525.Az

Təhsil müəssisələri sahibkarlıqla məşğul ola biləcəklər


 

"ÜMUMİ TƏHSİL HAQQINDA" YENİ QANUN LAYİHƏSİ MÜZAKİRƏLƏRƏ ÇIXARILDI

Təhsil müəssisələri sahibkarlıqla məşğul ola biləcəklər<b style="color:red"></b>

Orta məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaqlar

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasının gündəliyinə "Ümumi təhsil haqqında" yeni qanun layihəsi daxil edilib və geniş müzakirələrdən keçirilib. 

Qanun layihəsi 5 fəsil və 33 maddədən ibarətdir. Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar.

Vahid geyim formaları tətbiq ediləcək

Ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Belə ki,  adıçəkilən qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Sənəddə göstərilir ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Orta məktəblər özləri məqsədli pul mükafatı təsis edə biləcəklər

Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur. Bu barədə də qanun layihəsinin 12-ci maddəsində qeyd edilib. Həmçinin, qanun layihəsinin 12.14-ci maddəsində qeyd edilib ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.

Qanun layihəsinin 12.20-ci maddəsinə görə,  ümum təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.12.21-ci maddədə isə göstərilir ki, dövlət özəl və bələdiyyə ümum təhsil müəssisələrinin inkişafını dəstəkləyir və bu məqsədlə müvafiq dəstək mexanizmləri tətbiq edir: "Bu dəstək mexanizmlərinin növləri, habelə tətbiqinin prinsipləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Həmçinin, 12.23-cü maddəyə əsasən, ümum təhsil müəssisələrində "Təhsil haqqında" qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur.

Təhsil müəssisələri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər

Ölkədə ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Adıçəkilən qanun layihəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər. Qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər. Həmçinin, göstərilir ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır.

Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

İsa Həbibbəyli: "Bələdiyyə məktəbləri də olacaq"

Komitənin sədri, akademik  İsa Həbibbəyli  isə çıxışında yeni qanun layihəsinin hazırlanmasında Təhsil Nazirliyinin böyük zəhmətinin olduğunu qeyd edərək, deyib ki, bu sənədin məqsədi vətəndaşların ümumi təhsil sahəsində ölkə Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. O bildirib ki, qanun layihəsində bir sıra yeni maddələr, bəndlər olmaqla yanaşı, "Təhsil haqqında" mövcud qanunun bir sıra müddəaları da burada əksini tapıb, sənədi zənginləşdirib. Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən Azərbaycanda bələdiyyə məktəblərinin də yaradılması nəzərdə tutulur: "Bu, Azərbaycan reallığında bir yenilikdir. Belə ki, qanun layihəsinin 30-cu "Ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi" maddəsinə əsasən bundan sonra Azərbaycanda bələdiyyələrə də orta məktəblər yaratmaq, təşkil etmək hüququ verilir.  Eyni zamanda, 30.7-ci maddəyə görə bələdiyyə və özəl ümumi təhsil müəssisəsində təhsil haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənəcək. Bu özü də təhsil islahatları sahəsində mühüm addımlardan biri olacaq".

