525.Az

“Azərbaycan və Rusiya beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstərir”


 

SERGEY LAVROVUN BAKI SƏFƏRİ İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRİN BƏRABƏRHÜQUQLU VƏ QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞA ƏSASLANDIĞINI BİR DAHA TƏSDİQ EDİR

“Azərbaycan və Rusiya beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstərir”<b style="color:red"></b>

Prezident İlham Əliyevin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü iki ölkə arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını bir daha təsdiq edib, əlaqələrin gələcək inkişafı üçün səmimi etimad mühitinin, siyasi iradənin mövcudluğundan xəbər verir.

Təsadüfi deyil ki, görüşdə prezident qeyd edib ki, Rusiya xarici işlər nazirinin Bakı səfəri 2019-cu il üçün birgə planların müəyyənləşdirilməsi, həm də bu il hansı işlərin görüldüyünü təhlil etmək üçün yaxşı imkandır: “Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən, mənim Rusiyaya sentyabrın əvvəlində rəsmi səfərim və Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənəd imzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək”.

Azərbaycanla Rusiyanın beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstərdiyini deyən dövlət başçısı bir həftə əvvəl MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitini xatırladıb: “Bu, təşkilatın üzvlərinin fəaliyyətini gücləndirmək üçün çox əlamətdar hadisə idi. Bu il aktiv fəaliyyətə başlayan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşdırılıb. Bu yaxınlarda görüşəcəklər. Həmçinin, Rusiya-Azərbaycan İşgüzar Şurasının yeni tərkibi formalaşdırılıb. Yəni, biz ticari-iqtisadi əlaqələrə, investisiya proqramlarına dinamika vermişik. Düşünürəm ki, nəticələr çox yaxşı olacaq”.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan prezident ümid edir ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək: “Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik”.

Azərbaycanla Rusiyanın bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstərdiyini deyən prezident Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı birgə fəaliyyətin nəticələrini məmnunluqla qeyd edib: “Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik”.

Bu yaxınlarda Rusiya və Azərbaycan prezidentlərinin himayədarlığı ilə Bakıda növbəti humanitar horumun keçirildiyini xatırladan ölkə rəhbəri qeyd edib ki, bu forum humanitar məsələləri müzakirə etmək üçün mühüm beynəlxalq meydandır: “Bir daha münasibətlərimizin bu cür təşəkkülündən məmnunluq ifadə edirəm və ümidvaram ki, gələcəkdə də belə yaxşı nəticələr olacaq”.

Rusiya xarici işlər naziri S.Lavrov isə qeyd edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə İrəvan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyir: “Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”.

Mövzu ilə bağlı fikirlərini bildirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəli effekt verəcək. O, “Trend”ə bildirib ki, Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir, Qafqazda, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə, digər qlobal məsələlərin həllinə birgə töhfələr verir: “Məhz bu faktorlar - iki ölkənin rəhbərlikləri arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın inkişafına böyük impuls verir. Əbəs deyil ki, Sergey Lavrov dövlət başçısı İlham Əliyevlə görüşü əsnasında ölkələrimiz arasındakı əməkdaşlığı strateji olaraq qiymətləndirib və Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin tükənməz potensialından çox istifadə edilməli olduğunu vurğulayıb”.

Ümumiyyətlə, son bir neçə ildə, xüsusilə 2018-ci ildə Azərbaycan-Rusiya münasibətlərinin istər davamlılıq, istərsə də məhsuldarlıq baxımından diqqəti cəlb etdiyini deyən B.Quliyev qeyd edib ki, Azərbaycan dövlətinin regionda və dünyada sərgilədiyi siyasi və balanslaşdırılmış mövqe Rusiyanın ali siyasi dairələrində çox yüksək qiymətləndirilir.

Baş redaktor bir müddət öncə Sankt-Peterburqda baş tutmuş MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi zirvə toplantısında Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi xüsusi diqqəti xatırladıb və bildirib ki, bunun üçün bir çox əsaslar mövcuddur: “Azərbaycan dövləti ticari-iqtisadi və regionlararası əməkdaşlıq məsələlərində kifayət qədər fəallıq göstərir, o cümlədən, münbit təşəbbüslərlə çıxış edir. Azərbaycan və Rusiya yalnız siyasətdə deyil, həmçinin, təhsil, mədəniyyət və humanitar sahədə birgə səylər nümayiş etdirir. Əlbəttə ki, bütün bunlar ilk növbədə strateji yaxınlaşmanın və gələcəyə hesablanmış növbəti uğurlu addımların məntiqi göstəricisidir”.

S.Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq yeni mərhələdə və daha aktiv şəkildə fəaliyyət göstərəcəyini bildirdiyini xatırladan B.Quliyev hesab edir ki, bütün bunlar Rusiya tərəfinin münaqişənin həlli üçün maraqlı olduğunu, habelə Azərbaycanın ədalətli mövqeyini bölüşdüyünü isbatlayan amillərdəndir: “ Lavrov 2019-cu ildə münaqişənin həlli üçün yeni mərhələlərə keçid ediləcəyinə işarə edib və buna ümidvar olduğunu vurğulayıb. Eyni zamanda, dövlət başçısı da 2019-cu ilin nizamlanma prosesinə yeni impuls verəcəyini vurğulayıb”.

Baş redaktor prezident İlham Əliyevin S.Lavrovla görüşündə irəli sürdüyü fikirlərin kifayət qədər önəm daşıdığını deyib və bildirib ki, ölkələrimiz nəinki ikitərəfli formatda, eyni zamanda, beynəlxalq strukturlarda fəal əməkdaşlıq edirlər: “İlham Əliyev Şimal-Cənub dəhlizinin yaradılması və digər məsələlərlə bağlı ölkələrimiz arasında mövcud olan fəaliyyətdən məmnunluq duyduğunu xüsusilə qeyd edib və inanırıq ki, bu fəaliyyət həm Azərbaycana, həm də Rusiyaya öz səmərəli effektini verir və bundan sonra da verəcək”.

Ceyhun ABASOV

 





15.12.2018    çap et  çap et