525.Az

Rusiya dövlət müşaviri: “Paşinyan Putinin səviyyəsində deyil”


 

ERMƏNİSTANDA ANTİ-RUSİYA ƏHVAL-RUHİYYƏSİ GÜCLƏNİR, MOSKVADAN İŞĞALÇI ÖLKƏ HAKİMİYYƏTİNƏ TƏZYİQLƏR ARTIR

<b style="color:red">Rusiya dövlət müşaviri: “Paşinyan Putinin səviyyəsində deyil”</b>

Rusiya prezidenti Vladimir Putinin Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyanı təbrik etməməsi işğalçı ölkədə mətbuatının gündəmində olan əsas mövzulardan biridir.

Müxtəlif erməni sayt və qəzetləri bu məsələni Paşinyanın Kremldə nüfuzlu siyasətçi kimi qəbul olunmaması ilə əlaqələndirir, Rusiya prezidenti Vladimir Putinin bir neçə dəfə Ermənistan baş nazirinə qarşı atdığı oxşar addımları nümunə çəkir. Xüsusilə Putinin öz iqamətgahında Paşinyanı qəbul edərkən onu xeyli gözlətməsi, Ermənistanın baş nazirinə qarşı faktiki hörmətsizlik göstərməsi münasibətlərdə ciddi gərginliyin olduğunu ortaya qoyur. Bu mənada, Paşinyana yaxınlığı ilə seçilən media orqanları Rusiyaya qarşı kəskin fikirlər səsləndirir, digərləri isə hazırki vəziyyətin yaranmasının bilavasitə səbəbkarı kimi erməni baş nazirinin günahkar olduğunu qeyd edirlər.

Rusiyanın dövlət müşaviri, “Regnum” agentliyinin rəhbəri Modest Kolerov erməni mətbuatına açıqlamasında bildirib ki, Rusiya prezidenti V.Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən N.Paşinyanı təbrik etməməlidir: “Bu, Rusiya prezidentinin səviyyəsində olan hadisə deyil. Bu, Rusiyanın baş naziri Dmitri Medvedev və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin cavabdehlik daşıdığı məsələdir”.

M.Kolerov hesab edir ki, Rusiya rəsmiləri tərəfdən təbrikin gecikməsi Ermənistanın keçmiş prezidneti Robert Koçaryanın həbsi ilə də əlaqadar ola bilər.

Almaniyalı politoloq Aleksandr Rar isə hesab edir ki, təbriklər bağlı gecikmələr iki ölkə arasında münasibətlərdə inamsızlıq mühtinin yaranması ilə əlaqədardır. Onun sözlərinə görə, bu, həm də tərəflər arasında hansısa ciddi problemin olmasından xəbər verir: “Hətta, bundan sonra Rusiya tərəfindən təbrik gəlsə, bu, hansısa problemin olduğunu istisna etmir. Yəqin ki, Ermənistan rəhbərliyi artıq söhbətin nədən getdiyini, problemin nədə olduğunu başa düşüb”.

Həmçinin, Rusiya prezidenti ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  digər üzv dövlətlərinin rəhbərlərinin də oxşar addım atması - Paşinyanın “qələbə”sinə laqeyd münasibət göstərməsi onsuzda soyuqluq hökm sürən münasibətlərin mənfi məcrada irəliləyəcəyini deməyə əsas verir. KTMT-nin baş katibi olmuş Yuri Xaçaturovun Ermənistanın tələbi ilə bu postdan uzaqlaşdırılmasından sonra növbəti namizədin işğalçı ölkədən olmasına imkan verilməməsi fonunda tərəflər arasında ziddiyyətlərin artacağı artıq keç kimə sirr deyil. Məhz son günlər Ermənistanda KTMT və Avrasiya İqtisadi İttifaqına qarşı başlayan əks-təbliğat fəaliyyəti bundan xəbər verir.

Bu günlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev KTMT baş katibi vəzifəsinə Belarusun namizədliyini irəli sürdüyü Stanislav Zasyanı qəbul edib. Nazarbayev qeyd edib ki, Sankt-Peterburqda dövlət başçıları Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasyanın namizədliyini dəstəkləməyi qərara alıblar.

Eyni zamanda, işğalçı ölkədə səslənən tələblər arasında Gümrüdəki rus hərbi bazasının ləğvi məsələsi də aktuallığını artırıb. Gümrüdə yaşlı qadının rus hərbçisi tərəfindən öldürülməsi haqda xəbərlər həm yeni hakimiyyətə qarşı, həm də Rusiyaya qarşı istifadə edilir. Çünki əvvəl belə hadisə baş verəndə köhnə hakimiyyət daha çevik reaksiya verir, araşdırma aparılırdı. Bu dəfə qadının qızı anasının rus hərbçiləri tərəfindən öldürülməsini inkar etsə də, erməni mediası qəsdən ajiotaj yaratmağa çalışır.

“Jamanak” qəzeti isə yazır ki, Ermənistanın yeni hakimiyyəti kriminal aləmin üzvləri ilə sıx əməkdaşlığa başlayıb. Bu əməkdaşlığın nəticəsi olaraq, keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın Çexiyada aşkar edildiyi bildirilir. Qeyd olunur ki, Ermənistan İnterpolun xətti ilə N.Sarkisyanı axtarışa versə də, nəticə əldə edə bilməyib. Bundan sonra N.Sarkisyanın tapılması üçün ermənilərin kriminal dairələri işə qarışıb. Əməkdaşlıq nəticəsində S.Sarkisyanın qardaşı oğlunun tapılması mümkün olub.

Ceyhun ABASOV

 





15.12.2018    çap et  çap et