525.Az

Səhiyyə sisteminin inkişafı istiqamətində atılan növbəti addım


 

İLHAM ƏLİYEV: "BU GÜN SƏHİYYƏ SAHƏSİNDƏ YÜRÜDÜLƏN SİYASƏTİN MƏQSƏDİ AZƏRBAYCAN VƏTƏNDAŞLARININ SAĞLAMLIĞINI VƏ YÜKSƏK SƏVİYYƏLİ TİBBİ XİDMƏT ALMAQ İMKANINI TƏMİN ETMƏKDİR"

<b style="color:red">Səhiyyə sisteminin inkişafı istiqamətində atılan növbəti addım</b>

Azərbaycanda müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir.

Səhiyyə sistemində aparılan ardıcıl islahatlar nəticəsində bu gün bu sahə yeni, müasir mərhələyə qədəm qoyub.

Bu istiqamətdə atılan addımlardan biri kimi, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra fəaliyyətə başlamasını qeyd etmək olar.

İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev son dövrlər ölkədə səhiyyə sisteminin inkişafı, müasir tələblərə uyğun şəkildə qurulması istiqamətində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib.

Dövlət başçısı bildirib ki, son 15 il ərzində təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib: "Bu gün ölkəmizin istənilən yerində yüksək keyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir. Əminəm ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq. Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər".

Son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşının hər il pulsuz tibbi müayinədən keçdiyini, aşkar edilən xəstəliklərin müalicəsinin aparıldığını deyən prezident qeyd edib ki, Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir: "Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir".

Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə bu sahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən, səhiyyə sahəsində aparılan işlər yüksək qiymətə layiqdir. Həmçinin, Dünya Səhiyyə Təşkilatı bizim işimizi yüksək qiymətləndirir. Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Nəticə də ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam həyat tərzi sürsün, pis vərdişlərdən uzaq olsun. Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var".

Son dövrlər səhiyyənin inkişafı istiqamətində görülən işlərlə bağlı fikirlərini bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov qeyd edib ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışı bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin prioriteti sosial istiqamətdir. O, SİA-ya bildirib ki, sosial siyasət insanların rifah halının yaxşılaşdırılması və sağlamlığına yönəlib.

Sosial sahədə səhiyyənin xüsusi yeri olduğunu deyən deputat qeyd edib ki, son 15 ildə görülən işlər nəticəsində Azərbaycanın ən ucqar bölgəsində belə yeni tibb məntəqələri fəaliyyət göstərir.

İ.Məmmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun ən müasir avadanlıqlarla təchiz olunması ölkəmizdə insanların sağlamlığına verilən böyük önəmin göstəricisidir: "Müasir avadanlıqlar xəstəliklərin vaxtından əvvəl aşkarlanmasında mühüm rol oynayır. Bu gün vərəm xəstəliyi ilə mübarizə aparmaq üçün ən müasir xəstəxanalar, avadanlıqlar mövcuddur. Bütün bunlar insanların profilaktik müayinələrdən keçməsinə imkan verir. Bunun da nəticəsində xəstəlikləri vaxtından əvvəl aşkar edərək, tez bir zamanda müalicə etmək mümkün olur".

Deputat əlavə edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişaf göz qabağındadır: "Bu sahə ilə bağlı ayrı-ayrı dövlət proqramları həyata keçirilir. Buraya onkoloji, şəkərli diabet, hemodializ xəstələrinin dərman preparatları ilə təmin olunması da daxildir. Bu proqramların həyata keçirilməsi üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılır ki, sözügedən xəstəliklərin qarşısı alınsın, insanlar sağlam və rahat yaşasınlar".

İ.Məmmədov sözlərinə görə, ölkəmizdə səhiyyə sahəsində kadrların hazırlanması məsələsinə də xüsusi önəm verilir: "Bu gün ölkəmizdə ən ağır əməliyyatlar belə uğurla icra edilir. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub".

Ceyhun ABASOV

 





19.12.2018    çap et  çap et