525.Az

Qrant ovçularının uğursuzluğu: Təxribat planı həyata keçmədi


 

Qrant ovçularının uğursuzluğu: <b style="color:red">Təxribat planı həyata keçmədi</b>

Xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri - Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında qalmaqal getdikcə böyüyür. Bu dəfə Tural Sadıqlı keçmiş iş ortağının ünvanına kəskin ifadələr səsləndirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Məhəmməd Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqda sensasion faktlar açıqlayaraq əldə olunan qrantdan ona lazımi məbləği verməməkdə günahlandırıb. “Made in Azerbaijan” səhifəsinin admini olan Məhəmməd Turalı satqınlıqda belə ittiham edib.

Məhəmmədin dediklərinə Turalın cavabı özünü çox gözlətməyib. Az sonra Sadıqlı video paylaşaraq keçmiş dostunu kəskin tənqid edib, onu satqın və ikiüzlü insan adlandırıb: “Məhəmməd deyir ki, guya onun bacısının ərini həbs ediblər. Ancaq bununla bağlı heç bir sənəd, məhkəmə qərarını paylaşmır, üzə çıxarmır. Bu necə ola bilər? Və mənə mesaj yazıb ki, qoy yeznəm həbsdən çıxsın, sonra davam edərik. Bu adamın məqsədi siyasi oturum almaq idi deyə bir ara fəallaşmışdı, Avropada oturumu aldı, sonra sakitləşdi. Daha sonra ailəsini bura gətirmək üçün höküməti söydü və anasını bura gətirdi. İndi də deyir ki, qoy bir az sakit dayanım, yeznəm həbsdən çıxsın”.

Tural Sadıqlı daha sonra Məhəmməd Mirzəlini savadsız və cahil adam adlandırıb: “Bu adamın danışığından da bilinir ki, heç bir savadı, dünyagörüşü yoxdur. Yalnız söyüş söyməklə nəyəsə nail olmaq istəyirdi, hamı da bizi qınayırdı ki, niyə bu adama efir verirsiz. Biz sadəcə ona dəstək olmaq istədik, o da belə etdi”.

Sadıqlı canlı yayımda Mirzəlinin videogörüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir: “Mən sadəcə olaraq sizə bir videonu göstərəcəm və özünüz hər şeyi başa düşəcəksiz. Məhəmməd canlı yayımda deyir: şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir”.

Yuxarıda adları keçən şəxslərin bir-birilərinə qarşı səsləndirdikləri ittihamlar bir daha göstərir ki, bu insanların mübarizəsi, məqsədi ancaq qrant almağa yönəlib. O da aydın məsələdir ki, qrantı verənlər onu elə-belə vermirlər. Verilən vəsaitin müqabilində radikal müxalifətdən öz maraqları naminə istifadə edirlər. Həmin dairələrin maraqları isə Azərbaycan əleyhinə yönələn fəaliyyətdən ibarətdir.

Mövzu ilə bağlı danışan siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Avropada yaşayan siyasi “mühacir şəbəkəsi”nin məqsədlərinin nədən ibarət olması əslində ilk gündən məlum idi. Çünki eyni şəbəkə artıq bir neçə dəfə özünü sosial şəbəkələrdə ifşa etmişdi. Onun sözlərinə görə, bu sıraya Xədicə ismayıl, Emin Milli və digərlərini aid etmək olar:

“Bu, həmin şəbəkənin tör-töküntüləridir. Ola bilsin ki, daha ucuz qiymətlərlə xarici ağalarına xidmət ediblər. İndi isə aqressiya daha qabarıq şəkildə ortaya çıxıb. Qurşaqdan aşağı aparılan bu təbliğat kampaniyasının əsas məqsədi ondan ibarət idi ki, Azərbaycanda siyasi mədəniyyəti zədələsinlər, insanlar arasındakı münasibəti kəskinləşdirsinlər və siyasi münasibətlərdə ən ağır ittihamlardan, böhtanlardan, təhqirlərdən istifadə etməyi adi hala çevirsinlər”.

E.Mirzəbəyli hesab edir ki, bu, məqsədyönlü şəkildə həyata keçirilən, onların qarşısına qoyulan bir təxribat planı idi: “Təbii ki, onlar təxribat planını həyata keçirə bilmədilər. Çünki Azəbaycanda mütləq çoxluq siyasi mədəniyyəti qoruyub saxlamağı bacarır, eyni zamanda, ölkəmizdə baş verən prosesləri yaxşı başa düşürlər, dövlətin, Azərbaycanın müstəqilliyinin yanındadırlar. Və bu şəxslərin təkcə Azərbaycandakı siyasi hakimiyyətə deyil, eyni zamanda, Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə qarşı siyasət yürüdən bir qrupun, xarici dairələrin əlində oyuncaq olduğunu başa düşürdülər. İndi isə həmin şəxslərin sifəti bir daha öz timsallarında ortaya çıxdı. Yəni əvvəla bu layihələr uğursuzluğa düçar oldu. Bundan sonra isə onlara qrant ayıran qruplar, təşkilatlar qrant ayırmadılar. Çünki uğursuz insanlara pul xərcləməyə dəyməz. Nəticə etibarilə, bir-birilərini ittiham edərək ifşa etməyə başladılar. Yəni bu baxımdan top artıq onların öz meydançalarındadır və bir-birilərinə qol vurmaqla məşğuldurlar”.

E.Mirzəbəylinin sözlərinə görə, dünyanın heç bir yerində siyasi münasibətlərdə aqressiyadan, əxlaqsız ifadələrdən istifadə etmək qəbul olunmur. Yəni onlara qrant verən şəxslər, dairələr özləri öz ölkələrində bu cür münasibətlərin əleyhinədirlər. Bu da onu sübut edir ki, həmin dairələrin arxasında və yaxud içərisində birbaşa ermənipərəst qüvvələr, Azərbaycandakı münasibətləri kəskinləşdirməyə çalışanlar var.

Onların bundan sonrakı fəaliyyətinin nədən ibarət olacağına toxunan siyasi şərhçi, “mühacir şəbəkəsinin” əvvəldən heç kimə lazım olmadığını deyib: “Onların ənənəvi olduqları yerlər var idi - ayaqyolları və s. orda da günlərini keçirəcəklər”.

AZAD

 





01.12.2018    çap et  çap et