525.Az

Cəmiyyətin dinə ehtiyacı və Azərbaycan xalqının dinə baxışı


 

Cəmiyyətin dinə ehtiyacı və Azərbaycan xalqının dinə baxışı<b style="color:red"></b>

İnsanlar ta qədimlərdən fövqəltəbii qüvvələrə pərəstiş etmiş və müxtəlif etiqadlara iman gətirmişlər. Qayaüstü rəsmlərin öyrənilməsi, müasir dövrdə ibtidai həyat tərzi sürən tayfaların inanclarının tədqiqi və arxeoloji qazıntıların nəticələri bunu təsdiqləyir.

Tarixçilərə görə, dinsiz cəmiyyət tapmaq mümkün deyil. Qədim yunan mütəfəkkiri Plutarx bu barədə yazır: “Yer üzünə bir nəzər salın: siz istehkamsız, elmsiz, rütbəsiz şəhərlər tapa bilərsiz; siz pullar barədə heç nə bilməyən, incəsənətdən məlumatı olmayan insanlar görə bilərsiz; amma siz Tanrısız bir insan cəmiyyəti, qurbankəsmə, andiçmə və ibadət ənənəsi olmayan, məbədsiz şəhər tapa bilməzsiz”. Bunun isə yalnız bir izahı var: bəşəriyyət tarix boyu dinə ehtiyac duymuş, onda ruhi təskinlik və mənəvi qida tapmışdır.

Din insan fitrətindən doğan zərurətdir. Onun cəmiyyətdə oynadığı rolu görməmək, bəşəriyyət üçün əhəmiyyətini danmaq bilavasitə insanın özünə qarşı haqsızlıqdır. Din insana varolma səbəbini izah edir, ona təsadüf nəticəsində yaranmadığını və həyatın absurd səciyyə daşımadığını bildirir.

İman insan həyatında mənəvi dayaq rolu oynayır. Psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, dindar şəxslər ateistlərə nisbətən ruhi cəhətdən daha sağlam olurlar. Onlar arasında nevroz, depressiya və digər ruhi sarsıntılar daha az müşahidə edilir. Məşhur hind mütəfəkkiri Mahatma Qandi bu həqiqəti çox gözəl ifadə edir: “Əgər din olmasa idi, mən çoxdan dəli olardım”.

Bəzi dövrlərdə müəyyən siyasi qüvvələr toplumun iradəsinə zidd olaraq dini ortadan qaldırmağa cəhd göstərsələr də, bu cür təşəbbüslər uğursuzluqla nəticələnmiş və iflasa uğramışdır. XVIII əsrdə Fransa burjua inqilabından sonra yakobinlərin dini “ləğv etmək” cəhdləri, yaxud XX əsrin əvvəllərində bolşeviklərin dini ateizmlə dəyişdirmə niyyətləri buna misaldır. Bu qəddar rejimlərin məqsədyönlü şəkildə məbəd və ziyarətgahları məhv etmələrinə, din xadimlərini öldürmələrinə, insanlara Allahsızlığı sırımaq səylərinə baxmayaraq, dinsiz ideoloqların ateist cəmiyyət qurmaq xülyaları puç olmuş, adamlar imansız həyat təsəvvür etməmiş, belə taleyi rədd etmişlər.

Din daim insanlıq üçün ümid mənbəyi olmuşdur. Təbii fəlakət, aclıq yaxud müharibə kimi qorxunc hadisələrlə üzləşən və çətin anlar yaşayan toplum həmişə Tanrıya müraciət etmiş, Ondan yardım diləmişdir. Hətta Stalin kimi ateist diktator Sovetlər Birliyi faşist işğalına məruz qaldıqda, dinin ruhlandırıcı gücünü nəzərə alaraq, kilsə, sinaqoq və məscidlərin yenidən xalqın üzünə açılmasına razılıq vermişdir.

Yaşayış yerindən və inkişaf səviyyəsindən asılı olmayaraq hər toplumun dinə ehtiyacı var. Bu  danılmaz həqiqəti bir çox Qərb və Şərq mütəfəkkiri, siyasi xadim, ümumiyyətlə, bəşəriyyətin problemləri barədə düşünən bütün araşdırmaçılar etiraf etmişlər. Hətta dinə şübhə ilə yanaşan və ya onu inkar edən filosoflar da bu gerçəyi təsdiqləmişlər. Məşhur fransız sərkərdəsi Napoleon Bonopart “Dinsiz cəmiyyət kompassız gəmiyə bənzəyir” deməklə, insanlıq üçün iman amilinin nə dərəcə zəruri olduğunu vurğulamışdır. Napoleon bu fikirdə tək deyildir. İstər qədim, istərsə də çağdaş dövrün mütəfəkkirləri onunla həmfikirdirlər.

