525.Az

Gənc nəslin inkişafında ədəbiyyat mühüm amil kimi


 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Gənc nəslin inkişafında ədəbiyyat mühüm amil kimi<b style="color:red"></b>

Uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında və fiziki cəhətdən sağlam yetişmələrində kitabın, mütaliənin, ədəbiyyatın rolu danılmazdır.

Sağlam gələcək, sağlam nəsil üçün sistemli və gərəkli mütaliə şərtdir. Valideynlər, müəllimlər, ümumiyyətlə, cəmiyyət qarşısında məsuliyyətini dərk edən istənilən vətəndaş bu nüansa diqqət yetirməlidir. Sovet rejimi dağılandan sonra Azərbaycanda bir çox sahələr kimi, kitab industriyasının da çöküşü başlamış oldu. Hazırda vəziyyət bir qədər düzəlsə də, tam qənaətbəxş səviyyədə deyil. Xüsusən, oxucuların azlığı, uşaqların kitabdan, mütaliədən uzaqlığı daha qabarıq şəkildə özünü büruzə verir. Daha çox ucqar kəndlərdə, dağlıq və dağətəyi ərazilərdə uşaqlar kitabdan, mütaliədən, təhsildən uzaq qalırlar. Azərbaycan dövlətinin bu problemləri aradan qaldırmaq üçün həyata keçirdiyi proqramla yanaşı, müstəqil olaraq fərdi və qrup şəklində uşaqların təhsilə, mütaliəyə cəlb edilməsində pay sahibi olmağa çalışan gənclər kifayət qədərdir. Bu gəncləri bir yerə toplayan hərəkatlardan biri də "Kitabsevərlər"dir.

"Kitabsevərlər" Hərəkatı: kommersiya maraqları arxa planda

"Kitabsevərlər"in yaranması və fəaliyyət istiqaməti haqqında məlumat almaq üçün hərəkatın rəhbərlərindən Fariz Bayramova üz tutduq. F.Bayramovun sözlərinə görə, "Kitabsevərlər" Hərəkatı həvəskar şəkildə uzun müddətdir ki, fəaliyyət göstərir: "İlk olaraq 2009-cu ildə "Facebook"da qrup kimi yaradılıb. Əsas məqsəd də oxucuları bir araya gətirmək, maraqlı paylaşımlar etmək idi. Tədricən, üzvlər artıqca virtual müzakirələrin, paylaşımların real həyata daşınması qərara alındı. 2013-cü ildən başlayaraq qrup üzvləri mütəmadi görüşməyə başladı. Əvvəlcə adi tanışlıqlar şəklində görüşlər təşkil edildi. Bir müddət sonra qərara alındı ki, qrup həm də kitabların nəşriylə məşğul olsun. Özü də kommersiya məqsədilə yox, kitab sahəsində canlanma yaratma və insanların kitaba marağının artması üçün. Beləcə, qrupun ilk kitabı "İz" meydana çıxdı. Bu kitab gənc yazarların hekayələr toplusu idi. İlk kitabdan sonra qrupun həvəskar tərcüməçilərinin birgə əməyinin nəticəsi olan Nikolas Sparksın "Gündəlik" romanı oxucularla görüşdü. Ardınca da sovet vaxtı nəşr olunmuş bəzi dəyərli əsərlərin transliterasiya ilə yenidən oxuculara qazandırılmasına başladıq. Həvəskar şairlər də unudulmadı. Onların şeirlərindən ibarət "Bir nəfəsə sığışmaq" adlı antologiya işıq üzü gördü.

Uşaq ədəbiyyatına diqqət: "Kitabsevərlər" balaca oxucuları sevindirir

F.Bayramov deyib ki, hərəkatın ən əsas məqsədlərindən biri də uşaq ədəbiyyatının təbliğatıdır: "Gələcəyin sahibləri olan körpələrdə kitab sevgisinin qazandırılması cəmiyyət üçün çox faydalıdır. Bu məqsədlə dünyaca məşhur uşaq ədəbiyyatından əsərlər hərəkatımızın nəşrləri arasında yerini aldı. "Kitabsevərlər" Hərəkatı bununla kifayətlənməyib. Bir neçə orta məktəbdə şagirdlərlə əsərlərin müzakirəsini keçirib. 2018-ci il ərzində demək olar ki, hər ay belə müzakirələr təşkil edilib. Həm kitab oxumağa həvəsləndirmək, həm də özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək üçün yararlı olan bu müzakirələr tək paytaxt məktəblərində yox, əyalətlərdə də baş tutub".

