525.Az

Minskdə Bakı ilə münasibətlərin strateji əhəmiyyətini yaxşı anlayırlar


 

<b style="color:red">Minskdə Bakı ilə münasibətlərin strateji əhəmiyyətini yaxşı anlayırlar</b>

"Rəsmi Minsk Bakı ilə münasibətlərin strateji əhəmiyyətini çox yaxşı başa düşür və Azərbaycanın təhlükəsizliyini strateji vəzifə kimi görür".

Bu barədə Belarusun Milli Elmlər Akademiyasının əməkdaşı, politoloq Petr Petrovski son zamanlar baş verən hadisləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko  rusiyalı jurnalistlərlə görüşündə Minskin rəsmi mövqeyini bir daha aydın bəyan etdi: "Nədənsə, Belarus-Azərbaycan münasibətləri daha çox erməni mənşəli olan rusiyalı jurnalistləri maraqlandırır. Belarus prezidenti ilə görüşdə demək olar ki, onların hamısının sualları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT),  Ermənistan və Azərbaycan, Belarusun KTMT məsələsində nə üçün Ermənistana güzəştə gedə bilməməsi ilə bağlı idi. Prezident Aleksandr Lukaşenko isə çox əsaslı cavablar verdi: bəs niyə Ermənistan bütün digər KTMT üzvlərinə güzəştə gedə bilmir? Bu, ritorik əks sual Ermənistan rəhbərliyi bu gün hansı vəziyyətdə olduğunu göstərir".

Politoloqun sözlərinə görə, təşkilatın bütün üzvləri yekdilliklə KTMT baş katibi vəzifəsinin Belarusa ötürülməsi təklifini dəstəkləyirlər: "Ermənistan tərəfi isə Belarusun Azərbaycanla əməkdaşlıq etməsindən ritorik üsul kimi istifadə edilə bilməz. Xatırlatmaq yerinə düşər ki, KTMT-nin bütün digər üzvləri də Azərbaycanla sıx əməkdaşlıq edirlər. Belarus üçün Azərbaycanla əməkdaşlıq strateji xarakter daşıyır, bu il biz iki ölkə arasında ticarətin həcmini üç dəfə artırmışıq,  Bakıda Belarus Ticarət Evi fəaliyyət göstərir, Minskdə böyük bir kompleks var - Azərbaycan Evi. Bütün bunlar Minsk və Bakının əlaqələrin inkişafına yüksək səviyyədə maraq göstərdiklərini nümayiş etdirir. Bundan başqa, Belarus hesab edir ki, Azərbaycanı KTMT-yə qarşı qoymaq yolverilməzdir".

Petr Petrovski uzaq olmayan tarixi xatırlatmağa ehtiyac duyub: "Əgər tarixi xatırlasaq, Azərbaycan bu qurumun həmtəsisçilərindən biri idi və o dövrdə Ermənistan Azərbaycanla eyni masada əyləşməyə qarşı çıxmırdı. Buna görə də sadə, ibtidai, kifayət qədər effektivsiz diplomatik ritorika cəhdlərindən ibarət olan bütün bu çıxışlar ilə rəsmi Minskə təzyiq göstərilməyə çalışılır və son nəticədə heç nəyə nail ola bilmirlər. Bu cəhdlər həm Ermənistanın daxili siyasi mətbəxi və digər KTMT ölkələri üçün mənasızdır".

O, həmçinin qeyd edib ki, 2019-cu ildə İranla azad ticarət zonası açılır və İranın Avrasiya İqtisadi Birliyi ilə əsas marşrutları Azərbaycan ərazisindən keçəcək: "Belarus və Rusiya Azərbaycanın Avrasiya məkanına daha dərindən inteqrasiya etməsində maraqlıdır, çünki bu, Şimali-Cənub və AİB-İran xətti üzrə əsas tranzit marşrutudur.

Rəsmi Minsk heç vaxt Bakını KTMT və AİB qarşı qoyulmasına yol verməyəcək. Ümumiyyətlə, strateji perspektivdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli barədə düşünmək lazımdır ki, Cənubi Qafqaz anlaşılmaz qarşıdurmaların mərkəzi deyil, əməkdaşlıq, logistika mərkəzinə çevrilsin. Bu əsas məsələlər həll edilməsə, iqtisadiyyat inkişaf etməsə, regionda sabitlik və təhlükəsizlik davamlı ola bilməz".