Xalqların milli-mənəvi dəyərlərinin formalaşmasında dinlər bilavasitə rol oynamışdır. Əxlaqi prinsiplərə malik olmayan cəmiyyət xaos, anarxiya və hərcmərcliyə məhkumdur. Məhz din toplumu ayaq üstə saxlayan bu mühüm qaydalara əsas qaynaq qazandırır və onları məntiqi edir. Dini rədd edən insan  mənəviyyatın topluma nə üçün gərəkli olduğunu isbat etməkdə çətinlik çəkər. İctimai fikir tarixində əvvəlcə Tanrını inkar edib, sonra da əxlaqi qanunları rədd edən mütəfəkkir az deyil. Mənəviyyatsız cəmiyyət yaşaya bilməyəcəyi kimi, dinsiz də əxlaq zəif görünər. Məşhur fransız filosofu Volter “Əgər Tanrı olmasaydı, Onu uydurmaq lazım gələrdi” deməklə, yəqin ki, bunu nəzərdə tutmuşdur.

Dinin izlərinə ictimai həyatın az qala hər sahəsində rast gəlmək mümkündür. Memarlıq, rəssamlıq, ədəbiyyat, musiqi, fəlsəfə, hətta mətbəxə də din öz təsirini göstərmişdir. Din bir çox məşhur incəsənət və elm xadimi üçün ilham qaynağı olmuşdur. Mədəniyyətimizdən bunu təsdiq edən bir çox örnək gətirmək olar. Əcəmi Naxçıvaninin inşa etdiyi türbələr, dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sində Allahı və Həzrəti Məhəmmədi (s) öyən şeirlər, mübariz mütəfəkkirimiz İmadəddin Nəsiminin mistik mahiyyətli qəzəlləri, zahid ədibimiz Məhəmməd Füzulinin Əhli-Beyt eşqi ilə dolu əsərləri, milli muğamda dini motivlər bunun bariz nümunəsidir.

Din cəmiyyətin ikinci və ya üçüncü dərəcəli ünsürü deyildir. O, həmişə toplumu istiqamətləndirən, onun tarixinə təsir göstərən qüvvə olmuşdur. Dini dünyagörüşün təsir gücü o dərəcə qüvvətlidir ki, o, bir xalqın taleyini tamamilə dəyişib, onu ən qabaqcıl toplumlardan edə bilər. XVI əsrdə Qərb dünyasında protestant məzhəbinin meydana çıxması kapitalizmin inkişafına təkan vermiş, orta əsrlərdə qaranlıq dövrlər yaşamış Almaniya, İsveçrə, Hollandiya, İngiltərə kimi dövlətlərin sürətli tərəqqisinə gətirib çıxarmışdır.

Müəyyən tarixi dövrlərdə dini yanlış anlayaraq, təəssübkeşlik və dözümsüzlük girdabına düşən, bütün ictimai institutları bir məzhəbin xidmətçisinə çevirən, alovlu din mübarizlərinə dönən toplumlar olmuşdur. 1572-ci ildə Parisdə Varfolomey gecəsində 30 minə yaxın protestantın katoliklər tərəfindən qətlə yetirilməsi, XV-XVI əsrlərdə İspaniyada yəhudi və müsəlmanların təzyiqlərə məruz qalmaları, XIX əsrdə çar Rusiyasında molokan, staroobryadets kimi təriqətçilərin sürgün edilmələri tarixin acı səhifələrindəndir.

Öz dini inanclarını ətrafdakılara zor gücünə qəbul etdirməyə cəhd göstərən, digər din və məzhəb ardıcıllarını təqib edən toplumlar ilk növbədə özləri zərər görürlər.  Buna baxmayaraq, belə mənfi hallar keçmişdə qalmamışdır. Dünyada hələ də dini ayrı-seçkilik zəminində baş verən münaqişələr mövcuddur. Bu cür münaqişələrin günbəgün artması bəşəriyyəti məyus edir. Çağdaş dövrdə vətəndaş cəmiyyətinin quruculuğuna, insan haqları və demokratik prinsiplərin dünyada bərqərar olmasına önəm verilməsinə baxmayaraq, davam edən dini münaqişələr insanlarda ikrah hissi oyadır və mütərəqqi dairələr tərəfindən geriqalmışlıq kimi dəyərləndirilir.

(Ardı var)

 





28.08.2013    çap et  çap et