525.Az

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı öz işinə başladı


 

OQTAY ƏSƏDOV: “YENİ DÜNYA DÜZƏNİNİN FORMALAŞMASINDA GƏNCLƏR MÜHÜM ROL OYNAMALIDIR”

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı öz işinə başladı<b style="color:red"></b>

Dünən Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başlayıb.

İkigünlük konfransda Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunur.

Oqtay Əsədov: “Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlıq siyasətinə daha ciddi münasibət bildirməlidirlər”

Açılış nitqində spiker Oqtay Əsədov deyib ki, dünya əhalisinin ən dinamik üzvü olan gənclər yeni dünya nizamının formalaşmasında həlledici rol oynamalıdır. Onun sözlərinə görə, çünki gənclər dünya mədəniyyəti, sivilizasiyalararası mədəniyyətləri, yeni ideyaları daha tez mənimsəyirlər. Konfransda Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinə çevrildiyini bildirən spiker qeyd edib ki, bu istiqamətdə  də çox mühüm addımlar atılır, gənclər ölkə həyatın bütün sahələrində və sferalarında fəal iştirakçılığa cəlb edirlər: “Dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik, sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfələrini verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Əminəm ki, məhz yeni dünya düzəninin formalaşmasında gənclər mühüm rol oynamalıdırlar...”

Sonra çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan O. Əsədov Ermənistanın təcavüzkarlıq siyasətinin hələ də  davam etdiyini, beynəlxalq təşkilatların isə buna daha ciddi qiymət verməsinin vacibliyini bəyan edib. Spiker artıq bir sıra nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətinə ədalətli qiymət verdiklərini də sözlərinə əlavə edib: “Bir sıra beynəlxalq təşkilatlar da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı birmənalı şəkildə dəstəklənib. Qoşulmama Hərəkatı, ATƏT, AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da qərar və qətnamələr qəbul ediblər. Əminəm ki, həm bizim ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan-Azərbaycan  münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən, onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll ediləcək”.

Spiker həmçinin, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu, ölkə Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına öz salamlarını göndərdiyini dilə gətirib.

Dünyada cavan deputatların sayı 1.9 faizdən, 2.2 faizə qədər artıb

Dünyada 30 yaşından cavan deputatların sayı son 2 ildə 1.9 faizdən, 2.2 faizə qədər artıb. Bu isə Qlobal Konfransında yayılmış hesabatda əksini tapıb. Hesabatda qeyd olunur ki, bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir: “Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, sonra isə sırada ABŞ-dır”. Həmçinin, göstərilir ki, dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur. “40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib” - deyə, sonra hesabatda bildirilir.

Yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq?!

PAİ-nin prezidenti Qabriela Kuevas Barron çıxışında bildirib ki, Azərbaycan gənclərin inkişafı üçün bu günün çağırışlarını yerinə yetirir. Azərbaycan hökuməti bu çağırışları praktik həyata keçirmək üçün gənclərə çox gözəl şərait yaradır. Onun dediyinə görə, bu gün öhdəliklər haqda da düşünmək lazımdır: “Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi sahəsində istilik 1.5 dərəcə artıb. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təhdidlərə hazır olmalıyıq”. PAİ-nin prezidenti söyləyib ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik: “7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”. Barron həmçinin qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: “Gənc siyasətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısınız. Bugünkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Onların səlahiyyətlərindirilməsi çox vacibdir. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməldir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalıyıq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir”. O, həmçinin deyib ki, yaxın 40 il ərzində dünya əhalisinin sayı 60 faiz artacaq.

Azad Rəhimov: “Azərbaycanda əhalinin 60 faizi 30 yaşdan aşağıdır”

“Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır”. Bu fikirləri də çıxışında gənclər və idman naziri Azad Rəhimov deyib. “Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir” - deyən nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb: “Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”.

Daniel Siçilongo: “Bakıdan götürüləsi, öyrəniləsi çox məsələlər var”

Zambiyalı parlamentari, Zambiya Yaşıl Partiyasının baş katibi Daniel Siçilongo isə çıxışında qeyd edib ki, Bakı gözəl və təmiz şəhərdir: “Bakıdan öyrəniləsi, götürüləsi çox şeylər var”. O bildirib ki, bu dünyada ciddi ekoloji problemlər yaşanır, ətraf mühit çox çirkli vəziyyətdədir: “Hətta, ən məşhur meqapolislər belə bunlardan sığortalanmayıb, çirklənmə baş alıb gedir. Ona görə də gözəlliyi və təmizliyi ilə seçilən, göz oxşayan Bakıdan bu məsələlərin, problemlərin həllində götürüləsi, öyrəniləsi çox şeylər var. Bunlar mütləq nəzərə və diqqətə alınmalıdır” - deyə, zambiyalı parlamentari qeyd edib.

Konfrans bu gün işini başa çatdıracaq.

Kamil HƏMZƏOĞLU

 





15.12.2018    çap et  çap et