525.Az

Yakuboviç: "Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi"


 

Yakuboviç: "Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi"<b style="color:red"></b>

"Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi".

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində Rusiyanın "Birinci" televiziya kanalının aparıcısı Leonid Yakuboviç deyib.

O, Heydər Əliyevlə ilk və yeganə görüşündən aldığı təəssüratlardan danışıb: "Bu görüşün üzərindən uzun illər keçib. Ona görə də neçənci ildə baş tutduğu yadımda qalmayıb. Biz Azərbaycana səfər etmişdik. İdman zalında "Pole Çudes" proqramının növbəti buraxılışının çəkilişlərini həyata keçirdik. Ertəsi gün Heydər Əliyevlə görüşdük. Əvvəlcə bu görüş 20 dəqiqəlik protokol tədbiri kimi nəzərdə tutulmuşdu. Heydər Əliyev masanın yuxarı başında əyləşmişdi. O, Azərbaycanın siyasi və iqtisadi vəziyyətini qısaca izah etdi, lakin mən əslində, heç nə başa düşmədim. 20 dəqiqəlik söhbətdən sonra o dedi: "Hamınız azadsız, Leonid, siz isə əyləşin". Nəticədə 20 dəqiqəlik görüş 2 saat yarımlıq söhbətə çevrildi. Daha doğrusu, bu, mənim monoloqum idi. O dinləyir, mən isə bütün həyatımı danışırdım, lap doğulduğum gündən başlayaraq. O, heç nə soruşmurdu, diqqətlə məni dinləyir, mən yorulanda söhbəti istiqamətləndirirdi. Heydər Əliyev əsla özünü məndən yuxarı tutmurdu, hərdən sakit səslə nə isə soruşurdu. Mən ona özüm haqda hər şeyi danışdım: atam və anam haqqında, atamın harada vuruşması barədə, necə dolanmağımızdan. Hiss etmirdim ki, danışan tək mənəm. Onun yanında özümü çox rahat hiss edirdim..."

L.Yakuboviç qeyd edib ki, Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi: "Həyatım boyu 2-3 dəfə bu cür şəxsiyyətlə rastlaşmışam. Onun gözləri hər şeydən xəbər verirdi. Heydər Əliyev bilik, intellektlə bütünləşmişdi. Bizim yeganə görüşümüzün xoş təsirindən hələ də ayıla bilmirəm. Heydər Əliyevlə söhbətimi kağıza köçürmək istədim, lakin nədənsə, bu, məndə alınmadı. Elə hiss var ki, biz min ildir ki, bir-birimizi tanıyırıq və o, sanki mənim gəlməyimi və hər şeyi ona danışmağı gözləyirdi. Sonradan Heydər Əliyevlə söhbətimi təhlil edərək, xalqın nə üçün onun ardınca getdiyini anladım. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Mən düşünmürəm ki, ondan qorxurdular, bu, hədsiz hörmət və ümid idi: yalnız o, respublikanı xilas edə bilər".

"İlham Heydər oğlu Əliyev atasına çox oxşayır. Bu, Əliyevlər geninin gücündən xəbər verir. Təbiət bu genin qüdrətini İlham Əliyevə ötürüb. O, Heydər Əliyevindən daxili güc, möhkəm xarakter alıb", - deyə məşhur teleaparıcı fikirlərini tamamlayıb.

C.ABASOV

 





12.12.2018    çap et  çap et