525.Az

Firəngiz Əlizadə yaradıcılığının daha bir təntənəsi - Aysel Kərim


 

Firəngiz Əlizadə yaradıcılığının daha bir təntənəsi - <b style="color:red">Aysel Kərim </b>

Dünya şöhrətli bəstəkarın dünya şöhrətli tələbəsi olmaq böyük məsuliyyət və eyni zamanda xoşbəxtlikdir. O, bu məsuliyyətin öhdəsindən çox gözəl şəkildə gələ bilən və bu xoşbəxtliyi dönə-dönə etiraf etməkdən qürur hissi duyan əsl sənət fədaisidir.
 
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli  Firəngiz xanım Əlizadə musiqi mədəniyyətimizi dünya miqyasında yüksək səviyyədə təbliğ edən böyük sənətkarımızdır. O, Azərbaycan mədəniyyət tarixində silinməz izlər buraxan, milli musiqimizdə özünəməxsus yol açan, vətən sevgisini hər şeydən üstün tutan parlaq şəxsiyyətdir. Dünyanın müxtəlif ölkələrində, mötəbər konsert salonlarında əsərləri daima uğurla ifa olunan bəstəkarın yaradıcılığında xalq çalğı alətlərinin, muğamın səslənməsi ən önəmli və təqdirəlayiq məqamlardan biridir. Təsadüfi deyil ki, Firəngiz xanım vətənimizin musiqi, sənət vasitəsilə də daha geniş tanınması naminə öz əsərlərini adlandırarkən Azərbaycana aid məkanların adlarını önə çəkir. Bu alqışalayiq addım Firəngiz Əlizadənin vətəninə sonsuz məhəbbətinin daha bir göstəricisidir.

Bu yaxınlarda “Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın işığına toplaşmışdıq. Kitabın müəllifi tanınmış musiqişünas, sənətşünaslıq doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayevadır. Kitabda Firəngiz Əlizadə yaradıcılığının son 10 ilini, yəni 2007-2017-ci illəri əhatə edən dönəm və bəstəkarın ümumi fəaliyyəti ətraflı işıqlandırılıb. Burada dünyanın ən məşhur musiqi xadimlərinin Firəngiz xanım haqqında yüksək rəyləri, onun sənətinə layiqli qiymətin ifadəsi olan fikirləri, mediada yer almış müsahibələr, iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr barədə geniş məlumatlar fotoşəkillərlə birgə öz əksini tapıb. Burada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, akademik Teymur Kərimlinin, Azərbaycanın tanınmış musiqişünaslarının, Bakı Musiqi Akademiyasının professorlarının, o cümlədən, dəyərli pedaqoqum Cəmilə Həsənovanın Firəngiz Əlizadə yaradıcılığından bəhs edən çox maraqlı məqalələri yer alıb.

Təqdimat mərasimi bir çox maraqlı, unudulmaz anlarla yaddaşıma həkk olundu. Hörmətli ziyalılarımız Firəngiz Əlizadə və onun yaradıcılığına həsr olunan yeni kitab haqda çıxış edib, ürək sözlərini dilə gətirdilər. Tədbir bəstəkarın “İmplus” adlı əsərinin ifası ilə tamamlandı.

Gənc musiqiçilərə diqqət və qayğısını əsirgəməyən, hər cəhətdən Qara Qarayev irsinin layiqli davamçısı olan Firəngiz xanım Əlizadəyə yeni-yeni yaradıcılıq nailiyyətləri, sənət qələbələri arzu edirəm. Çox sevinirəm ki, bu yeni nəşr də daxil olmaqla, Firəngiz Əlizadə yaradıcılığından bəhs edən bir neçə önəmli kitabı məhs onun öz imzası ilə əldə edə bilmişəm.

 





10.12.2018    çap et  çap et