525.Az

“Şəhid ailələri və Qarabağ əlilləri dövlətin güclü qayğısı ilə əhatə olunub”


 

AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN HƏRBİYÖNÜMLÜ QHT-lər SON GÜNLƏR DÖVLƏT ƏLEYHİNƏ ÇİRKİN TƏBLİĞAT APARANLARIN MÖVQE VƏ ƏMƏLLƏRİNİ QƏTİYYƏTLƏ PİSLƏYİR

“Şəhid ailələri və Qarabağ əlilləri dövlətin güclü qayğısı ilə əhatə olunub”<b style="color:red"></b>

Dekabrın 19-da Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ofisində hərbiyönümlü QHT-lərin birgə toplantısı keçirilib.

Toplantı son günlər Azərbaycan dövləti və rəhbərliyinin əleyhinə, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı xaricdə aparılan çirkin kampaniyaya, bu yöndə səsləndirilən böhtanlara, əsassız iddialara etiraz məqsədilə təşkil olunub.

Əvvəlcə tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbiri açıq elan edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, dövlət əleyhinə çirkin kampaniya aparanların mövqeyi cəmiyyətdə çox ciddi hiddət, kəskin narazılıq doğurur: “Cəmiyyətimizə, vətəndaşlara məlumdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl iştirakçılarına, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi veteranlarına və ailələrinə, qaçqın və məcburi köçkünlərə daima böyük qayğı ilə yanaşır. Dövlət başçısı sosial cəhətdən qayğıya ehtiyacı olanların güzəranının, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daima diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Xüsusən şəhid ailələri, Qarabağ əlilləri dövlətin güclü qayğısı ilə əhatə olunub. Onlara qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində olub. İcra olunan layihələr nəticəsində, həmin qəbildən olan onminlərlə insanın sosial vəziyyəti yaxşılaşmaqdadır. Bu gün sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirilir. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, eləcə də digər bu kimi təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin başlıca tərkib hissəsidir. Həmin kateqoriyadan olan insanların müvafiq sosial təminat növləri - pensiya, müavinət, Prezident təqaüdü ayrılması üçün davamlı işlər aparılır, bütün bunların mütəmadi olaraq artırılması təmin edilir. Digər tərəfdən, konkret sosial proqramlarla şəhid ailələri və Qarabağ əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Bundan əlavə, qanunvericilikdə bu təbəqələrdən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapır. Bütün bunlar deməyə əsas verir ki, aparılan çirkin kampaniya bütünlüklə qarayaxmadır, onun heç bir əsası yoxdur”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxışında qeyd edib ki, ölkə rəhbərinin diqqəti sayəsində şəhidlərin, Milli Qəhrəmanların, Qarabağ əlillərinin, qaçqın və məcburi köçkünlərin övladlarının ödənişsiz ali təhsil alması, əlilliyi olan şəxslərin sağlamlıq və reabilitasiya müəssisələrində müalicəsi, sanatoriyalarda istirahətinin təşkili üçün müvafiq şərait yaradılıb. Azərbaycanın istənilən bölgəsində təşkil olunan dövlət tədbirlərində bu kateqoriyadan olan vətəndaşlar daima yüksək səviyyədə iştirak edir, cəmiyyət həyatına aktiv şəkildə inteqrasiya olunurlar. Biz dövlət siyasətinə və müstəqilliyimizə kölgə salmağa çalışan, qəhrəmanlarımızın xatirəsinə hörmətsizlik edənlərin əməllərini qətiyyətlə pisləyirik. Onların bədnam mövqeyinə, çirkin niyyətlərinə, uydurma iddialarına qəti etiraz edirik”.

Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev bildirib ki, bu yaxınlarda dövlət başçısının şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi məqsədilə Fərman imzalaması, eləcə də xidmətdə fərqlənən Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun Bakının Sabunçu rayonunda inşa olunan yeni binalarda mənzillə təminatı istiqamətində atdığı addımlar cəmiyyətdə yüksək qiymətləndirilməklə bərabər, dövlətin sosialyönümlü siyasətinin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas məramı, mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır: “Ancaq təəssüf ki, Azərbaycan Prezidentinin, dövlətimizin rəhbərliyinin apardığı bu humanist, sosialyönümlü siyasətə kölgə salmaq istəyənlər də var. Əminliklə bildirmək olar ki, Azərbaycanı gözü götürməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən bəzilərinin çirkin davranışları qətiyyən xalqın, cəmiyyətin mövqeyini ifadə etmir”.

Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, eləcə də, bu kateqoriyadan olan digər vətəndaşlara göstərdiyi diqqət və qayğını görməzliyə vuranlar Azərbaycan dövləti haqqında həqiqətə uyğun olmayan, şər, böhtan xarakterli fikirlər səsləndirməklə heç nəyə nail ola bilməzlər, çünki xalq belələrinin mövqeyini rədd edir.

Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev deyib ki, dövlətimizə qara yaxan, ölkə rəhbərliyinin humanist siyasətini gözdən salmağa çalışan insanlar antiazərbaycan dairələrin çirkin tapşırıqlarını yerinə yetirirlər: “Əminik ki, belə ünsürlərin məkrli fəaliyyəti heç bir halda nəticə verməyəcək, onlar gec-tez qanun qarşısında öz layiqli cəzalarını alacaqlar”.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev bildirib ki, xalq və dövlət hər zaman öz qəhrəmanlarının, layiqli övladlarının, qayğıya ehtiyacı olan təbəqələrin yanındadır, bunun əksinə olan rəy yaratmaq istəyənlərin yolverilməz cəhdləri iflasa məhkumdur.

Ehtiyatda olan general-mayor İsgəndər Allahverdiyev vətəndaşlara, xüsusilə sosial qayğıya ehtiyacı olan qruplara böyük qayğıyla yanaşan Azərbaycan dövlətinə qarşı böhtan kampaniyası aparmağa heç kəsin haqqı çatmadığını, bunun yolverilməz olduğunu diqqətə çatdırıb.

20 Yanvar İctimai Birliyinin sədr müavini Mustafa Qaramanlı, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovniklər Hikmət Ağayev, Xətai Baxışov, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, həmçinin, digər iştirakçılar da dövlətin bu sahədəki siyasətini bəyənib-dəstəklədiklərini, Azərbaycan rəhbərliyinə qarşı qarayaxma kampaniyası aparanları ürəkdən pislədiklərini bildiriblər.

Tədbirin sonunda iştirakçı QHT-lər adından yekdilliklə qəbul edilən bəyanatda bu fikirlər yer alıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları, milli qəhrəmanlar və bu kateqoriyadan olan digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət probleminin həlli istiqamətində həyata keçirilən humanist siyasəti ürəkdən dəstəkləyirik. Qarabağ müharibəsi veteranlari, şəhid ailələri və əlilləri, Milli Qəhrəmanlar, ehtiyatda olan zabitlər, Tərxis olunmuş hərbçilər, Çernobil əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları olaraq biz bu günlərdə dövlətimiz əleyhinə çirkin kampaniya aparan Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli, Nərmin Şahmarzadə və başqa bu kimilərin mövqeyinə, əməllərinə qəti etirazımızı bildirir, dövlətimizin rəhbərliyinin məqsədyönlü siyasətinə kölgə salmağa çalışanları qətiyyətlə pisləyirik”.

Ceyhun ABBASOV



 





20.12.2018    çap et  çap et