“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 30 avqust-Beynəlxalq İtkinlər Günü ilə bağlı tədbir keçirib
Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 30 avqust-Beynəlxalq İtkinlər Günü ilə bağlı tədbir keçirib. Təşkilatdan verilən məlumata görə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, bu gün dünyada minlərlə, bəlkə də milyonlarla itkin düşmüş, münaqişə zonalarında, müharibə meydanlarında həlak olmuş, meyitləri bu günə kimi qaytarılmayan naməlum şəxslərin, şahidsiz əsir-girov götürülmüş, müxtəlif məqsədlər üçün tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunur. Onun sözlərinə görə, bu gün dünyanın hər bir yerində itkin düşmüş insanların acı və faciəli taleyinə ehtiram olaraq onların yaxınlarına xoş xəbər vermək təsəllisi ilə dəstək olmaq üçün qeyd edilir: “Dünyanın bir çox təşkilatları hər il itkin düşmüş şəxslərlə bağlı hesabatlar hazırlayırlar. Lakin heç bir hesabatda itkin düşmüş insanların sayı dəqiq deyil, çünki ən nüfuzlu təşkilat belə bu hesabatları hazırlamaqda acizdirlər. Dünyanın bir çox münaqişə bölgələrində- XX əsrin 70-ci illərində Kiprdə, 90-cı illərində Yuqoslaviyada etniq münaqişə zəminində baş vermiş əməliyyatlarla bağlı taleyi bu günə kimi bəlli olmayan itkin düşmüş şəxslər var. Fələstində, İraqda müharibələr başa çatsa da həmin ərazilərdə on minlərlə insan itkin düşüb. Bu gün Suriyada baş verən terror əməliyyatları zamanı yüzlərlə insan itkin düşüb. Nə qədər ağır olsa da unutmamalıyıq ki, hər bir rəqəmin arxasında həmin şəxsin ölüsünü və ya dirisini gözləyən, ailə üzvləri, qohum və tanışları, illərdən bəri psixoloji gərginlik içində yaşayan onlarla insan həyatı durur. Bu çox ağır insan taleyidir. Beynəlxalq humanitar hüquq normalarına görə müharidə gedən ərazilərdə həlak olanların, əsir-girov götürülənlərin qeydiyyatı aparılmalıdır. Lakin Ermənistan-Azərbaycan müharibəsi zamanı dünyada əsir-girov-itkin problemini tənzimləyən yeganə beynəlxalq təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları qızğın döyüşlər gedən ərazilərdə iştirak etmədikləri üçün dəqiq qeydiyyat aparılmayıb. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız itkin düşüb. Ermənistanın-Azərbaycan müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın sayı 4033 nəfərdir. Onlardan 3260 nəfər hərbiçi, 772-si isə mülki səxslərdir. 3 nəfərin isə hərbiçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərin 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəxslərdir ki, onlardan 154 nəfəri qadınlardır. İtkinlərin 46 nəfəri yetkinlik yaşına çatmayanlardır ki, onların 16 nəfəri azyaşlı qızdır. Düşünürük ki, tezliklə itkinlərimizin taleyinə aydınlıq gətiriləcək, əsir-girovlarımız yaxın vaxtlarla əzizlərinə qovuşacaqlar. Bu gün tədbiri keçirməkdə məqsədimiz Ermənistan-Azərbaycan müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvlərinə təsəlli vermək, onların dərdinə şərik olmaq, onlara mənəvi dəstək olmaqdır”.
Esmira Orucova təkliflə çıxış edərək bildirib ki, dövlət səviyyəsində itkinlər və ya əsirlər, girov günü təsis olunsun və bu kateqoruyadan olan ailələrin üzvləri və əsir və girovluqdan qayıdanlar həmin günü yürüş edərək dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltsin. O, bu gün belə insanlara mənəvi dəstəyə ehtiyacı olduğunu diqqətə çatdırıb.
Tədbirdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Binəqədi rayon İcra Hakimiyyətinin, eləcə də əsir və girovluqdan qayıdanlar və onların ailə üzvləri iştirak edib.
Tədbirin sonunda əsir və girovluqdan qayıdanlar və onların ailə üzvlərinə qeyri-ərzaq humanitar yardımı verilib.
çap et