525.Az

“Azərbaycanın İntellektual Birİncisi”nin sonuncu zona turniri Naxçıvanda keçirildi


 

“Azərbaycanın İntellektual Birİncisi”nin sonuncu zona turniri Naxçıvanda keçirildi<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin ilk mərhələsi başa çatıb.

Təşkilatdan verilən məlumata görə, dekabrın 1-də Naxçıvanda layihənin sonuncu zona turniri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti ölkəmizdə gənclərin hərtərəfli inkişafını təmin edir: “Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəallıq göstərir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər”. S.Rüstəmov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı ilə muxtar respublikada da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclərin potensiallarının üzə çıxarılması, intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov isə bildirib ki, bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzindədir.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə qeyd edib ki, Azərbaycanda gənclərə, onların hərətəfli inkişafına böyük dəstək göstərilir: “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verir. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir”.

Daha sonra “Azərbaycanın intellektual birincisi” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500 gənc iştirak edib. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanıb.

Rəsmi hissədən sonra intellektual oyunlara start verilib. Muxtar respublika üzrə keçirilən zona turnirində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektualları iştirak ediblər.

“Vətəni tanı” intellektual oyununda Şahbuz, “Nə? Harada? Nə zaman?” intellektual oyununda Babək, “Axtar-tap”, “Xəmsə” intellektual oyunlarında isə Naxçıvan komandası qalib olub.

Həmin komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

CEYHUN

 





03.12.2018    çap et  çap et