525.Az

Tarixi Lissabon sammiti: Erməni təbliğatına ağır zərbə


 

Tarixi Lissabon sammiti: <b style="color:red">Erməni təbliğatına ağır zərbə</b>

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon (Portuqaliya) sammiti tarixi hadisə ilə yadda qaldı.

Məhz bu sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə qəbul edilən yekun bəyanatda münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer aldı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur, o cümlədən, tənzimləmənin şərtlərinə bütün tərəflərin riayət etməsinin təmin olunması barədə qarşılıqlı öhdəliklər götürülür.

Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Mərhum prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi.  Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.

ATƏT sədri tərəfindən verilmiş bəyanat Ermənistan istisna olmaqla, bütün üzv dövlətlər tərəfindən dəstəkləndi. Bu isə o demək idi ki, işğalçı istisna olmaqla ATƏT-ə üzv bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı onun bir hissəsi kimi tanıyır.

Lissabonda ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövlət başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilib. Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon sammiti buna görə də Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi.

Xatırladaq ki, Budapeşt sammiti 5-6 dekabr 1994-cü ildə keçirilmişdi və həmin sammitin nəticələrinə görə, ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi)  yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmiləri olan ümumavropa təşkilatına - ATƏT-ə (Avropada Təhlükəsilik və Əməkdaşlıq Təşkilatına) çevirildi.

Budapeşt sammitində Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamənin qəbulu təşkil etdi. Budapeşt sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olundu. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər.

Budapeşt zirvə görüşündən sonra Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar ATƏT-in Minsk qrupundan çox, onun ayrı-ayrı üzv dövlətlərinin təşəbbüsləri ilə yenidən güclənsə də, heç bir nəticə əldə etmək mümkün deyildi. 1995-1996-cı ilin sonlarına qədər Qərb, Rusiya və ATƏT-in danışıqlarda vasitəçiliyi Dağlıq Qarabağ məsələsinin həllində konkret nəticə vermədi.

Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarının dördüncü Zirvə görüşü ərəfəsində yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında atəşkəsin qorunması oldu.

Zirvə toplantısının Azərbaycanla bağlı əsl mahiyyətini və əhəmiyyətini mərhum prezident Heydər Əliyev sammitə yola düşməzdən qabaq, 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə bəyanatında bildirib. O, Lissabon sammitinin məhkəmə qismində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti qərar verə biləcək qurum olmadığını elan edib.

Eyni zamanda, Heydər Əliyev bu zirvə görüşünə böyük əhəmiyyət verdiyini, sammit ərəfəsində Minsk qrupu tərkibində Helsinkidə, Vyanada fəaliyyət göstərildiyini və Azərbaycan nümayəndə heyətinin günlərlə Lissabonda işlədiyi haqda məlumat verib. Prezident, həmçinin, Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini bildirib.

Heydər Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib, Rusiyanın təsiri ilə atəşkəsin əldə edilməsini təqdir edib və Azərbaycanın sülh müqaviləsi bağlanana qədər atəşkəs rejiminə əməl edəcəyini bildirib. Azərbaycan rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla ikitərəfli danışıqlar kanalının yaradılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi addımları ilə izah edib.

Heydər Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım hesab etdiyini də Lissabondakı nitqində bildirib: "Həmin bəyanat əslində, tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan sənədidir".

Nəhayət, Heydər Əliyev Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məşhur ümumi çərçivə qaydalarını - Lissabon prinsiplərini göstərdiyini söyləyib. O, ATƏT prinsipləri, BMT nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə toplantısı nitqində də elan edib:

- Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi

- Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi

Həmin prinsiplər ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.

Heydər Əliyev çıxışında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib.

O, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edib: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır".

Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırıb: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər".

Bütün bu çağırışlara baxmayaraq, Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoyub. Azərbaycan dövlət başçısı isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olub. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərilib.

ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan edib. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə oluna biləcəyi bildirilib.

Heydər Əliyev isə sammitin başa çatdığı gün 1996-cı il dekabrın 3-də Lissabonda jurnalistlərə verdiyi müsahibədə Zirvə görüşünün qərarından razı qaldığını deyib. O, Lissabon layihəsinin hətta Azərbaycanı da tam təmin etmədiyini, amma Ermənistanın yenə də bununla razılaşmadığını bir daha elan edib. Azərbaycan rəhbəri Ermənistanı beynəlxalq prinsiplərə qarşı çıxmaqda ittiham edib: "Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından imtina edilməsi ATƏT-in əsas prinsiplərindən imtina deməkdir".

Azərbaycan dövlət başçısı Bakıya qayıtdıqdan sonra 1996-cı il 6 dekabrda ictimaiyyət nümayəndələri ilə görüşündə ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçdiyi yolu ətraflı təsvir edib. Prezident bildirib ki, Böyük sülh sazişinin əldə edilməməsi Ermənistanın işğal etdiyi ərazilərdən istifadə edərək Dağlıq Qarabağa müstəqillik statusu almaq cəhdindən irəli gəlir.

Heydər Əliyev Lissabon qərarını erməni təbliğatına zərbə hesab etdiyini deyib. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində təbliğatda indiyə qədər Azərbaycandan üstün olduğunu, Lissabonda baş verən veto qarşıdurmasından sonra isə bu münaqişə ilə bağlı iştirakçı dövlət rəhbərlərinin maraqlandığını, eyni zamanda, sammitin fəaliyyətini izləyən dünya miqyaslı mətbuat orqanlarına da münaqişə haqda məlumatların verildiyini bildirib: "Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan - Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik".

Dağlıq Qarabağ münaqişəsi bu gün də həll edilməmiş qalır, ancaq indi bütün dünya Azərbaycan həqiqətlərini bilir, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasına çağırış edir. İndi həmçinin, Ermənistan bütün dünya qarşısında güclü, hərtərəfli inkişaf etmiş bir Azərbaycan görür. Avropa İttifaqının,  digər beynəlxalq qurumların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təsdiqlənir. Bütün bunlara isə vaxtilə Ümummilli lider Heydər Əliyevin apardığı gərgin mübarizə nəticəsində nail olunub.

PƏRVANƏ

 





04.12.2018    çap et  çap et