525.Az

Gürcüstan azərbaycanlılarının miqrasiya problemləri müzakirə olundu


 

Gürcüstan azərbaycanlılarının miqrasiya problemləri müzakirə olundu<b style="color:red"></b>

Gürcüstandakı soydaşlarımızın miqrasiya problemlərinə dair tədbir keçirilib.

Tədbirin təşkilatçısı qafqazşünas Kamran Ramazanlı çıxışında qeyd edib ki, Gürcüstanda iş yerlərinin məhdudluğu soydaşlarımızın iş üçün daha çox Azərbaycan və Türkiyəyə üz tutmasına səbəb olur. Lakin Azərbaycanda iş icazəsi üçün rüsumların miqdarının yüksək olmasından narahatlığını dilə gətirən K.Ramazanlı bu məsələyə dövlətin yenidən baxmasını istəyir.

Qafqazşünas qeyd edib ki, Gürcüstanda 500 minə yaxın azərbaycanlı var, təxminən o qədər də Borçalı əsilli soydaşımız Azərbaycanda yaşayır: “Hər ailənin heç olmasa bir üzvü Azərbaycandadır. Ailə üzvünü ziyarət etmək üçün Azərbaycana gələn soydaşlarımız miqrasiya xidməti tərəfindən tətbiq olunan qeydiyyat müddətindən bir gün gec geri qayıtdıqda 300-400 manat cərimə ödəməli olurlar”.

Filosof Asif Bayramov isə qeyd edib ki, Azərbaycan hökuməti, eləcə də ayrı-ayrı parlamentarilər gürcüstanlı soydaşlarımızın problemlərinə daim diqqətlə yanaşırlar: “Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşdükdən sonra 1700-dək soydaşımızın cərimələri ləğv olunub”.

Professor Hidayət Nuriyev isə bildirib ki, Borçalının problemlərinə diqqətin artırılması vacibdir. O, laqeydliyə görə gələcəkdə yarana biləcək təhlükəli tendensiyalara toxunub, bu məsələdə hər kəsi aktiv olmağa çağırıb.

Ziya İnformasiya Agentliyinin rəhbəri Müşfiq Borçalı isə qeyd edib ki, Gürcüstanda yaşayan soydaşlarımız təhsil və işlə bağlı ciddi problemlərlə üzləşirlər. O, bütün problemlərin həllini Azərbaycan hakimiyyətindən tələb etməyi doğru hesab etmir: “Heydər Əliyevin prezidentliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun qəbul edilib. Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə daim diqqətlə yanaşır, onların narahat edən məsələlərin, o cümlədən, təhsillə bağlı problemlərin həllinə dəstək olur. Lakin bəzi hallarda özümüzünkülər süni maneələr yaradır, Azərbaycan dövlətinin xoş niyyətindən sui-istifadə etməyə çalışırlar. Ona görə də problemin həlli gecikir”.

Əməkdar incəsənət xadimi Eyvaz Borçalı da məsələnin əhəmiyyətinə toxunub, istər təhsil, istər miqrasiya problemi, istərsə də azərbaycanlılara aid toponimlərin dəyişdirilməsi məsələsinin daim diqqətdə saxlanılmasının vacib olduğunu bildirib.

Ceyhun ABASOV

 





15.12.2018    çap et  çap et