525.Az

Azərbaycanda multikulturalizm və onun inkişaf mərhələləri


 

Azərbaycanda multikulturalizm və onun inkişaf mərhələləri<b style="color:red"></b>

Azərbaycanda qədim ənənələrə malik multikultural dəyərlər Sovetlər Birliyi dönəmində müxtəlif təzyiqlərlə üzləşsə də, xalqımız öz kökünə dərindən bağlı olduğundan bu qədim ənənələri müasir dövrümüzə qədər qoruyub saxlaya bildi.

XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, milli adət və ənənələrə qəlbən bağlı olan ulu öndər Heydər Əliyev multikulturalizmi dünyaya tanıtmaqda tarixi bir iş gördü. Xalqımızın tarixinə və keçmişinə dərindən bələd olan ümummilli lider ilk növbədə xaricdə yaşayan soydaşlarımızı bir araya gətirmək, onlarla mütəmadi iş aparmağı zamanın tələbinə çevirmək, dünya azərbaycanlılarını milli tellərlə bir-birinə bağlamaq üçün məqsədəyönlü fəaliyyət göstərdi. Ulu öndərin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması üçün öz vətəninin sərvətlərini göz-bəbəyi kimi qorumaq, xalqının keçmişini, mədəniyyətini, dinə sadiqliyini dünyaya sübut etməkdən ibarətdir" - kəlamı dərin məna kəsb edir. Ümummilli liderin ideyalarının davamı olaraq son illər mədəni dəyərlərin qorunması və mədəni həyatın inkişafı məqsədi ilə Azərbaycanda görülən mühüm işlər, bu sahədə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edilməsi, mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi istiqamərində həyata keçirilən müxtəlif tədbirlər isə məhz Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin parlaq təzahürüdür. 

Azərbaycanda multikulturalizmin, tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi ölkənin qədim dövlətçilik ənənələri ilə sıx bağlıdır. Tarixi mənbələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsr maarifçiliyi, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif xalqlar və dini təriqətlərin nümayəndələri bu məfkurəni yaşada, bunu, siyasi mübarizə yolu ilə olsa belə, qoruyub saxlaya bilmişlər.

Diaspora ilə sıx əlaqələr qurmaq, xalqları bir-birinə yaxınlaşdırmaq Ulu öndərin məqsədyönlü fəaliyyətinin əsas xətti idi. Ulu Öndər qeyd edirdi ki, hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam! "Yüksək mədəniyyətə malik xalq həmişə irəli gedəcək və özünün inkişafı üçün digər xalqların da dəyərlərinə hörmətlə yanaşmalıdır" - deyən H.Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi məqsədyönlü planlar milli dəyərlərə hörmət, xalqlar arasındakı dostluğu möhkəmləndirmək kimi təməl prinsiplərə söykənirdi. Nə qədər ki, xalqımız bu prinsipləri qoruyacaq, ölkə bir o qədər inkişaf edəcək, nüfuz dairəsi genişlənəcək. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə bu il iyulun 18-27-də  "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - milli və dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm yay məktəbləri fəaliyyət göstərdi. Bu sahədə müxtəlif layihələr həyata keçirilir, beynəlxalq miqyasda təbliğat işi aparılır. Həmin layihələrdən biri də Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli universitetlərdə və xaricdə tədris edilməsidir. Dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi gənclərin multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə görmələrinə şərait yaratmaqdır. Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 19 universitetindən 38 tələbə, bizim 12 universitetimizdən 19 tələbə bu tədbirə birbaşa iştirakçı kimi qoşulmuşdur. Qonaqlar vətənimizin dilbər guşələrinə səfər edib, İsmayıllı, Şəki, Quba, Zaqatala, Qəbələ, Qax kimi rayonlarda multikulturalizmin təbliğinə həsr olunmuş dəyirmi masa, konfrans və toplantılarda iştirak edərək yerli mütəxəssislərin mühazirələrini dinləyiblər. İştirakçıların daha sonra Azərbaycanın Nic, İvanovka, Lahıc, Kiş, Oğuzdakı "Cuhudlar məhəlləsi" kimi etnik və dini baxımdan unikal məkanlara səfərləri, ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri, görkəmli dövlət və din xadimləri ilə maraqlı görüşləri olub.

