525.Az

Nazirlik: "Əlilliyi olan şəxslərlə bağlı siyasət beynəlxalq yanaşmalara uyğun qurulub"


 

"FİZİKİ MƏHDUDİYYƏTLİ ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİ, REABİLİTASİYASI VƏ CƏMİYYƏTƏ İNTEQRASİYASI SAHƏSİNDƏ TƏDBİRLƏR İLDƏN-İLƏ GÜCLƏNİR"

Nazirlik: "Əlilliyi olan şəxslərlə bağlı siyasət beynəlxalq yanaşmalara uyğun qurulub"<b style="color:red"></b>

Azərbaycanda əliliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində tədbirlər ildən-ilə güclənir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, BMT Baş Məclisinin 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər gününü təsis etməsi fiziki məhdudiyyətli insanlara cəmiyyətin diqqətinin və onların ictimai həyatda fəal iştirakına şərait yaradılması üçün səylərin artırılmasıdır. 2018-ci il üçün Beynəlxalq Əlilliyi olan şəxslər gününün mövzusu "Əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin olunması"dır.

Azərbaycan da əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğun qurulduğu və ildən-ilə gücləndiyi ölkələrdən biridir.

Ümummilli lider Heydər Əliyev fiziki məhdudiyyətli insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını qoyub. Ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər güclü sosial siyasətin aparılmasını təmin edən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır.

Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs var ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Başqa sözlə, 2018-ci il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin, yalnız aylıq müavinət alan, ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır. İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.

Bu gün nazirliyin 14 bərpa-müalicə müəssisəsi var ki, onlarda hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər hazırda davam etdirilir.

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır. Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir.

C.ABASOV

 





04.12.2018    çap et  çap et