525.Az

"Azərsu" yeni elektron xidmət istifadəyə verdi


 

"Azərsu" yeni elektron xidmət istifadəyə verdi<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.

Cəmiyyətdən verilən məlumata görə, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" prezident fərmanına uyğun olaraq "Azərsu" 14-cü "Su nümunələrinin yoxlanılmasına dair müraciət" adlı elektron xidmət istifadəyə verib.

Yeni xidmət ödənişli əsaslarla içməli su (bulaq, quyu, kəhriz, subartezian suları və s.), üzgüçülük-hovuz suyu, isitmə suyu, suvarma suyu və tullantı su nümunələrinin laboratoriyada yoxlanılması üçün müraciətin edilməsini nəzərdə tutur. Bunun üçün "www.e-gov.az" portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində "Azərsu", daha sonra "Su nümunələrinin yoxlanılmasına dair müraciət" adlı elektron xidməti seçməlidir. Müraciətin qeydiyyata alınması üçün bir sıra məlumatlar sistemə elektron formada daxil edilməlidir.

Nümunələr üzrə aparılacaq analizlərin göstəriciləri seçildikdən sonra istifadəçilər müvafiq bölmədə nümunənin yoxlanılması üzrə xidmət haqları ilə tanış ola bilərlər. Sifarişçi xidmətin göstərilməsinə razılıq verdiyini "Xidmətin həyata keçirilməsi proseduru ilə tanış oldum və şərtlərlə razıyam" seçimi ilə təsdiq etməlidir.

Daxil olan müraciətə "Azərsu"nin Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən baxılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Nümunələrin ünvandan götürülməsi, sifarişçi ilə müqavilə bağlanılması laboratoriyanın mütəxəssisləri tərəfindən təmin edilir. Ödəniş edildikdən və nümunələrin yoxlanılması yekunlaşdıqdan sonra sifarişçiyə elektron poçt vasitəsilə məlumat verilir. Analizlərin nəticələrini Mərkəzi Laboratoriyadan kağız daşıyıcıda və ya "www.e-gov.az" portalından elektron formada əldə etmək mümkündür.

C.ABASOV

 





30.11.2018    çap et  çap et