Fariz Bayramov bildirib ki, neçə müddətdir, mütəmadi olaraq hər ay bir əsər seçilərək hərəkatın üzvləri arasında müzakirə olunur. Bundan başqa, o qeyd edib ki, hərəkat xeyriyyə aksiyaları da həyata keçirir: "Bunlardan biri də "Kitab al, kitab qazandır" adlı kampaniyadır. İlk dəfə 2017-ci ilin iyununda təşkil edilən kampaniya Qubanın dağ kəndlərində yaşayan uşaqara kitab və məktəb ləvazimatı göndərmək məqsədi daşıyırdı. 2018-ci ilin aprelində ikinci dəfə təşkil edilən eyni kampaniyada bu dəfə Əziz Nesinin uşaqlar üçün hekayələrindən ibarət olan "Qum qalalar" kitabı tərcümə edilərək 9 rayonun balaca kitabsevərlərinə hədiyyə göndərilib.

Oktyabr ayındasa həmin kampaniya çərçivəsində bu dəfə Sevinc Elsevərin "Şeytan çarxı" adlı nağıl-romanı çap edilib, rayonlara hədiyyə göndərilib.

Realda görülən işlərdən başqa, "Kitabsevərlər" qrupunda 40000-dən çox üzv, eyni adlı səhifədəsə 41000 izləyici olmaqla hər gün maraqlı paylaşımlar edilir, virtual müzakirələr aparılır, insanların mütaliəyə həvəsini artırmaq üçün cürbəcür maraqlı yazılar paylaşılır, müsabiqələr təşkil edilir”.

Hərəkatın rəhbərlərindən olan şair, tərcüməçi Səbuhi Şahmursoy xeyriyyə kampaniyalarının böyük maraq doğurduğunu, ölkənin neçə rayonundan dəvətlər, təkliflər gəldiyini deyib: "Kampaniyamız kitabsevər dairələr, siravi oxucular arasında maraqla qarşılandı, ümumilikdə 400-dən çox kitab toplanaraq ucqar kəndlərdə yaşayan balaca kitabsevərlərə hədiyyə göndərildi.

Qərara aldıq ki, bu dəfə məlum kampaniya çərçivəsində yerli müəllifin kitabını nəşr edək. Beləliklə, bundan əvvəl yazdığı uşaq kitabları ilə nəinki balaca oxucuların, o cümlədən, bir çox yetkin kitabsevərin diqqətini cəlb edən yazıçı Sevinc Elsevərin yeni romanı olan "Şeytan çarxı"nı seçdik. Redaktoru Cavid Qədir, korrektoru Rəna İsayeva, üz qabığının müəllifi olan Tamerlan İsmayılzadənin əməyi nəticəsində kitab çapa hazırlandı. Yenə "Kitab al, kitab qazandır" kampaniyasına başladığımızı elan etdik. Bu dəfə də cəhdimizə sadiq oxucularımız yaxşı reaksiya verdilər, "Kitabevim.az" mağazasında müəllifin iştirakı ilə kitabın təqdimat mərasimi baş tutdu".

