525.Az

Paşinyan-Saakyan münasibətləri gərginləşməkdə davam edir


 

Paşinyan-Saakyan münasibətləri gərginləşməkdə davam edir<b style="color:red"></b>

Bu gün ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla Minsk qrupunun həmsədrlərinin  vasitəçiliyi ilə Milanda görüşəcəklər.

Bu, artıq Emənistanda hakimiyyət dəyişikliyindən sonra XİN rəhbərlərinin sayca üçüncü görüşü olacaq.

Nazirlərin ilk görüşü cari ilin 11 iyul tarixində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə keçirilib. Həmin görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş olub. Müzakirlər əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

Ardınca Məmmədyarov və Mnatsakanyan 24 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşüblər. Bu görüşdə Minsk qrupu həmsədrlərinin oktyabrda regiona səfəri barədə razılıq əldə edilib. Yüksək səviyyəli sammitin təşkili də müzakirə edilib.

Nəhayət, nazirlər üçüncü dəfə Milanda görüşəcəklər. Bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, xarici işlər naziri Sergey Lavrov Milanda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində ikitərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparacaq.

O bildirib: "Nazirin çıxışı ATƏT gündəliyi ilə bağlı bütün məsələləri, xüsusilə də Rusiyanın birbaşa iştirak etdiyi məsələləri əhatə edəcək. İkitərəfli görüşlər də olacaq və bu görüşlər zamanı bu problem daha predmetli şəkildə müzakirə olunacaq. Orada əlbəttə ki, konkret addımlar və ya konkret təkliflər müəyyənləşdiriləcək".

Milan görüşündən nə kimi gözləntilərin olduğunu şərh edən politoloq, millət vəkili Rasim Musabəyov deyib ki, görüş danışıqların məzmunu ilə deyil, danışıqların nə barədə aparılmasını əks etdirəcək. Bu, xüsusi bir görüş deyil, ATƏT-in 25-ci Nazirlər Şurasının sessiyası çərçivəsində baş tutacaq. Bundan heç kim hər hansı nəticə gözləmir.

Ermənistanda seçkiqabağı dövrdə hər kəs Qarabağ haqqında bəyanatlar verərək xal qazanmaq istəyir, belə olan halda, ümumiyyətlə, sülh danışıqlarını aparmağın mümkünlüyünə gəlincə, politoloq deyib ki, şüarlar şüarlardır, ancaq dialoqu kəsmək səhvdir və format məlumdur: "Çoxlu zəminlər var. Buna görə diplomatlar müzakirələri davam etdirirlər. Seçkilər zamanı çox şey deyilir, amma gerçəklər var. Necə təfsir olunursa olsun, beynəlxalq hüquq var. BMT Təhlükəsizlik Şurasının məlum qərarları mövcuddur, ermənilər bundan heç yerə qaça bilməzlər.

Hətta Konstantin Zatulin kimi ermənipərəst mövqeyi ilə tanınan birisi Ermənistana gəlir və bəyan edir ki, Qarabağı Azərbaycandan qoparmaq lazımdır, digər regionlar isə geri qaytarılmaldır".

Seçki kampaniyası zamanı baş nazir vəzifəsini icra edən, "Mənim addımım" blokunun lideri Nikol Paşinyanın Qarabağ münaqişəsinə dair verdiyi müxtəlif bəyanatlara da toxunan deputat bildirib ki, partiyası parlamentdə əksəriyyəti əldə edəcksə, o zaman Paşinyan reallıqlarla hesablaşmalı olacaq: "Azərbaycan ərazisi Ermənistandan üç qat böyükdür, iqtisadiyyatımız 6-7 dəfə, bizim Silahlı Qüvvələrimiz isə ermənilərinkindən qat-qat güclüdür. Ermənilər yaxşı bilirlər ki, əgər danışıqlar öz mənasını itirirsə, müharibə olacaq və onların buna tab gətirmək şansları da çox az olacaq".

Paşinyan seçki kampaniyası gedişində Ermənistan silahlı qüvvələrinin büdcəsinin 5 il ərzində 2,5 mlrd. dollar artacağına dair dediklərinə də münasibət açıqlayan R.Musabəyov deyib ki,  Paşinyan ermənilərin növbəti beş ildə aya çatacaqlarını da söyləyə bilər, amma bu, heç bir şeyi dəyişmir: "Belə ifadələrin heç bir əsası yoxdur. Bu, tamamilə cəfəngiyatdır. İndi onlar hərbi büdcədə kifayət qədər böyük bir artım planlaşdırırlar, hansı ki, dörddə biri Rusiya kreditləri ilə təmin olunur".

Millət vəkili hesab edir ki, Ermənistan tərəfi separatçı rejimin başçısı Bako Saakyanın danışıqlara cəlbi tələbi ilə danışıqlar masasına oturmaqdan və məzmunlu danışıqlar aparmaqdan imtina etsə, bu, prosesin pozulması deməkdir ki, burada bütün məsuliyyət də qarşı tərəfin üzərinə düşür: "İşğal edilmiş Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyanla Paşinyan arasındakı gərgin münasibətə gəlincə, Musabəyov hesab edir ki, gərginlik artmaqda davam edəcək və bu, mütləqdir: "İndi Paşinyanın Saakyanı və onun  ətrafını dəyişə biləcəyini söyləmək çətindir".

PƏRVANƏ

 





05.12.2018    çap et  çap et