Şəmsəddin Hacıyev şagirdlərin dərs yükünün çoxluğundan şikayətləndi

Millət vəkili Şəmsəddin Hacıyev öz növbəsində  şagirdlərin və müəllimlərin dərs-tədris yükü məsələsindən danışıb. Ş.Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir: "Uşaqları, şagirdləri bu qədər yükləmək olmaz. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Həmçinin, müəllimlərin dərs-tədris yükü məsələsində müəyyən çatışmazlıqlar var. Vaxtı ilə Xalq Cəbhəsinin hakimiyyəti dövründə qəbul edilən təhsil qanununda bu məsələ ilə bağlı müəyyən məqamlar nəzərdə tutulmuşdu. Ancaq hesab edirəm ki, bunlar əsaslandırılmış bir addım deyildi. Daha çox süni, populist xarakter daşıyırdı. Ona görə yeni qanunda bu məsələyə də aydınlıq gətirmək lazımdır". Millət vəkili həmçinin, repetitorluqla məşğul olanlarla bu fəaliyyətlə məşğul olmayan müəllimlərin gəlirlərində, maddi qazanclarında ciddi disproporsiyanın yarandığını bildirib. O qeyd edib ki,  müəllimlərin heç də hamısı repetitorluqla məşğul olmur. "Ona görə hesab edirəm ki, bu məsələdə də ciddi addımlara ehtiyac var. Elə etmək lazımdır ki, müəllimlər daha çox məktəblərdə öz işləri ilə məşğul olsun, şagirdlərə yüksək- səviyyəli təhsil versinlər. Yəni onların maddi problemlərinin həllində növbəti addımlara ehtiyac duyulur" - deyə, millət vəkili sözlərinə əlavə edib.

Gövhər Başxəliyeva: "İbtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır"

Millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxışında  yenidən rusdilli məktəblərə marağın artması məsələsinə toxunub. Millət vəkili bu yöndə tendensiyanın artmasından  növbəti dəfə narahatlığını vurğulayıb: "Bu tendensiya məni şəxsən çox narahat edir. Bu yaxınlarda hətta, belə bir məlumat açıqlandı ki, rusdilli məktəblərə övladlarını oxutmağa göndərmək istəyən valideynlərimizin sayı xeyli artıb. Bunun mütləq kökü, səbəbləri öyrənilməlidir. Bu, məni çox düşündürür və narahat edir. Mən heç bir dilin, o cümlədən, rus dilinin əleyhinə deyiləm. Amma bununla belə hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır. Eyni zamanda, dediyim kimi, araşdırılmalı, səbəbləri öyrənilməlidir ki, nəyə görə valideynlər öz övladıarını rus məktəblərində oxutmaqda maraqlıdırlar... Bu maraq nədən irəli gəlir... Ancaq bir  məqamı bildirmək istəyirəm ki, uşaqlar başqa dildə oxuyanda və danışanda artıq başqa dilin, başqa mədəniyyətin daşıyıcılarına çevrilirlər. Mən bunu orta və ali təhsilini rus dilində alan bir şəxs kimi deyirəm. Onlar öz mədəniyyətlərinin deyil, başqa dillərin, başqa mədəniyyətlərin daşıyıcılarına çevrilirlər. Bu, çox ziyanlıdır. Həmçinin, bəzən görürsən ki, nə ana, nə ata rus dilini bilir, amma övladını rusdilli məktəbə göndərir və bununla da öz övladını mənəvi cəhətdən şikəst edir. Sabah o uşaq dərsini tam anlaya bilməyəndə, necə olacaq? Ona görə hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır".

Kamilə Əliyeva: "Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur"

Millət vəkili Kamilə Əliyeva da defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib. O, çıxışı zamanı bildirib ki,  ölkədə defektloq kimi işləyənlərin, fəaliyyət göstərənlərin çoxunun bu sahəyə aidiyyəti yoxdur: "Onların çoxunun defektoloqluqdan xəbərləri, anlayışları belə yoxdur. Haradasa gedib 5 ay, 6 ay kurs keçib, sertifikat alıb gəlirlər və deyirlər ki, biz defektoloquq. Bu, düzgün deyil. Bu məsələdə ciddi nizam-intizam olmalıdır. Bu, elə-belə peşə deyil. Bununla kimsə özfəaliyyət şəklində məşğul ola bilməz. Bununla məhz ixtisaslı şəxslər məşğul olmalıdırlar. Odur ki, müzakirəsini apardığımız qanun layihəsində də bu məsələ çox ciddi şəkildə öz əksini tapmalıdır".

Müzakirələrin sonunda  qanun layihəsinin bir daha təkmilləşdirilməsi və məhz bundan sonra plenar iclasa tövsiyə olunması qərara alınıb.

Kamil HƏMZƏOĞLU

 





05.12.2018    çap et  çap et