Fransada dekabrın 8-i 89 mindən artıq hüquq-mühafizə orqanlarının əməkdaşı səfərbər olunacaq.
Trend-in məlumatına görə, bu barədə Fransanın baş naziri Eduar Filipp bildirib.
Onun sözlərinə görə, buna səbəb dekabrın 8-də ölkə ərazisində "sarı jiletlər" adlı etiraz aksiyalarının keçiriləcəyi olub.
Baş nazir əlavə edib ki, etiraz aksiyaları zamanı çox sayda zirehli avtomobillərdən istifadə olunacaq.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.