525.Az

"Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malikdir"


 

"Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malikdir"<b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası çərçivəsində nazirlər toplantısı keçirilib.

"Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması" mövzusunda keçirilən sessiyada Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlər toplantısında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edib. O qeyd edib ki, müasir qloballaşan dünyada uğurlu nailiyyətlər əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün gömrük infrastrukturunun inkişaf etdirilməsi də zəruridir.

Azərbaycanın tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi ölkənin Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. Tarixi Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarətilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb.

Səfər Mehdiyev bildirib ki, gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə bütün sahələrdə olduğu kimi, gömrük işi sahəsində də dinamik inkişaf təmin edilir, gömrük sistemi təkmilləşdirilir və beynəlxalq standartlara cavab verən bir sıra müasir layihələr və yeni islahatlar həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycan Gömrük Xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib.

Son dövrdə Azərbaycan gömrük sistemində islahatların aparılması, gömrük-biznes əməkdaşlığının inkişafı, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində bir sıra işlər görülüb.

Gömrük prosedurları - "sərhəddən-buraxılışa qədər", yəni sərhəddən keçən mallar və nəqliyyat vasitələrinin qeydiyyatı, onlar üzərində gömrük nəzarəti və təyinatı üzrə gömrük orqanına çatdırılması, mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, bəyan etmədən sonra ödənişlər və sonda malın sahibinə buraxılması - bütün proses tam avtomatlaşdırılıb. Bütün bunlar Dövlət Gömrük Komitəsinin təşəbbüsü və imkanları nəticəsində yaradılan "Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi - VAİS" vasitəsilə həyata keçirilir və bu sistem əsasında sahibkarlara elektron gömrük xidmətləri göstərilir. Hazırda isə, Avropa İttifaqı ilə əməkdaşlığın davamı olaraq, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması istiqamətində davamlı işlər aparılır.

S.Mehdiyev bildirib ki, gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi gömrük işini daha çevik edir, o cümlədən, gömrük prosedurlarının sürətləndirilməsi xarici iqtisadi fəaliyyət iştirakçılarının məmnunluğunu artırır.

O əlavə edib ki, hər bir xidmətin elektron formaya keçirilməsi ilə bağlı konkret mexanizm hazırlanır. Gömrük rəsmiləşdirilməsində şəffaflığın təmin edilməsi, bəyanetmə prosesinin asanlaşdırılması və gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə malların və nəqliyyat vasitələrininin kağızsız texnologiya əsasında internet üzərindən bəyan edilməsinə imkan verən Elektron Gömrük Bəyannaməsi sistemi sahibkarların istifadəsinə verilib.

Hazırda isə Dövlət Gömrük Komitəsi və açıq hökumət cəmiyyətləri arasında sıx və əlaqəli işlər başlayıb. Bütün məlumatların, o cümlədən, xarici ticarətin gömrük statistikasının Açıq Hökumət Məlumatları Portalına inteqrasiya edilməsi üzərində işlər davam edir.

S.Mehdiyev vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görür.

Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub.

S.QARAYEVA

 





30.11.2018    çap et  çap et