525.Az

“Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı konfrans keçirildi


 

“Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı konfrans keçirildi <b style="color:red"></b>

Dekabrın 5-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı konfrans keçirilib.

Tədbirdə QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev deyib ki, hər bir xalqı başqalarından fərqləndirən spesifik cəhətlər var. Xeyirxahlıq, mərhəmət, şəfqət millətimizin mənəvi simasını səciyyələndirən hümanist keyfiyyətlərdir.  Qayğı, imdad gözləyənlərə arxa, həyan olmaq ali keyfiyyətlərdir. Bu keyfiyyətlər müxtəlif amillərin təsiri altında formalaşıb müasir günümüzə qədər gəlib çıxmışdır: “Azərbaycan xalqının təşəkkül mayasında xeyirxahlıq hissləri güclü  olub, onun fəaliyyətində öz təcəssümünü tapıb. Bu ənənələr ulu babalarımız tərəfindən nəsildən-nəslə ötürülərək yaşamışdır”.

C.Əliyevin dediyinə görə, Azərbaycan xalqı həmişə  özünün xeyirxah, xeyriyyəçi dövlət adamları, ziyalıları, sahibkarları ilə daim fəxr edib. Hacı Zeynalabdin Tağıyev, Əjdərbəy Aşurbəyov və onlarca başqaları sahibkar olmaqla yanaşı, həm də xeyirxah insan, xeyriyyəçi kimi tanınıblar. Onlar qazanclarını millətin yolunda xərcləmiş, gördükləri xeyirxah işlərlə gələcək nəsillərə nümunə olublar. H.Z.Tağıyevin gördüyü bütün işləri Azərbaycanın adına, xalqına ithaf edib, var-dövlətini millətin, xalqın  yolunda sərf edib. Azərbaycan adlı bir məmləkətin inkişafı, tərəqqisi, Azərbaycanın rifahı onun üçün hər şeydən öndə olub. Sahibkarlıqdan əldə etdiyi gəlirlərini millətin maariflənməsi yönümündə sərf edən xeyriyəçilərdən olub: “H.Z.Tağıyevin savadsızlığa qarşı mübarizə aparmaq niyyəti ilə xeyirxah işlər görüb. Belə ki, o, müsəlman qızlarının təhsil haqlarını və eləcə də xaricdə təhsil alan gənclərin təhsil haqlarını ödəməyi üzərinə götürərək, Realnı Məktəbdə təhsildə fərqlənənlərə  təqaüd təyin edib”.

“İpək yolu” nəşriyyatının müdir müavini, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov isə vurğulayıb ki, tarixin qədim çağlarına baş vurduqda görürük ki, yurdumuzda hələ qədimlərdən bəri möhkəm xeyriyyəçilik ənənələri mövcud olub: İnsanlara yaxşılıq etməyə çalışan, başqasının dərdinə şərik olan, onun halına yanan, ehtiyacı olanlara kömək əli uzadan xeyriyyəçi insanlarımız hər zaman olub. Azərbaycanın xeyirxah şəxsiyyətlərindən bir də Hacı Zeynalabdin Tağıyevdir. H.Z.Tağıyev çoxlu xeyirxah əməllər sahibidir. O, xalqı üçün, ələlxüsus da həmvətənlərinin maariflənməsi naminəəlindən gələn heç nəyi əsirgəməmişdir.
H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbi tikdirmişdir: “Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də ilk növbədə Tağıyevin adı ilə bağlıdır. Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərib, Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkib. Yaxşılıq itmir, indi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar”.

S.QARAYEVA

 





05.12.2018    çap et  çap et