2016-cı ilin payızında Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi etdi. Bununla bağlı Heydər Əliyev Mərkəzində keçirilmiş rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident  Mehriban Əliyeva iştirak edib və möhtəşəm nitq söyləyiblər.

Həmin forumda 80-dən çox ölkədən 400-dən artıq xarici qonaq iştirak edirdi. V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi aktual məsələlərə həsr olunmuşdu: "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru", "İnsanların kütləvi yerdəyişməsi fonunda insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi", "Jurnalistikanın informasiya dövründə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya". Multikulturalizm, başqa sözlə desək, cəmiyyətdə mədəni fərqliliyin inkişafı və müxtəlif mədəniyyətlərin birgəyaşayış imkanlarının saxlanmasına yönələn ideologiya forumun aparıcı mövzularından olmuşdur. 2016-cı il Azərbaycanda "Multikulturalizm İli" elan edildi.

Azərbaycanın beynəlxalq miqyasda - Kanada, Avstraliya, Argentina və İsveçrə kimi dünyanın 5 tolerant ölkəsi sırasında tanınması, həmin ölkələrin daxil olduğu Şuranın üzvü olması xalqımızın qədim köklərə və ənənəyə malik olmasını sübut edir.

Şərqlə Qərbin, Cənubla Şimalın qovşağında qərar tutmuş Qafqaz, onun ürəyi sayılan Azərbaycan özündə dolğun bir aləmi ehtiva edir. Xalqımızın özünəməxsus tarixi ənənəsi, bənzərsiz mədəniyyəti, dəyərlər sistemi var ki, bunlar birlikdə vahid multikultural məkanı təşkil edir.

"Dünya Türk həmrəylik günü" cari ilin oktyabrın 3-də qeyd edildi. Burada türk xalqlarının iştirakı və türkçülük ənənələrinin birgə qorunmasının təbliği yeni-yeni qurumların meydana gəlməsinə əsas verdi. "Türk dünyası" Ağsaqqallar Şurasının, "Türk Dünyasının Assambleyası"nın yaranması tarixi hadisə oldu. Multikultural dəyərlərə söykənən türkdilli dövlətlərin aparıcı missiyası Avropanı heyrətləndirdi. Bəzən milli maraqlarımıza zid, ictimai fikri çaşdırmaq kimi cəhdlər edilsə də, buna nail ola bilmədilər. Azərbaycançılıq ideologiyası çoxdinlilik mühitində tolerant-lığın bərpasına, inkişafına şərait yaratdı. Dini etiqad azadlığı, icmalar, millətlər arasında qarşılıqlı hörmət və inamın yaranması ənənəsi yenidən dirçəlməyə başladı. İndi ölkəmizdə İslam, xristian, iudaizm və digər dinlərə məxsus bayramlar birgə qeyd olunur, həmrəylik ideyasından daha geniş istifadə edilir. 

"Meyllər və ideyaların təbliğinə ciddi yanaşmaq, maneə törədən streotiplərin aradan qaldırılmasına, Vətənimizi, doğma Azərbaycanı sevən hər bir şəxs buna çalışmalı, işində və rəhbərlik etdiyi qurumda bu prinsipləri əsas tumalıdır". Bu, Prezident İlham Əliyevin tövsiyəsidir. Cənab Prezidentin 28 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Agentliyi yaradıldı.  2014-cü il mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi bir daha sübut etdi ki, xalqın dəyərlərinin qorunması bir Mərkəzdən idarə olunmalı, ölkəmizə gələn əcnəbilər xalqımızın mədəniyyəti, musiqisi, dinə baxışı ilə dərindən tanış olmalıdırlar.

Multikulturalizmin yaranması və onun inkişaf mərhələlərini Azərbaycan xalqının tərəqqisi ilə yanaşı qeyd etmək daha doğru olar. Rusiya imperiyasının süqutundan sonra yaradılan SSRİ-nin tərkibindəki respublikalar bir beyin mərkəzindən idarə olunsa da, bir-birini başa düşən türkmən, qazax, qırğız, özbək, qaqauz və azərbaycanlılar milli  adət və ənənələrə hörmətlə yanaşırdılar.

