525.Az

Yaxşılıq etmək üçün yaşayan insan


 

Yaxşılıq etmək üçün yaşayan insan<b style="color:red"></b>

Cəmiyyət - çəmənliyi, yaxşı insanlar - oradakı gülləri xatırladır. Güllərin sayı nə qədər çoxdursa, çəmənlik bir o qədər ətirli və xoş olar. Bu isə təbiətin gözəlliyini göstərməklə yanaşı, cəmiyyətin zənginliyini ifadə edir. Nəticə etibarı ilə cəmiyyətin zənginliyi onun hər bir üzvünün mənəvi rahatlığını artırır, daxili aləmini gözəlləşdirir.

Həzrəti Peyğəmbərimiz buyurub ki, bir insanın əsl zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardır. Bu keyfiyyətləri ömrü boyunca özündə yaşadan insanlardan biri də tarix elmləri namizədi, dosent Abutalıb Ağa oğlu Qasımov olub.

Tanınmış ictimai-siyasi xadim, gözəl ziyalı, yorulmaz elm adamı və alim, hər kəs tərəfindən sevilən insan Abutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində kolxozçu, kəndli ailəsində anadan olmuşdu. 1973-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdi. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonu Cəfər Cabbarlı adına kolxozda fəhlə kimi çalışan A. Qasımov 1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdu. A.Qasımov 1975-1979-cu illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmiş, 1979-1984-cü illərdə Culfa rayonunun Saltaq kənd orta məktəbində müəllim, 1984-1990-cı illərdə həmin məktəbin direktoru olmuşdu.

Abutalıb Qasımov tədris sahəsindəki səmərəli fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlara da böyük maraq göstərir, səlis, düzgün və qəbul edilən təhlilləri ilə bu sahədə yeni yollar açırdı. Azərbaycan tarixinin öyrənilməsində və çoxsaylı səhifələrinin araşdırılmasında, elmi cəhətdən dolğun əsaslandırılmış nəticələrin tədqiqat dövriyyəsinə cəlb edilməsində mühüm xidmətləri onu yetkin elm adamı kimi formalaşdırırdı. A. Qasımov elmi ictimaiyyət tərəfindən qəbul edilən alim idi. Qeyd edək ki, o, 1988-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsil almış, həmin elm ocağını bitirərək, namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdı.

Abutalıb Qasımov bütün bunlarla yanaşı, həm də dövlət quruculuğu proseslərində də yüksək etimad qazanmış etibarlı kadr idi. Məhz buna görə də 1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri və 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi vəzifələri ona tapşırılmışdı.

Hədsiz səmimiliyi, qərəzsizliyi, humanistliyi, fəaliyyətin daha çox stimullaşdırıcı mexanzimlərlə qurulması sahəsindəki çevikliyi ilə diqqəti çəkən A. Qasımov 1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Universitetinin elmi katibi vəzifəsinə təyin edilmişdi. Həmçinin, o, adıçəkilən təhsil ocağının Azərbaycan tarixi kafedrasında baş müəllim işləmiş, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində fəaliyyətini uğurla davam etdirmişdi. Bu dövrlərdə həm elmi katib kimi, həm də müəllim kimi gənc kadrların hazırlanmasında və onların müstəqil Azərbaycan dövlətinin davamlı inkişafındakı uğurlarında dəyərli alimin unudulmayan xidmətləri olmuşdu. Bu gün ixtisaslaşmış çoxsaylı kadrlar var ki, onlar öz fəaliyyətindəki nailiyyətlərində Abutalıb Qasımovun adını böyük sevgi ilə, sonsuz məhəbbətlə, tükənməyən hörmət və ehtiramla çəkirlər. Bu isə təbii ki, böyük qürur və iftixar yaradan amillərdir.

Bu gün Azərbaycan Respublikası müasir müstəqilliyimizin çiçəklənmə və tərəqqi dövrünü yaşayır. Bu mühüm proseslərdə 1992-ci ilin 21 noyabr tarixində Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının böyük və qürurverici rolu var. Məhz həmin dövrdə Abutalıb Qasımov sədaqətli yoldaşlarla birgə Yeni Azərbaycan Partiyasının həmişəyaşar qurucusu, böyük Heydər Əliyevin xeyir-duası və rəhbərliyi ilə xilaskarlıq missiyasına başlayan Partiyanın yaradılması yolunda yorulmadan fəaliyyət göstərirdi.

A.Qasımovun qazandığı böyük etimad onu 1994-cü ilin oktyabr ayından 1995-ci ilin dekabr ayınadək Naxçıvan Muxtar Respublikasının Təhsil naziri, 1995-ci ilin dekabr ayının 23-dən 2000-ci il dekabr ayının 7-dək (səlahiyyət müddəti qurtarana qədər) Naxçıvan Muxtar Respublikasın Ali Məclisi sədrinin birinci müavini vəzifələrinə qədər yüksəltmişdi. O, eyni zamanda, 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdu.

