525.Az

Azərbaycanlı alimin kimya elmində daha bir uğuru


 

Azərbaycanlı alimin kimya elmində daha bir uğuru<b style="color:red"></b>

Hazırda Azərbaycan alimlərinin qarşısında duran ən mühüm məsələlərdən biri elm və təhsilin dünyanın müasir tələblərinə uyğunlaşdırılması, qarşılıqlı əlaqələrin yaradılması, eləcə də qloballaşan bir məkanda inteqrasiyasıdır.

Hesab edirəm ki, Azərbaycanın müstəqillik illərində bu sahədə çox işlər görülüb. Buna respublikamızın aparıcı elm-təhsil mərkəzi olan Bakı Dövlət Universitetində son dövrlər yaradılmış şəraiti və əldə edilmiş uğurları misal göstərə bilərik. Belə ki, BDU-da müasir tələblərə cavab verən yüksək texnoloji prinsiplərə əsaslanan cihaz və avadanlıqlarla elmi-tədqiqat laboratoriyaları, tədris auditoriyaları fəaliyyət göstərir. Məhz bu yaradılmış şəraitin hesabına BDU alimlərinin xarici reytinqli jurnallarda məqalələrinin, beynəlxalq qrantlarının, patentlərinin, nüfuzlu nəşriyyatlarda əcnəbi dillərdə çap olunan kitab və monoqrafiyalarının sayı ildən-ilə artır, həm universitetin, həm də onun alimlərinin ümumdünyəvi göstəriciləri yüksəlməkdə davam edir. Nəticə olaraq qeyd edə bilərəm ki, dünyada elm qarşılıqlı əlaqələr fonunda inkişaf edir.

Bu ilin iyul ayında Rusiyanın Novosibirsk Akademik "Geo" nəşriyyatında azərbaycanlı alim, professor İsmayıl Əliyevin Rusiya Elmlər Akademiyası Şərqi Sibir bölməsinin A.E.Favoriski adına İrkutusk Kimya İnstitutunun əməkdaşları - kimya üzrə fəlsəfə doktoru Lyudmila Oparina və REA-nın akademiki Boris Trofimovla birlikdə çap etdirdikləri "Aromatik tiollar və onların törəmələri" adlı monoqrafiya da belə bir qarşılıqlı əməkdaşlığın nəticəsidir. Professor İ.Əliyev hələ sovetlər dövründən bu institutun alimləri ilə sıx əməkdaşlıq qurmuş və yaradılan əlaqələri bu günə qədər davam etdirərək uzun zaman çərçivəsində görülən işləri monoqrafiya halında çap etdirə bilmişdir. Bu, azərbaycanlı alimin daha bir uğurudur.

Monorafiya aromatik tiolların, onların sulfid, sulfoksid, sulfon, o cümlədən, onların müxtəlif funksional qruplu törəmələrinin kimya və fiziki kimyasının aktual prob-lemlərinin öyrənilməsinə həsr olunub. Kitabda əsas diqqət ənənəvi-klassik, elcə də keçid metallarından katalizator kimi istifadə edilməklə yeni birləşmələrin sintez üsullarına, onların reaksiya qabiliyyətlərinin tədqiqinə yönləndirilib. Bundan başqa, aromatik tiollar əsasında müxtəlif sinifli birləşmələrin sintez reaksiyalarının getmə mexanizmlərinin də araşdırılması da monoqrafiyanın nəzəri və təcrübi əhəmiyyət daşıyan göstəricilərindən biridir.

Məlumdur ki, aromatik tiollar və onların törəmələrinin tətbiq sahələri çox böyükdür. Aril və heteroariltiollar bioloji sistemlərdə antioksidant xüsusiyyətə malikdirlər. Bu birləşmələr canlı orqanizmlərdə sərbəst radikallar və peroksidləri özünə birləşdirərək stabilizator rolunu oynayırlar. Eləcə də, zülalların tərkibinə ariltio-qrupların daxil edilməsi də biosistemlərdə dayanıqlığı artırmağa imkan yaradır.

Ariltio fraqmenti saxlayan birləşmələrin geniş yayılmış tətbiq sahələrindən biri də bu maddələrin xərçəng əleyhinə tətbiq effektlərinin tapılmasıdır. Bioloji sistemlərdə rolu ilə yanaşı, aromatik tiollar və onların törəmələrinin digər əhəmiyyəti polimer sənayesində itifadə olunaraq müxtəlif xassələri texniki materialların alınmasıdır. Aromatik tiollar və onların müxtəlif funksionaləvəzli törəmələri yağlara və yanacaqlara aşqarlar, analitik reagentlər kimi də geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, monoqrafiya özündə kimyanın bir sıra problemlərini əks etdirməklə oxucularının diqqətini  aktual məsələlərə yönləndirə bilmişdir.

Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, işıq üzü görmüş bu monorafiya dünyada son 50 ildə aromtik tiollar və onların törəmələri haqqında ilk çap olunmuş əsərdir. Kitabda 950-dən çox dünya ədəbiyyatdan istifadə edilib ki, onların əksəriyyəti müəlliflərin elmi yaradıcılıqlarının məhsuludur. Monoqrafiyanın diqqətçəkən məqamlarından biri də, yeddi fəslin hər biri üçün ayrılıqda sintez üsullarının və ədəbiyyat siyahısının verilməsidir. Monoqrafiya həm də bu sahədə verilmiş cədvəl məlumatlarına və şəkillərə görə sorğu kitabı kimi əhəmiyyətə malikdir.

