunda qoşunların təmas xəttində təxribat törətmək istəyərkən 2014-cü il dekabrın 26-da saxlanılan və  Gəncə məhkəməsi tərəfindən 2015-ci il mayın 5-də 15 il müddətinə azadlıqdan məhrum edilən erməni hərbçi Arsen Baqdasaryan da "hamının hamıya" prinsipi ilə azad edilməsi ilə bağlı baş nazir vəzifəsini icra edən Nikol Paşinyana müraciət edib.

Arsen Baqdasaryan Azərbaycan mediasına müsahibəsində erməni tərəfinin onun taleyinə laqeyd yanaşdığını bildirib: "Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir".

O, daha sonra bildirib ki, söylədiklərimin hamısı öz fikirləridir: "Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm. Mənim bir tək xahişim var - evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və "Skype"la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur".

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, sonunda Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin hərbi əsirlərin və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsinə dair təklifi ilə razılaşacaq: "Düşünürəm ki, Paşinyan təmas xəttində təxribat törətməyə cəhd edən erməni hərbçilərinin ailələrindən, erməni kəndlərinin sakinlərindən olduqca ciddi bir təzyiq görür. Hesab edirəm ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra bu məsələ öz həllini tapa bilər". Politoloqun fikrincə, Nikol Paşinyan göründüyü kimi, hələlik fasilə götürməyə qərar verib: "Amma sonda o, heç bir yerə getməyəcək və Azərbaycan tərəfinin təklifinə razılaşmağa məcbur olacaq".

PƏRVANƏ

 





30.11.2018    çap et  çap et