525.Az

“Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu danılmazdır”


 

“PREZİDENT İLHAM ƏLİYEVİN RAMZAN KADIROVLA GÖRÜŞÜ ÖLKƏMİZİN REGİONDA VACİB ROL OYNADIĞINI BİR DAHA TƏSDİQ EDİR”

“Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu danılmazdır”<b style="color:red"></b>

Məlum olduğu kimi, Rusiya Federasiyasının Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov noyabrın 27-də Azərbaycana səfər edib. Çeçenistan rəhbəri Bakıda Prezident İlham Əliyevlə görüşüb.

R.Kadırovun səfərinin məqsədi, görüşdə verilən mesajlar barədə fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, görüşdə İlham Əliyev və Ramzan Kadırov bir-birlərinin ünvanına xoş sözlər söyləyiblər: “Ramzan Kadırov deyib ki, İlham Əliyev yalnız Azərbaycan üçün deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görür: “Siz yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdirirsiniz. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür”.

E.Şahinoğlunun sözlərinə görə, Ramzan Kadırov bildirib ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ən çətin illərdə Çeçenistana kömək edib: “Biz bunu heç vaxt unutmayacağıq”. Ramzan Kadırov məlumat verib ki, Çeçenistanda Heydər Əliyevin xatirəsinə bağ salınıb. Kadırov bağın açılışına İlham Əliyevi dəvət edib”.

“Azərbaycan prezidenti də Kadırov haqqında xoş sözlər söyləyib. Dövlət başçısı qeyd edib: “Sizin rəhbərliyiniz altında Çeçenistan inkişaf edir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar”, - deyə politoloq qeyd edib.

R.Kadırovun rəsmi Bakı ilə yaxınlaşmağa çalışdığını deyən E. Şahinoğlu bildirib ki, bunun səbəbi var: “Rusiyada iqtisadi vəziyyət ağırdır. Rusiya prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki yenidən qurub. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərcləyib. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir. Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır”.

Azərbaycanın Qafqazın ən varlı dövləti olduğunu deyən politoloq bildirib ki, Rusiyanın Qafqazdakı respublikaları Azərbaycandan investisiyalar gözləyir: “Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı respublikalara bir neçə dəfə səfər edib, görüşlər keçirib. Elə Ramzan Kadırovun İlham Əliyevlə görüşündə də Şahin Mustafayev iştirak etmişdi. Əlbəttə, Azərbaycan prezidentinin vurğuladığı kimi, keçmiş illərdən fərqli olaraq Çeçenistanda savaş və terror yoxdur, sabitlikdir. Ancaq Çeçenistan və Dağıstandakı sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir. Risklər hələ var”.

Politoloq qeyd edib ki, rəsmi Bakı Dağıstana, Çeçenistana, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır: “Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində addım gözləyir. Məsələn, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır. 2019-cu ilin büdcəsində Moskva Universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edən Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki Bakı Dövlət Universiteti Azərbaycanın ən böyük universitetidir. Rəsmi Bakı bütün bunları ona görə edir ki, Moskva rəsmi Bakının Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı respublikalarına daha böyük investisiyalar yatırar”.

Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşü Azərbaycanın regionda vacib rol oynadığını bir daha təsdiq edir: “Görüşdə vurğulandığı kimi, bütövlükdə Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu mühüm və danılmazdır”.

Deputat qeyd edib ki, Rusiya Federasiyasında işsizliyin ən yüksək olduğu Şimali Qafqaz regionuna Azərbaycan indiyədək yüz milyonlarla dollar yatırım edib: “Məhz bu yatırımların hesabına minlərlə iş yeri açılıb ki, bu da orada həm iqtisadi, həm də ictimai-siyasi duruma təsirsiz qalmayıb”.

S.Alıyevin sözlərinə görə, ümumiyyətlə, rusiyalı strateqlər həmişə bu fikirdə olublar ki, Cənubi Qafqazda Rusiyaya yanaşma nə qədər yaxşı olacaqsa, bu, Şimali Qafqazda vəziyyətə Moskvanın maraqları baxımından bir o qədər müsbət təsir edəcək: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev Ramzan Kadırovla görüşdə Qafqazın o tayındakı respublikalar, o cümlədən, Çeçenistanla əlaqələri Azərbaycan-Rusiya strateji əməkdaşlığı çərçivəsində dəyərləndirib”.

Deputat ümid edir ki, Azərbaycanda terrorçu kimi tanınan Bako Saakyanın Rusiyaya səfərinə, Dağlıq Qarabağdakı separatçı rejimin Moskvada “təmsilçiliyinin” olmasına göz yumub şərait yaradanlar, ölkəmizin parçalanmasına çalışanlara dəstəklərini əsirgəməyənlər bundan nəticə çıxaracaqlar: “Nəticədə regionda azərbaycanlılarla ermənilərə yanaşmanın kökündə 300 il bundan öncənin sterotipləri yox, indiki reallıqlar duracaq. Belə olduqda, bu, Azərbaycan-Rusiya əlaqələrini daha da dərinləşdirməklə yanaşı, bötövlükdə Qafqazda əmin-amanlığın möhkəmlənməsinə və dayanıqlı xarakter almasına səbəb olacaq. Bundan həm Moskva, həm də bütün Qafqaz xalqları xeyir götürəcəklər”.

Ceyhun ABASOV

 





01.12.2018    çap et  çap et