Bir oxucu kimi monoqrafiyada mənim diqqətimi cəlb edən, maraq doğuran araşdırmalardan biri də sintez edilmiş aromatik tiollar, onların törəmələrinin nəzəri qanunauyğunluqlarının, konformasiya, elektron effektlərinin öyrənilməsi və tədqiqatlardan alınan nəticələrin ayrıca başlıq altında verilməsidir. Eləcə də bu birləşmələrdə 1H, 13C, 17O, 19F, 33S nüvələrinin Nüvə Maqnit Resonansı (NMR), 35Cl, 79Br nüvələrinin Nüvə Kvadrupol Resonansı (NKR) ilə tədqiqi, sintez olunan maddələrin Rentgen Flurosensiya analizi (RFA), İnfraqırmızı (İQ), Ultrabənövşəyi (UB) kimi analiz üsulları ilə tədqiqatlarının aparılması kitabın əsas məziyyətlərindən biridir. Geniş oxucu kütləsinin marağını nəzərə alaraq qeyd etmək istərdim ki, NMR və NKR güclü maqnit sahəsində yüksəktezlikli radiodalğaların təsirilə müxtəlif spinli atom nüvələrinin, RFA rentgen şüalarının təsirilə atomun daxili orbitindəki elektronların, infraqırmızı şüaların İQ təsirilə molekuldakı valent elektronlarının, Ultrabənövşəyi (UB) şüaların isə təsirilə molekuldakı sərbəst elektronların enerji keçidlərinə əsaslanmışdır. Məhz bu enerji keçidləri hesabına NMR (yaxud NKR) maddələrin dəqiq kimyəvi quruluşunu, RFA kimyəvi tərkib və konformasiya anaizini, İQ və UB isə molekulda olan funksional qrupları təyin etməyə imkan verir. Kitabda göstərilən elmi araşdırmalarda adları qeyd edilən müasir fiziki analiz üsullarının tətbiqi, yerinə yetirilən tədqiqatların yüksək səviyyəsini və alınan nəticələrin səhihliyini göstərir.

Bu birləşmələrin biolji  sistemlərdə yuxarıda qeyd olunan rolunu nəzərə alsaq, nüvələrin tədqiqindən alınan nəticələr tibbi nöqteyi-nəzərdən də əhəmiyyətlidir və gələcəkdə uğurla istifadə edilə bilər. 

Monoqrafiyada 500-dən artıq yeni alınmış üzvi maddələr hərtərəfli tədqiq edilmiş, demək olar ki, onların kimyəvi və fiziki xarakteristikaları ətraflı öyrənilmiş, elmi nəticələr cədvəl və şəkil formasında verilmişdir. Monoqrafiya həm də bu sahədə sorğu kitabı kimi geniş istifadə edilə bilər. Hər fəslin sonunda tədqiq olunmuş üzvi maddələrin sintezi üsulları da göstərilmişdir ki, bu da sintetik üzvi kimyaçıların işini çox asanlaşdırır. Kimya təbiət elmləri sırasına daxil olmasına baxmayaraq, bu monoqrafiyadakı məlumatlar məqsədyönlü sintezlər aparmağa geniş imkanlar verir. Daha dəqiq və obrazlı desək, kitab kompas rolunu oynayır.

Sevindirici məqamlardan biri də İ.Əliyev, L.Oparina və B.Trofimovun "Aromatik tiollar və onların törəmələri" adlı monoqrafiyanın N.Zelinski adına İnstitutun direktoru, REA-nın Kimya və Materialşünaslıq bölməsinin katibi, "Uspexi ximii" jurnalının baş redaktoru M.Yeqorovun redaktorluğu, REA Ural bölməsinin Üzvi Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik O.Çupaxin, REA Sibir bölməsinin A.Favoriski adına İrkutusk Kimya İnstitutunun professorları N.Qusarova və S.Amasovanın rəyı altında çap olunmasıdır. Ümumiyyətlə, deyə bilərəm ki, ayrı-ayrı elm sahələrində çalışan Azərbaycan alimləri öz kəşfləri, yenilikləri ilə çox şeyə ilkin olaraq imza atmış, dünya alimləri sırasında layiqli yerini tutmuşdur.

Sonda qeyd etmək istəyirəm ki, azərbaycanlı alimin həmmüəllif olduğu bu kitab, yalnız onun müəlliflərinin deyil, Azərbaycan elminin, Azərbaycan-Rusiya qarşılıqlı elmi əlaqələrinin növbəti nailiyyətidir. Hesab edirəm ki, monoqrafiya kimyaçı sintetiklər, fiziki kimyaçılar, farmakologiya sahəsində çalışan kimyaçılar, polimer kimyaçıları, müasir fiziki tədqiqat metodları (NMR, NKR, RFA, İQ, UB) sahəsində çalışan kimyaçılar, doktorantlar, magistrlər və tələbələr üçün çox faydalı olacaq.

İbrahim MƏMMƏDOV
Bakı Dövlət Universiteti Neft kimyası və kimya texnologiyası kafedrasının professoru

 





14.12.2018    çap et  çap et