525.Az

Sevinc Fətəliyeva: "Valideynlərlə fərdi qaydada söhbət aparılmalıdır"


 

Sevinc Fətəliyeva: "Valideynlərlə fərdi qaydada söhbət aparılmalıdır"<b style="color:red"></b>

"Qızların təhsildən yayındırılması, onların erkən nikahlara cəlb olunması məsələləri ağrılı və düşündürücü məsələlərdir. Hesab edirəm ki, bu məsələlərlə bağlı problemlərin önlənməsi, həll olunması üçün ilk növbədə valideynlərlə söhbətlər aparılmalıdır".
 
Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, əgər hansısa valideyn öz qızını təhsildən uzaqlaşdırırsa, erkən nikahlara məcbur edirsə, deməli, burada problem ilk növbədə  həmin valideynin özündədir.

Millət vəkili bildirib ki, bu da həmin şəxslərin savadsız, dünyagörüşlərinin dayaz, məhdud olmasından, müasir dövrün reallıqlarını anlamamalarından qaynaqlanır.

"Bildiyiniz kimi, ölkəmizdə yeniyetmələrin, gənclərin daha mükəmməl şəkildə təhsilə yiyələnmələri üçün dövlət tərəfindən hər cür şərait və imkanlar yaradılır. Xüsusilə də, qızlar üçün daha əlverişli bir şərait yaraılır ki, onlar təhsillərini davam etdirsinlər, cəmiyyətə daha geniş şəkildə inteqrasiya olunsunlar, həyatda özlərini bir şəxsiyyət kimi təsdiqləyə bilsinlər, ölkənin ictimai, siyasi, sosial həyatnda fəal iştirakçıya çevrilsinlər. Bunların fonunda indi bu cür addımların atılması kifayət qədət təəccüb və sual doğurur. Eyni zamanda, bu kimi xoşagəlməz hallar fərdi yanaşmanı tələb edir. Dediyim kimi, belə ailələrlə, valideynlərlə fərdi qaydada söhbətlər aparılmalı, onlara bu kimi addımların heç cür doğru olmadığı, həmçinin, qanun pozuntusu olduğu izah edilməlidir. Çünki belə ailələrin, valideynlərin atdığı addımları digərləri üçün də bir "nümunə"dir. Kimlərsə qızlarını təhsildən zorla uzaqlaşdırırsa, məcburi şəkildə erkən nikahlara məcbur edirsə, bu, bəziləri tərəfindən normal hal kimi başa düşülür və qəbul edilir. Ona görə biz bir cəmiyyət olaraq bu kimi halların, zərərli tendensiyaların qabağını almalıyıq. Biz xüsusilə də maarifləndirici addımları davam etdirməliyik. İmkan verməməliyik ki, cəmiyyətimiz cahilliyə yuvarlansın" - deyə, S. Fətəliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





20.12.2018    çap et  çap et