525.Az

Himnlə bağlı qanun layihəsi müzakirələrə səbəb oldu


 

Himnlə bağlı qanun layihəsi müzakirələrə səbəb oldu <b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə və qəbul edilib.

Layihə 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir. Qanunun 6-cı (Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin, səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır: Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək), himn ifa edilən zaman Azərbaycanın Dövlət Bayrağı qaldırılarsa (asılarsa), Dövlət Bayrağına tərəf baxmaq, "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin Dövlət Himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən, Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir. Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir. Qanun layihəsinin 7-ci (Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir. Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır. 

Qənirə Paşayeva: "Cəmiyyətimiz daha çox Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır" 

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu gün çox təəssüflər olsun ki, illərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Onun sözlərinə görə, cəmiyyətimiz isə bu məsələdə daha çox Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır: "Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış şəxsidir. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ, polemika artıq cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtəni qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir. Mövzunun da polemikaya ehtiyacı yoxdur. Bu himn cümhuriyyət tarixi ilə yaşıddır.  "Hüququndan keçən əsgər" kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o, xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət var, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq". 

Tahir Kərimli: "Müzakirələr əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu"

"Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən oranjeman olunacaq". Bunu isə deputat Tahir Kərimli deyib. Deputat qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətli və keyfiyyətli olmalıdır. T.Kərimli həmçinin söyləyib ki, Müsavat Partiyasının başqanı himnin sözlərinin dəyişməz olduğunu deyir: "Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də, onun ittihamlarını qəbul etmirəm".

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





19.12.2018    çap et  çap et