Əgər biz multikulturalizmin Azərbaycandakı inkişaf mərhələlərini dövrlərə bölsək, onda belə qənaətə gələ bilərik ki, yaranma inkişafdan daha qabaqdır. Onun müasir inkişaf tarixi Azərbaycanda müstəqilliyin bərpası ilə bir götürülür. Hesab edirik ki, bu inkişaf mərhələləri 1991-1995, 1995-2000, 2000-2010, 2010-2020 kimi götürülməlidir. Xalqımızın tarixi köklərini araşdırdıqca yeni-yeni meyarlar üzrə çıxır, türkdilli xalqların qədim dövrlərdən bir-birinə sıx bağlılığı sübuta yetirilir.

1993-cü ildə xalqın təkidiylə ölkə rəhbərliyinə qayıdan səriştəli siyasətçi, milli dəyərlərə qiymət verən Heydər Əliyev birinci mərhələnin banisi və multikulturalizmin təkamülünü formalaşdıran yeganə liderdir. Həmin vaxtdan Azərbaycan bir sıra xalqlar və ölkələrlə mədəni-dini, iqtisadi-siyasi əlaqələrini möhkəmləndirdikcə, nəzərdə tutulan inkişaf xətti üzrə multikulturalizm ön plana çəkildi. 2000-ci ildən başlayaraq multikulturalizmə diqqətin artmasını, bu sahəyə daha yüksək münasibəti qəbul edilən yeni-yeni qanunlar, verilən sərəncamlar sübuta yetirdi. Ölkə prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ilə dini, mədəni əlaqələrin inkişafı yüksələn xətt üzrə kulminasiya nöqtəsinə kimi davam etdi. Multikulturalizmin ABŞ, İsveçrə, Avstraliya, Kanada modellərinin olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox dövlətlər tərəfindən bəyənildi, nümunə kimi tətbiq olunmağa başladı. Azərbaycan modeli tarixi və milli köklərə bağlı olduğu üçün digər modelləri üstələyir. İndi multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, həm də xalqımızın mənəviyyatını, mədəniyyətini, sülhsevərliyini sübut edən mənbədir. Azərbaycandakı mövcud tolerantlığın və multikulturalizmin təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, siyasət nümayəndələrinin, həmçinin, gənclərin gözü ilə dünyaya təqdim edilməsi müsbət ənənəyə çevrilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Millətlərarası ümumbəşər multikulturalizm və dini məsələlər üzrə Dövlət Agentliyi tərəfindən indiyədək 4 virtual dəyirmi masa təşkil edilmişdir. Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın formalaşması "Multikultural təhlükəsizlik", digər ölkələrin qabaqcıl elm ocaqlarında "Azərbaycan multikulturalizmi" fənninin tədrisi işğal altında olan ərazilərimizdə multikul-tural ənənələrin mənfur ermənilər tərəfindən məhv edilməsi və onların bu dəyərlərə mənfi münasibəti Azərbaycana marağı günü-gündən artırır. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır, dərc olunan mətbu nümunələr beynəlxalq media qurumlarına paylanır.

Azərbaycanda bütün xalqların, dinlərinin nümayəndələri vahid ailə kimi yaşayır, heç vaxt ölkəmizdə dini-etnik zəminində qarşıdurma və anlaşılmazlıq olmayıb.

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilməkdədir. Multikulturalizm özündə fərqli mədəniyyətlərin bir arada yaşamasını, müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasını, inkişafını və harmonizasiyasını, eləcə də azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasını ehtiva edir. Ulu öndər H.Əliyevin rəhbərliyi ilə keçmişə söykənən dövlətçilik ideyasının qorunması sahəsində həyata keçirilən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və böyük uğurla davam etdirilir. Ulu öndərin söylədiyi kimi, "yüksək mədəniyyətə malik xalq öz ənənələrinə sadiq qalmalı, keçmişini yaşatmalı, mənəviyyatını, dilini, dinini qorumalıdır".

Aygün EYVAZLI
Kulturologiya üzrə fəlsəfə doktoru

 





14.12.2018    çap et  çap et