Politoloq əlavə edib ki, Belarus Azərbaycana və onun təhlükəsizliyinə strateji bir vəzifə kimi baxır və buna görə onu "Polonez" raket komplekslərilə təmin edir: "Azərbaycanın Belarusa onun çətin günlərində - 2010-cu ildə 900 milyon dollar yardım göstərməsi barədə məlumatı prezident Lukaşenko rusiyalı jurnalistlərlə görüşdə verdi. Təəssüf ki, rusiyalı tərəfdaşlarımız o zaman Belarusa qarşı sərt və qeyri-konstruktiv bir mövqe tutmuşdular. Həmin an Bakı Minskin strateji tərəfdaşı olduğunu nümayiş etdirdi. Məhz Azərbaycan çətin anlarda Belarusun antiböhran tərəfdaşı olduğunu sübut etdi. Buna görə də Belarus, Moskvada da daxil olmaqla bəzi yanlış anlayışlara baxmayaraq, Bakını "Polonez" kompleksləri ilə təmin etməklə yalnız sözdə deyil, əməldə də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ortaya qoydu. Bu silahlar hələ Belarusun özünün Silahlı Qüvvələrinə tam şəkildə daxil edilməyib, amma Azərbaycana tədarük edilir. Beləliklə, Minskdə Bakı ilə münasibətlərin tam strateji əhəmiyyətini dərk edirlər".

Xatırladaq ki, prezident Lukaşenkonun bir neçə gün əvvəl rusiyalı jurnalistlərlə görüşdə verdiyi açıqlamalar yerli və xarici mediada böyük maraqla qarşılanıb.

Lukaşenko 2010-cu ildə ölkəsi üçün həyati əhəmiyyət daşıyan məqamda Azərbaycanın yardımından danışıb: "Mən Rusiyaya təcili 900 milyon dollar qaytarmalı idim. Mənə doğma qardaşlar təzyiq göstərməyə başladılar, qazı kəsdilər. Zəng vurdum: İlham, deyirəm, (Azərbaycan prezidenti İlham Əliyev - red.) mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Amma mənə pul sabah lazımdır. Mən Putinə 900 milyon verməyə məcburam. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu, çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə həmçinin".

Belarus liderinin başqa bir maraq kəsb edən açıqlaması isə Nikol Paşinyanla bağlı olub. Belə ki, Lukaşenko Azərbaycana silah satışı ilə bağlı İrəvanın Minskin ünvanına səsləndirdiyi tənqidlərə toxunaraq MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla söhbətinin təfərrüatlarını danışıb: "İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyan - red.) dedim: "Nikol, gəl məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yeri hansı ölkə tutur? Rusiya. Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan? Bu siyahıda Belarus - "Polonez"ləri nəzərə almaqla - 4 və ya 5-ci yeri tutur. "Polonez"lər yoxdursa, 10-cu olacağıq. Mənə hücum edirsən ki, başqaları anlasın? Sən de, mən susacağam". Söhbət belə oldu. Mən nədə haqsızam? İndi mən antierməni sayılıram? Bizdə ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda".

Qeyd edək ki, Ermənistanın Respublika partiyası siyasi şurasının sədri Aram Sarkisyan Lukaşenkonun haqlı olduğunu deyib: "Lukaşenko haqlıdır, əgər KTMT-də nəsə söyləyəcəyiksə, onda bizim sözümüz ilk növbədə strateji tərəfdaşımıza, Ermənistanın əsas müttəfiqinə, Azərbaycana bir nömrəli silah satıcısına, yəni Rusiyaya istiqamətlənməlidir. Amma mənim fikrimcə, danışmaq mənasızdır: biz sadəcə olaraq səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı daha da aktivləşdirməliyik, belə olan halda bizə qarşı olan davranış mütləq şəkildə dəyişəcəkdir. Əminəm ki, bizə Rusiya nə qədər lazımdırsa, Moskvanın bizə iki dəfə artıq ehtiyacı var, əks halda onların sərhədləri Krasnodar ərazisindən keçəcək", Sarkisyan deyib.

PƏRVANƏ

 





19.12.2018    çap et  çap et