İki kitab al, bir kitab qazandır

S.Şahmursoy kampaniyanın şərtinə də aydınlıq gətirib: "Təqdimat günü satılan hər kitab ucqarda yaşayan balacalara bir kitab qazandırmış olurdu. Bundan başqa, istəyənlər özləri də kitab hədiyyə edə bilərdilər. Sevinirik ki, özünə iki kitab almaqla kiməsə bir kitab qazandırmaq istəyən insanlar hələ də əhatəmizdə var. Onların bu addımı elə bizim düşüncəmizə dəstəkdir. Nəticədə həmişə kitab almağa, bədii ədəbiyyat oxumağa imkanı olmayan əyalət uşaqlarını artıq neçənci dəfədir sevindirə bilirik. Hamımıza məlumdur ki, kitab təbliğatı çox dar mühitdə - təkcə Bakıda müəyyən coşqu ilə aparılır. Paytaxtdan kənarda yaşayanlarsa, demək olar ki, bundan məhrumdurlar. Onlara - bölgələrdə oxumaq həvəsi ilə alışan insanlara yetişməyə, kitablaşmağa, müzakirələr aparmağa, hansısa ictimai layihələr həyata keçirməyə imkanımız olmur. Bu səbəbdən, "Kitab al, kitab qazandır" kimi aksiyaların əyalətdəki kitabsevərlərlə əlaqə yaratmaqdakı əhəmiyyəti çox böyükdür. Çünki bu kampaniyalarda toplanan kitabları elə həmin bölgələrdə yaşayan kitabsevərlər, ictimai fəallar uşaqlara çatdırır. Bu, bir tərəfdən bizim işimizi asanlaşdırır, digər tərəfdən də qarşımıza qoyduğumuz maarifçilik ideyasının təcrübi hal almasında o böyük kütlə ilə əlaqələrimizi həm yaradır, həm də möhkəmləndirir. Üstəlik, həmin bölgələrdəki kitabsevərlərin bir-birini tanımasına, eyni zamanda, gələcək kitabsevərlərin yaranmasına xidmət edir".

Ümid edirik, sırf bu kampaniya çərçivəsində paytaxtda bizə dəstək olan insanların sayı artacaq. Onların artması ilə bu kitabların daha çox əyalətdəki balacaları sevindirmək məsələsi düz mütənasibdir: nə qədər çox alınsa, o qədər hədiyyə ünvanımız çoxalacaq. Paytaxtdakı bu kitab mühitindən kənar qalmış kitabsevər uşaqlar müasir ədəbiyyatımızda uşaqlar üçün yazan müəllifləri tanımalıdırlar. Onların əli çatan ən yaxın vasitə rayon və kəndlərdə fəaliyyət göstərən dövlət kitabxanalarıdır. Amma təəssüf ki, heç bir kitabımızı dövlət kitabxanalarında görə bilmirik. Halbuki "Kitabsevərlər" Hərəkatı davamlı olaraq uşaq ədəbiyyatına müraciət edir, tez-tez yeni kitablarla - həm xarici, həm yerli müəlliflərin əsərləri ilə balaca oxucuların görüşünə gəlir. Amma yalnız öz cəhdimiz sayəsində məhdud kütləyə yetişə bilirik. Dövlət kitabxanalarını kitablarla təmin edən qurumlar bizim nəşrlərlə maraqlansa, inanırıq ki, razı qalacaqları kitablarla qarşılaşarlar. İndiyədək hərəkat Harper Li, "Bülbülü öldürmək" (roman), "Gəlincik evi" (Dünya ədəbiyyatından seçmə uşaq hekayələri toplusu), Edmundo de Amisis - "Uşaq qəlbi" (roman, ixtisarla), Astrid Linqdren - "Biz Saltkrok adasındayıq" (roman), Maksim Qorki - "Mən necə oxumuşam" (hekayələr), Əziz Nesin - "Qum qalalar" (hekayələr) və digər nəşrlərini uşaqlara həsr edib". 

Hərəkatın gördüyü bütün işlər, apardığı bütün kampaniyalar könüllülük prinspinə əsaslanır. Fəallar sırasında olan yazıçılar, şairlər, jurnalistlər, tərcüməçilər, eləcə də sıravi oxucular hər hansı gəlir güdmədən, sırf kitaba, ədəbiyyata, kitab industriyasının inkişafına dəstək, cəmiyyətin düşüncəsində müsbət dəyişikliklərə zəmin hazırlamaq üçün bu əziyyətə qatlanır.

 





14.12.2018    çap et  çap et