525.Az

"Azərbaycanın informasiya təhlükəsizliyi marağı var"


 

"Azərbaycanın informasiya təhlükəsizliyi marağı var"<b style="color:red"></b>

"Azərbaycanın ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet resurslarına kənar təsirlər, onların dağıdılması, onlara haker hücumları kimi yeni beynəlxalq informasiya cinayətləri ilə müşayət olunan müdaxilələrin qarşısını almaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi müəyyən mexanizmlər işləyib hazırlayacaq və artıq bu istiqamətdə işə başlanılıb".

Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Düşünürəm ki, yaxın zamanlarda bütün mümkün vasitələr və mexanizmlərlə Azərbaycanın dövlət olaraq həm rəsmi, həm ictimai, həm də digər həyatının təhlükəsizliyi ilə bağlı informasiya təminatının təhlükəsizliyini təmin edəcəyik", - Həsənov bildirib.

PA rəsmisi qeyd edib ki, bu fəaliyyətlə Azərbaycan hakimiyyəti bir neçə ildir məşğul olur.

"Azərbaycanın müvafiq qurumları faktiki olaraq 2005-ci ildən Azərbaycanın informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması, yenidən qurulması, informasiya resurslarının müdafiəsi və dövlətçilik naminə istifadəsi taktikasının hazırlanması ilə məşğuldur. Onların sırasında həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həm informasiya təhlükəsizliyini təmin edən digər strukturlar, həm də dövlət və dövlətçilik vasitələrinin informasiya təminatını həyata keçirən qurumlar var. Bu məqsədlə uzun müddətdir bu sahədə komissiya fəaliyyət göstərirdi. Bunun nəticəsi olaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi formalaşdırıldı", - Həsənov əlavə edib.

Həsənov deyib ki, qurumun qarşısında duran əsas vəzifələr onun əsasnaməsində müəyyən olunub.

"Azərbaycanın informasiya resurslarının formalaşdırılması, təhlükəsizliyinin təmin olunması və kənar müdaxilələrdən qorunması bu qurumun və onun digər strukturlarının qarşısında duran əsas vəzifələrdir. Azərbaycanın dövlət olaraq özünün informasiya təhlükəsizliyi maraqları var. Dövlətin ictimai-sosial həyatını əks etdirən informasiyalardan tutmuş onun təhlükəsizliyi, müdafiəsi, geosiyasi, geoiqtisadi, hərbi geostrateji məsələlərinə qədər bütün sahələrin informasiyasının sistemli şəkildə qorunması təmin olunur", - Həsənov deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub ki, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılsın.

 





08.10.2012    çap et  çap et