Görkəmli tarixçi alim Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının muxtar ərazi taleyi haqqında elmi cəhətdən dolğun şəkildə əsaslandırılmış çoxsaylı araşdırmaları ilə yadda qalıb. Dosent Abutalıb Qasımov tədqiqatlarında göstərirdi ki, Naxçıvan tarixini öyrənmək, tədqiq və təbliğ etmək, təkcə bu günümüzə, sabahımıza deyil, gələcəyimizə ən layiqli xidmətdir. Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan torpağına və Azərbaycan tarixinə məhəbbətin bariz nümunəsidir.

A.Qasımov bütün bu mövzularla bağlı elmi yaradıcılıqlarını böyük sevgi ilə davam etdirir, tədqiqatlarında Azərbaycana bağlı Naxçıvan tarixinin müxtəlif problemləri geniş şərh olunurdu. Məhz bu mövzuları müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda - Tehranda (1996-cı il iyun, İran), İğdırda (1997-ci il oktyabr, Türkiyə), Vanda (1998-ci il aprel, Türkiyə), Moskvada (1998-ci il may, Rusiya), Vaşinqton (1998-ci il iyun, ABŞ), Tbilisidə (1999-cu il iyun, Gürcüstan), Qarsda (1999-cu il dekabr, Türkiyə), İstanbulda (2000-ci il iyun, Türkiyə) məruzələrlə bəyan edir, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında fəallıq göstərirdi.

Müdriklərdən biri belə deyirdi: Elm - beyini, sənət - ürəyi, din - ruhu qidalandırır. Məhz Abutalıb Qasımov həm alimliyi, həm müəllimliyi, həm də Allaha təmiz qəlblə bağlılığı ilə özünü sevdirməyi bacarırdı. Dostluğa önəm verən, sədaqətliliyi üstün tutan, insanların yanında olan, məsafələrin yaxın və ya uzaqlığından asılı olmadan sevinc və kədərləri bölüşməyi bacaran biri idi. Bütün bunlar Abutalıb Qasımova həm də el ağsaqqalı kimi məhəbbəti daha da artırırdı. Verdiyi xeyir-dualar, nəsihətlər, məsləhətlər və göstərdiyi yollar hər kəsin işində aydın və uğurlu nəticələr gətirirdi.

Məsəl var, deyir, harda nə qədər dostun varsa, orda o qədər də evin var. Məhz onun muxtar respublikamızın və ölkəmizin regionları üzrə çoxsaylı dostlarının olması hər yerdə yüksək doğmalıqla bəzənən evlərinin varlığını göstərirdi.

Heç zaman unutmaram,  Abutalıb müəllim deyirdi ki, münasibətləri qorumaq və saxlamaq üçün insana bir ürək bəs etmir. Gərək bir neçə ürəyin ola. Neçə ürəyim olsa, hamısında insanlara mehribanlıqla və səmimiyyətlə yaşayacam. Buna görə də Abutalıb Qasımovu tanıyan hər kəs onun haqqında yalnız ürəklə və ehtiramla xoş sözlər danışır. Onunla on dəqiqə ünsiyyətdə olmaq kifayət edirdi ki, ürəyinin böyüklüyünü, humanistliyini, çox yüksək hörmət və ehtirama malik və layiq olduğunu görə biləsən.

Tarixçi alim Abutalıb Qasımovun yaşadığı ömür və keçdiyi həyat yoluna nəzər saldıqda, müdriklərin fikirlərini xatırlayıram: böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür və yaxud dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır. Bəli, həqiqətən də belədir. Abutalıb müəllim qürurlu və nurlu insan, sevilən ziyalı, dəyərli alim, insanlara hörmətlə yanaşmağı bacaran şəxsiyyət, hörmətlə xatırlanan müəllim, gözəl ailə başçısı, məsləhətlərinə hər zaman ehtiyac duyulan ağsaqqal, söhbətlərinə doyulmayan natiq, dostluğa, vətəninə, elinə, obasına, xalqına, dövlətinə, rəhbərinə, əqidəsinə sadiqlik məktəbi idi. Heç bir zaman naşükür olmayan, əksinə, hər anını şükürlə keçirən, çətinlikləri imtahan kimi qəbul edib, ürəyini Allaha bağlayaraq, Ondan səbr və güc istəyən, nəticədə sınaqlardan uğurla çıxan bir ziyalı idi. Təəssüf ki, belə bir insan, ziyalı, zəka, alim, sevilən birisi bizi vaxtsız tərk etdi. Abutalıb Ağa oğlu Qasımov ömrünün 63 yaşı haqlayacağı bir vaxtında, 11 dekabr 2018-ci ildə dünyasını dəyişdi.

Abutalıb müəllim ömrünü sevgi üzərində qurmuşdu. Orada valideynə, ailəyə, qardaşa, bacıya, dosta, tanışa, insana, insanlığa, cəmiyyətə, vətənə, torpağa, ağsaqqala olan tükənməz sevgi yer alırdı. Onun bütün həyatı qürur dolu bir nümunədir. O, özündən sonra bu keyfiyyətləri layiqincə qorumağı və davam etdirməyi bacaran əsilli və nəsilli övladlar qoyub.

Allah rəhmət eləsin!

Cavadxan QASIMOV 

 





19.12.2018    çap et  çap et