525.Az

Qoşqar Təhməzli ABŞ səfirliyinin müvəqqəti işlər vəkiliylə görüşdü


 

Qoşqar Təhməzli ABŞ səfirliyinin müvəqqəti işlər vəkiliylə görüşdü<b style="color:red"></b>

Dekabrın 17-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gillin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AQTA-dan verilən məlumata görə, görüşdə müdafiə üzrə attaşe, polkovnik Adam Kavlik və Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) ölkə üzrə rəhbəri, mayor Kourtney Olson də iştirak ediblər.

Görüşdə AQTA sədri nümayəndə heyətinə agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin, tərəflər Bioloji Təhlükənin Azaldılması Proqramı üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Q.Təhməzli ölkədə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi və effektiv nəticənin əldə edilməsi məqsədi ilə agentlik əməkdaşlarının, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında çalışan işçilərin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA) tərəfindən təlimlərə cəlb edilməsinin önəmini vurğulayıb. İnsan resurslarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayan AQTA sədri nümayəndə heyətinə beynəlxalq standartlara uyğun laboratoriyaların qurulmasında Azərbaycanla sıx əməkdaşlıq etməyi təklif edib.

Səfirliyin müvəqqəti işlər vəkili U.Gill isə səmimi qarşılanmaya görə AQTA sədrinə minnətdarlığını bildirib və Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması sahəsində iki ölkə arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

C.ABASOV

 





19.12.2018    çap et  çap et